“Məclis info işi” üzrə məhkəmə prosesi keçirilib
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis info işi” üzrə həbs olunan İmran Əliyev və polis nəzarətinə verilən Elgiz Qəhrəmanın hazırlıq iclası keçirilib.
Prosesdə İmran Əliyevin vəkili Rəsul Cəfərov onun məhkəmə zalında əyləşməsiylə bağlı vəsatət verib. Vəsatət təmin olunub.
Vəkil Rəsul Cəfərovun ittiham aktının pdf variantının istintaq orqanından alınaraq müdafiə tərəfinə verilməsi, cinayət işinə xitam verilməsi və İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunması barədə verdiyi vəsatətləri isə məhkəmə təmin etməyib.
Proses iyunun 10-da davam edəcək.
Qeyd edək ki, İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu polisə təhvil veriblər.
Xatırladaq ki, o, ilkin olaraq AR Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı da 8 maddə ilə yeni ittiham irəli sürülüb.
İctimai fəal Elgiz Qəhrəman isə “Məclis info işi” üzrə təqsirləndirilən şəxs qismində bu ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçib.
Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən 8 ağır maddə ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Azadmediatv.com