Tək bu cavab kifayətdir ki, “Qranit-QP”MMC-yə qarşı ittiham qanunsuz və əsassız hesab edilsin - ARZU ALIYEVA

Tək bu cavab kifayətdir ki, “Qranit-QP”MMC-yə qarşı ittiham qanunsuz və əsassız hesab edilsin - ARZU ALIYEVA

Oktyabrın 12-də Goranboy rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə “Qranit-QP”MMC-nin təsisçiləri, direktor -  Rübabə Mürşüdova, direktor müavini – Ramil Həsənov və baş mühəndis-Xudaverdi Həsənəliyevin barələrində qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com xəbər verir ki, prosesdə Rübabə Mürşüdova və Xudaverdi Həsənəliyevin müdafiəçisi, vəkil Arzu Alıyevanın ötən prosesdə verdiyi vəsatətlərə münasibət bildirilib.

 Arzu Alıyeva bildirib ki, müdafiə tərəfinin sorğularına verilən cavablar ittihamı təkzib etsə də, buna baxmayaraq məhkəmə yenə də  prosesi davam etdirib. Vəkil bu prosesdən kənarlaşdırılması üçün hakim Toğrul Məmmədova öz etirazını təqdim edib:

"Hörmətli hakim, hüquqlarını müdafiə etdiyim şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi sizin icraatınızdadır və məhkəmə icraatı zamanı  müdafiəçi olaraq mənim və digər vəkillərin tərəfindən  cinayət işinin obyektiv həlli üçün  verilən vəsatətlərin heç biri  əsassız olaraq tərəfinizdən təmin edilməyib. Digər tərəfdən müdafiə tərəfinin sorğusuna Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli cavab məktubunda bildirilib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materiallarının) dövriyyəsinə xüsusi icazə almış hüquqi şəxslər “İqdanit” partlayıcı qarışığını hazırlaya və istifadə edə bilər.  Tək bu cavab kifayətdir ki, ittiham qanunsuz və əsassız hesab edilsin".

Arzu Alıyeva bildirib ki, vəkil sorğusuna cavab məktubunda   “İqdanit” adlı partlayıcı maddə silah hesab edilməyib və silah kimi istifadə də olunmur:

"Bütün bu cavablardan sonra  hakim olaraq ittiham tərəfin ittihamın müdafiəsindən imtina edib-etmədiyi məsələsini araşdırmalıydınız. Ona görə ki,  Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinin tələbinə görə, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3 və 40.4-cü maddələrində göstərilən  cinayət təqibinin həyata keçirilməməsinə imkan  verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qanun belə halda ittihamın müdafiəsindən imtina etməyi ittiham tərəfinin üzərinə bir vəzifə olaraq qoyduğu halda siz hakim olaraq  ittiham tərəfə bu barədə sual belə vermədiniz və prosesi  davam etdirməyə başladınız."

A.Alıyeva CM-nin 229-cu maddəsinə istinad edərək bildirib ki, partalayıcı maddənin hazırlanmsı  anlayışının, partlayıcı maddənin hazırlanması üçün lisenziyası olan şəxslərin partlayıcı maddə hazırlaması  əməli ilə eyni olub-olmadığı məsələsinə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi  ilə əlaqədar  vəsatət verib:

"Bu məsələnin aydınlaşdırılması ona görə zəruri idi ki, birincisi, bu məsələdə məhkəmə təcrübəsi demək olar ki, yoxdur, digər tərəfdən bu məsələnin düzgün həll edilməməsi partlayış işləri ilə məşğul olan yüzlərcə sahibkarın mənafeyinə toxunur. Odur ki, bu məsələnin araşdırılması istər hüququn tətbiqi nöqteyi-nəzərindən, istərsə də işin obyektiv həlli nöqteyi-nəzərindən zəruri olsa da, siz əssassız olaraq bu vəsatətimi də təmin etmədiniz".

Vəkil məhkəmənin diqqətinə çatdırıb ki,  iş materiallarında olan  “sübutların qiymətləndirilməsinə dair” ittiham tərəfinin tərtib etdiyi qərarın 3-cü bəndində  qeyd edilir ki, Həsənəliyev Xudaverdi Vaqif oğlunun, Mürşüdova Rübabə Mustafa qızı və Həsənov Ramil Şəmil oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 192-ci maddəsinin tərkib hissəsi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (yəni əməldə cinayət tərkibi olmadığından) cinayət təqibinin başlanması rədd edilsin:

"AR CM-nin 192-ci maddəsi  “Qanunsuz sahibkarlıq” adlanır və həmin maddənin məzmununa görə əgər sahibkar xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, yaxud  xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, bu  əməl cinayət hesab olunur. İttiham tərəfi sübutların qiymətləndirilməsi qərarında yazır ki,  CM-nin 192-ci maddəsinin tərkibi yoxdur, yəni hüquqlarını müdafiə etdiyim şəxslər  nə lisenziyasız fəaliyyət göstəriblər, nə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan lisenziyası olmadan istifadə ediblər. Daha aydın desək, bu şəxslərin lisenziyası var və partlayıcı maddələrdən istifadə etmək onların hüquq və vəzifələridir".
A.Alıyeva çıxışında vurğulayıb ki, Toğrul Məmmədov hakim olaraq ittiham tərəfin ziddiyyətli mövqeyinə aid də heç bir araşdırma aparmayıb:

