Zərərçəkən: "Məni Cəmil Məmmədlinin əlindən zorla aldılar"
Oktyabrın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti proses keiçirlib.
Azadmediatv.com xəbər verir ki, prosesdə iş üzrə zərərçəkənlər Ağasalam Ağayev, Cavid Balaqadaşov, Aygün Abbasova, onun oğlu Coşqun və şahid Anar Abızadə ifadə veriblər.
İş üzrə sərbəst ifadə verən Ağasalam Ağayev bildirib ki, Cəmil Məmmədli ondan pul tələb etməyib. Zərərçəkənin sözlərinə görə, ondan pul tələb edən Dəyanət Məmmədov adlı şəxs olub: "Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon Təşkilatının sədri Nazim Ağayev mənə zəng vuraraq bildirdi ki, bir jurnalist kürəkənin haqqında neqativ tonda yazı hazırlayır. Mən də dedim ki, buyurub ofisə gəlsin, görüm nə məsələdir. Az sonra ofisə Cəmil Məmmədli tanımadığım bir nəfərlə gəldi. Cəmil məni həmin şəxsə göstərib dedi ki, Məhəmmədin, yəni kürəkənimin, qaynatası bu şəxsdir. Bunu deyib getdi. Məlum oldu ki, mənimlə görüşmək istəyən şəxsin adı Dəyanət Məmmədovdur. O özünü mənə jurnalist kimi təqdim etdi və bildirdi ki, kürəkənin yol təmirində qanunsuzluğa yol verib, bu barədə yazı hazırlayıram. Yazının dərc edilməmsi üçün məndən 200 manat pul istədi. Dedim ki,o qədər pulum hardadır, 80 manat verə bilərəm. O da razılaşdı. Elə ofisdəcə 30 manat verib, yerdə qalan 50 manatı da ertəsi günü verəcəyimi dedim. Dəyanətə pulu verdiyim zaman Cəmil orada olmayıb. Dəyanət Babayev həmin günün səhəri yenə gəldi və ona vəd etdiyim 50 manatı da verdim".
Dövlət ittihamçısı Samir Məmmədov zərərçəkənə Dəyanət Məmmədovun həmin pulu Cəmil Məmmədli ilə bölüşəcəyi ilə bağlı məlumatlı olub-olmadığını soruşub. Zərəçəkən bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.
Dövlət ittihamçısı bildirib ki, Ağasalam Ağayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə söylədikləri arasında ziddiyyət olduğundan ifadəsi elan olunsun. A.Ağayevin ifadəsi elan olunarrkən bəlli olub ki, istintaqa verdiyi ifadəsində o, həmin pulun Dəyanətlə Cəmilin arasında bölündüyünü deyib və jurnalistin məsuliyyətə cəlb olunmasını xahiş edib.
Ağasalam Ağayev məhkəməyə bildirib ki, o istintaqa belə ifadə verməyib: "Mən elə ifadə verməmişəm. Çünki Cəmil məndən pul istəməyib axı, pulu Dəyanətə verəndə də orada olmayıb". Məhkəmə zərərçəkənə bildirib ki, istintaqa verdiyi ifadəsini özü yazdığını imzasyla təsdiqləyib.
C.Məmmədli bildirib ki, yaşadığı ev Ağasalam Ağayevin ofisinin yaxınlığındadır. O, evə gedərkən Dəyanət Məmmədov da Ağasalam Ağayevin ofisinə gedirmiş. "Ofisi evimin yaxınlığında yerləşdiyinə görə təbii ki, orada Ağasalam Ağayevlə rastlaşdıq və mən Dəyanətə bildirdim ki, Məhəmmədin qayınatası bu kişidir. Bunu deyib çıxıb getmişəm. Ofisdə nə baş verib məlumatım olmayıb".
Zərərçəkən onun dediklərini təsdiqləyərək, Cəmillə bağlı hər hansı şikayətinin olmadığını vurğulayıb.
Zərəçəkənlərdən Cavid Balaqadaşov da məhkəmədə A.Ağayevlə eyni məzmunlu ifadə verib. O bildirib ki, atası - YAP -ın Xaçmaz rayon Təşkilatı üzrə sədri Məhəmməd Balaqadaşov - haqqında sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumat yerləşdirilib. O, bu məlumatı kimin yazdığını öyrənmək məqsədi ilə Cəmil Məmmədliyə zəng edib. Onun sözlərinə görə, Cəmili uzun illərdir tanıyıb, dostluq münasibətləri olub: "Cəmilə zəng etdim. Açığı əvvəl elə bildim ki, bunu yayan Cəmildir, lakin özündən soruşanda dedi ki, onunla əlaqəsi yoxdur, ancaq bunu kimin etdiyini öyrənə bilər. Təxminən 15 dəqiqə sonra zəng vurdu ki, sözügedən xəbəri Dəyanət Babayev yazıb. Dəyanətlə də görüşdük, o səhv elədiyini dediyi zaman Cəmilə zəng gəldi, getdi. Bundan sonra Dəyanət Məmədov maddi vəziyyətinin ağır olduğunu, maşınını təmirə verdiyi, amma pulu olmadığını bildirdi. Mən də kömək məqsədilə ona könüllü 100 manat verdim. Amma bu pulu ona məlumatı silmək üçün verməmişəm”.
C.Balaqadaşov bildirib ki, istintaqa verdiyi ifadəsinin dəyişdirilməsindən gec xəbər tutub. "Müstəntiqə zəng vurub dedim ki, axı mən elə sözlər deməmişəm və yenidən ifadə verdim. Cəmil Məmmədlidən heç bir şikayətim yoxdur".
Daha sonra zərərçəkənlər Aygün Abbasova sərbəst ifadə verib. O bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Onun sözlərinə görə, oğluyla birlikdə 2022-ci il dekabrın 15-də xəstəxanaya gedərkən VAZ 2107 markalı avtomobili ötüblər. Həmin avtomobilin sürücüsü Anar Abizadə oğlunun idarə etdiyi avtomobili saxlatdıraraq mübahisə edib: "Oğlumu hədələdi, təhqir etdi. Mən nə qədər xahiş etdimsə, sakitləşmədi. Elə deyirdi ki, sən kimsən ki, mənim maşınımı ötəsən. Daha sonra Vüsal adlı şəxs oğlumun qollarını arxaya burub maşının üzərinə yıxdı. Oğlumu döyürdülər. Mən adamllardan kömək istədim, bu vaxt Cəmilin onu vurduğunu gördüm. Arxadan paltarının boynundan yapışıb oğlumdan aralamaq istədim. Cəmil əvvəlcə üzümə sonra isə sinəmə yumruq atdı. Bununla ürəyi soyumayıb saçlarlmdan tutub sürüdü. Məni Cəmilin əlindən zorla aldılar. Həmin zərbələrdən yaramın tikişlərim açılmışdı."
Cəmil Məmmədli A.Abasovanın dediklərinin yalanlamayıb, bildirib ki, ona qarşı irəli sürülən ittihamlardan yalnız bu ittihamla qismən razıdır və ona görə də zərərçəkənlərə heç bir sualı yoxdur.
Daha sonra məhkəmə hadisənin videogörüntüsüni nümayiş etdirib. Görüntülərdə zərərçəkən A. Abbasovanın C.Məmmədli tərəfindən döyülməsi ifadəsində göstərdiyindən daha ağır formada olub.
Proses noyabrın 2-də davam edəcək.
Xatırladaq ki, jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, C.Məmmədli ittihamların qondarma olduğunu bəyan edir.
Gülnaz Qənbərli
Azadmediatv.com