Rafiq Bayramovun cinayət işi üzrə şahid ifadələri dinlənilib
İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə şahid ifadələri dinlənilib. Belə ki, şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. Şahid bildirib ki, R.Bayramova cəmi bir dəfə 500 manat pul verib. Onun sözlərinə görə həmin məbləği sabiq nazir müavininə 2019-cu ildə Novruz bayramını təbrik etmək məqsədiylə verib.
Prosesdə şahid qismində ifadə verən Ağcabədi rayonu Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev isə bildirib ki, R.Quliyevə tabe olduğuna görə, sabiq nazir müavininə iki aydan bir 800-1000 manat pul verib: "Ümumilikdə ona 128 min manat pul vermişəm. Pulu da musiqi məktəblərindən yığırdım. Qaydalar bu cür idi".
Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev dindirilən zaman musiqi məktəblərindən yığılan pulları R.Bayramova verdiyini deyib: "Kurasiyamız onun əlində idi. Soruşmurdum niyə verməliyəm. 2017-ci ildən hər ay 9 min pul verirdim, 2019-cu ildən isə bu məbləğ daha da artdı. 2017-2020-ci ilədək 258 min manat pulu şəxsən özünə vermişəm".
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliev keçmiş nazir müavini R.Bayramova 6 min manat, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev 48 650 manat, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov isə 500 manat dəyərində hədiyyə, 8 ay ərzində hər ay 500-1000 manat arasə pul verdiyini etiraf edib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs tabeliyində olanlardan ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.
Rəsmi məlumata görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı məlum olub ki, Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.
Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə, AR CM-in müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Zakir Sultanovun cinayət işi isə ayrıca icraata ayrılıb.
Azadmediatv.com