"Belə ki, ittiham tərəfi bir tərəfdən qeyd edir ki, hüquqlarını müdafiə etdiyim şəxslərin lisenziyası var və onlar lisenziyadan kənar heç bir hərəkət  etməyiblər, ona görə də CM-nin 192-ci maddəsinin tərkibi yoxdur. Digər tərəfdən qeyd edir ki,  onlar partlayıcı maddə hazırlayıblar. Təsəvvür edin ki, dövlət bu şəxslərə partlayıcı maddənin dövriyyəsi ilə əlaqədar lisenziya verdiyi halda ittiham tərəfi qeyd edir ki,  siz partlayıcı maddə hazırlaya bilməzsiniz. Belə halda ittiham tərəfindən sual olunumalı idi ki, bəs bu şəxslər partlayış işlərini necə icra etsinlər?
Hörmətli hakim, siz ittiham tərəfinin bu ziddiyyətli ifadəsi barədə də heç bir araşdırma aparmadınız və hər vasitə ilə hüquqlarını müdafiə etdiyim şəxslərə ittiham yönümlü suallar verməklə  qərəzli mövqe nümayiş etdirdiniz. Belə hesab edirəm ki, təqsirləndirilən şəxslər barəsində ittihamedici hökmün qəbul edilməsində maraqlısınız.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsində deyilir ki,  hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən  konkret və mötəbər sübutlar olduqda, hakim özü-özünə etiraz etməlidir. Bütün bunları nəzər alıb bildirirəm ki, sizin təqsirləndirilən şəxslər barədə obyektiv qərar qəbul edəcəyiniz şübhə doğurur, odur ki, sizə  işi davam etdirməyiniz baxımından etiraz edirəm.
AR CPM-nin 109.3.3-ci maddəsinin tələbinə görə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, öz-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir". 

A.Alıyeva etiraza səbəb olan mötəbər sübutları - Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən  Nəzarəti Dövlət Agentliyinin 19 sentyabr 2023-cü il tarixli cavab məktubunu, Müdafiə Sənayesi Nazirliyinin 22 avqust 2023-cü il tarixli cavab məktubunu,  Goranboy rayon Məhkəməsinin sədri T.Məmmədova ünvanladığı 07 sentyabr 2023-cü il tarixli vəsatət"i və “Sübutların  qiymətləndirilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan çıxarış"ı da təqdim edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb və bildirib ki, bu qərardan etiraz verilə bilməz

Daha sonra R.Mürşüdova və X.Həsənəliyevin hüquqlarını müdafiə edən vəkil  Arzu Alıyeva  təqsirləndirilən şəxslərin tərəfindən bu iş üzrə dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı  Rəşad Tanrıverdiyə də etiraz edib:

"Cənab Prokuror, bildiyiniz kimi  Göranboy rayon məhkəməsində  hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxslər Mürşüdova Rübabə Mustafa qızı və Həsənəliyev Xudaverdi Vaqif oğlunun təqsirləndirilməsinə dair ittihamı siz müdafiə edirsiniz.  İttiham aktında və iş materiallarında hüquqlarını müdafiə etdiyiş şəxslərin təqsirini sübut edən hər hansı bir dəlil və faktların olmamasına baxmayaraq, hələ də ittihamı müdafiə etməkdə davam edirsiniz. Nəzərinizə çatdıraraq bildirirəm ki,  iş materiallarında olan  “sübutların qiymətləndirilməsinnə dair” ittiham tərəfinin tərtib etdiyi 22 may 2023-cü il tarixli qərarın 3-cü bəndində  qeyd edilir ki, Həsənəliyev Xudaverdi Vaqif oğlunun, Mürşüdova Rübabə Mustafa qızı və Həsənov Ramil Şəmil oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 192-ci maddəsinin tərkib hissəsi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (yəni əməldə cinayət tərkibi olmadığından) cinayət təqibinin başlanması rədd edilsin.
CM 192-ci maddəsi  “Qanunsuz sahibkarlıq” adlanır və həmin maddənin məzmununa görə əgər sahibkar xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, yaxud  xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa bu  əməl cinayət hesab edilir. İttiham tərəfi sübutların qiymətləndirilməsi qərarında yazır ki,  CM-nin 192-ci maddəsinin tərkibi yoxdur, yəni hüquqlarını müdafiə etdiyim şəxslər  nə lisenziyasız fəaliyyət göstəriblər, nə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan lisenziyası olmadan istifadə ediblər. Daha aydın desək, bu şəxslərin lisenziyası var və partlayıcı maddələrdən istifadə etmək hüquqları və vəzifələri var.  İttihamı müdafiə edən prokuror olaraq istintaqın bu ziddiyyətli mövqeyinə heç bir münasibət bildirmədiniz. Belə ki, müstəntiq bir tərəfdən qeyd edir ki,  hüquqlarını müdafiə etdiyim şəxslərin lisenziyası var və onlar lisenziyadan kənar heç bir hərəkət  etməyiblər, ona görə də CM-nin 192-ci maddəsinin tərkibi yoxdur. Digər tərəfdən qeyd edir ki, onlar qanusuz olaraq partlayıcı maddə hazırlayıblar. Təsəvvür edin ki, dövlət bu şəxslərə partlayıcı maddənin dövriyyəsi ilə əlaqədar lisenziya verdiyi halda müstəntiq israrla qeyd edir  ki, siz partlayıcı maddə hazırlaya bilməzsiniz. Belə halda müstəntiqdən sual olunumalı idi ki, bəs bu şəxslər partlayış işlərini necə icra etsinlər? Lakin siz istintaq zamanı müstəntiqin etdiyi bu səhvlərə obyektiv münasibət bildirmək əvəzinə, əksinə, müstəntiqin bu səhv mövqeyini müdafiə etdiniz.

