ŞAHİD:

ŞAHİD: "İstintaqa ifadəni hadisənin video-gorüntüsü əsasında vermişəm"

Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib. Proses şahid ifadələriylə davam edib.

Azadmediatv.com xəbər verir ki, o, sərbəst ifadəsində bildirib ki, təqsirləndirilənlərdən Əli Eybətovu şəxsən tanıyıb:

“Əli Eybətovla qonşuyuq. Atasını da illərdir tanıyıram. Əlini uşaqlığından tanıyıram. Tərbiyəli, ləyaqətli gənc kimi gözümün qabağında böyüyüb. Böyük-kiçik yeri bilən idi, bu illər ərzində onun pis hərəkətini görməmişəm. Təxminən 2024-cü ilin yanvarında gecə saatlarında Əli bizə gəldi, içəri keçəndə şalvarının qana bulaşdığını gördüm. Şalvarını çıxardanda sol ayağında xəsarət gördüm. Əli dedi ki, bıçaqlanıb. Sonra dedi ki, ona xəsarəti Səbuhi yetirib. Yarasını perekslə yuyub, yodladım və sarıdım. Məsləhət gördüm ki, bu haqda polisə və valideynlərinə desin. Əli dedi ki, Səbuhu neçə dəfə başqa gənclərə də eyni xəsarəti yetirsə də, oni Polis Bölməsində bir neçə saatdan sonra buraxıblar, ona görə də şikayət etmək mənasızdır. Onu da əlavə etdi ki, anam bilsə üzüləcək, onlara heç nə deməyim. Mən onu dilə tutub təkid etdim ki, şikayət elə. O belə edəcəyini deyib, çıxıb getdi. Sonra onu görmədiyimdən bu haqda polisə şikayət edib-etməməsindən xəbərsiz qaldım. Təxminən fevral ayının sonlarında Əliylə yenidən qarşılaşdım. Sol əli qızarmışdı. Sanki yanmışdı, ondan nə baş verdiyini soruşdum. Dedi ki, Səbuhi pnevmatik tapançadan ona atəş açıb. Əli də sifətini qorumaq üçün əlləriylə üzünü tutduğundan əlinə xəsarət yetirib. Martda baş verən hadisənin şahidi olmamışam. Ertəsi günü baş verənlərdən sosial şəbəkə vasitəsiylə xəbər tutmuşam.”

Məhkəmənin, dövlət ittihamçısının suallarını cavablandırarkən şahid bildirib ki, mərhum Səbuhini şəxsən tanımayıb:

“Mərhumu şəxsən tanımıram, arada məhləyə gəldiyindən üzdən görmüşəm. Ümumiyyətlə, məhlədə onun narkotik vasitələrə bağlılığı və yaymasıyla bağlı danışılırdı”.

Digər şahid hadisənin baş verdiyi yerin yaxınlığındakı marketdə çalışan Maqsud Hüseynlinin verdiyi ifadə məhkəmədə təəccüb doğurub. Şahid etiraf edib ki, hadisənin necə baş verdiyinin şahidi olmasa da, videgörüntülərə əsasən istintaqa ifadə verib.

Proses dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib.

Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR