"İdeal"ın sabiq sahibi İlqar İsmayılov özünü qətiyyən təqsirli bilməyib - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə İ.İsmayılovun müdafiəçisi İlhamə Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs AR CM-in 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsiylə 2013-2016-cı illər ərzində ona məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.
İ. İsmayılovun vəkili qeyd edib ki, təqsirləndirilən şəxs həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq mədaxil edib. Daha sonra vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Azadmediatv.com
Təqsirləndirilən şəxsin digər vəkil Rəşad Əliyev məhkəmə iclaslarının audio yazısının aparılması ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırlıq iclasında bununla bağlı vəsatət qaldırılsa da, məhkəmənin texniki imkanları olmaması səbəbiylə təmin edilməyib:
"Buna görə də audio yazının müdafiə tərəfinin texniki vasitələri hesabına həyata keçirilməsi və yazıların məhkəmənin iclas protokoluna əlavə edilməsinə icazə verməyinizi xahiş edirik. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir".
Hakim vəsatəti təmin edilməyib.
Vəkilər - İlhamə Həsənova və Rəşad Əliyev məhkəmə tərkibinə yazılı etiraz təqdim ediblər. Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərarı elan edib.
Bundan sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən İ.İsmayılov ittihama münasibətində özünü qətiyyən təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini bildirib.
Növbəti proses iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs- qətimkan tədbiri seçilib.