Hörmətli Prokuror, istintaq zamanı baş vermiş qanunsuzluqlara heç bir münasibət bildirməməklə, həmçinin hər vasitə ilə hüquqlarını müdafiə etdiyim şəxslərə ittiham yönümlü suallar verməklə  qərəzli mövqe nümayiş etdirdiniz və belə hesab edirəm ki, təqsirləndirilən şəxslər barəsində obyektiv qərarın deyil,  ittihamedici hökmün qəbul edilməsində maraqlısınız.
Odur ki, sizin  hazılrki cinayət işi üzrə məhkəmədə ittihamı müdafiə edən prokuror kimi iştirakınıza etiraz edirəm". 
Müdafiəçi etiraza aşağıdakı mötəbər sübutları - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən  Nəzarəti Dövlət Agentliyinin 19 sentyabr 2023-cü il tarixli cavab məktubunu, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 22 avqust 2023-cü il tarixli cavab məktubunu, “Sübutların  qiymətləndirilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan çıxarışı da əlavə edib.

Vəkil A.Alıyeva məhkəmədə daha bir vəsatətlə çıxış edib. Vəkil məhkəmənin nəzərinə çatdırıb ki, bu sahədə məhkəmə təcrübəsinin demək olar ki, olmaması baxımından, eləcə də partlayış sahəsində məşğul olan bir cox sahibkarların konstitision hüquqlarının müdafiəsi baxımından  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229-cu maddəsi ilə 192-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə ehtiyac yaranıb:

"İşin obyektiv həlli üçün aşağıdakı sualların cavablandırılması zəruridir:
1. Partlayış işləri ilə məşğul olan və buna “xüsusi lisenziyası olan sahibkarın  partlayıcı maddə hazırlaması əməli” ilə, CM-nin “229-cu maddəsində nəzərdə tutulan (“Qanunsuz olaraq silah hazırlama” ) partlayıcı maddə hazırlama əməli”  eyni məna daşıyırmı?
2. Dağ-mədən sahəsində partlayış işlərini həyata kecirən sahibkarın partlayıcı maddə hazırlaması anlyaışı, Cinayət Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulan qanusuz partlayıcı maddə hazırlama cinayət əməlinin tərkibini yaradırmı? Daha dəqiq desək, “dağ-mədən sahəsində xüsusi lisenziya əsasında  partlayış işlərini həyata keçirmək üçün partlayıcı maddə hazırlama” məqsədi, Cinayət Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulan “qanunsuz partlayıcı maddə hazırlama” məqsədi ilə eynidirmi?
Bu suallara aydınlıq gətirilməsi icraatınızda olan cinayət işinin obyektiv həlli, eləcə də ölkədə sahibkarların hüquqlarının müdafiəsi baxımından cox zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin tələbinə  görə Konstitusiya Məhkəməsinə,  Qanunların  şərhi ilə əlaqədar, məhkəmə sistemindən yalnız Ali Məhkəmə sorğu verə bilər. 
Odur ki, xahiş edirəm vəsatətdə göstərilən bu məsələlərə Azərbaycan Respublikası Konstitusiya məhkəməsi tərəfindən rəsmi şərh verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edəsiniz".

Daha  sonra R.Mürşüdovanın müdafiəsinə yeni qatılan vəkil Kamandar Nəsibov zərərçəkənlərin və şahidlərin yenidən məhkəmədə dindirilməsiylə bağlı vəsatətlə çıxış edib.

Məhkəmə vəsatəti təmin edib.

Proses oktyabrın 19-da davam edəcək.

Qeyd edək ki, “Qranit-QP” MMC-nin təsisçiləri, direktor - Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  229.2.1 (qanunsuz olaraq silah maddə hazırlanması) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, lakin “Qranit-QP”MMC-nin təsisçiləri, direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis - Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində qaldırılan bu cinayət işində özlərini təqsirli bilmirlər. 

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Goranboy-Bakı





OXŞAR XƏBƏRLƏR