Aybəniz Haşımova və "Sənət Akademiyası"nın gənc istedadları “Zəfər” musiqi və teatr festivalı çərçivəsində çıxış ediblər
Oktyabrın 31-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Əməkdar artist Aybəniz Haşımova və "Sənət Akademiyası"nın gənc istedadları Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayonu Çərəkən kənd klubunda rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Azadmediatv.com xəbər verir ki, çıxış edənlər arasında xüsusi istedad sahibi gənclər və yeniyetmələrdən Milana Nəbiyeva, Həsən Əliyev, Hikmət Qasımov, Əhməd Məmmədov, Rişad Heydərov, Arzu Əliyeva, Solmaz İsmaylzadə və başqaları səhnədə alqışlarla qarşılanıblar.
Qeyd edək ki, 8 noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalına start verilib.
“Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.
Xatırladaq ki, Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvət ediliblər.
Gülnaz Qənbərli
Azadmediatv.com