Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib
Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
Azadmediatv.com-a DMX-dən verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər.
Xidmət rəisi həmçinin vurğulayıb ki, budəfəki tədbir həm də Vətən müharibəsindən sonra keçirilən ilk andiçmə mərasimi kimi əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı tarixi hadisədir. Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib. Həmin ailələrdən 3-ünün bugünkü tədbirdə iştirak etdiyini vurğulayıb. Onların hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlığını ifadə edib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdən sonra Vüsal Hüseynov Azərbaycan vətəndaşlığını əldə etmiş və paytaxtda yaşayan qazi ailələrinin üzvləri ilə görüşərək onlara müvafiq arayışları şəxsən təqdim edib. Öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 30 illik həsrətinə son qoyan igidlərin arasında onların da övladlarının olmasını qürurverici hal kimi qiymətləndirib. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Vüsal Hüseynov, həmçinin “Azərbaycana Birgə Yardım” Təşkilatının (UAFA) təsisçisi və direktoru Burchell Gwendolyn Trixie ilə görüşüb. Onu Azərbaycan vətəndaşlığını əldə etməsi münasibətilə təbrik edib. Uzun illərdir Azərbaycanda həyata keçirilən layihələrə Təşkilatın verdiyi mühüm töhfələrin təqdirəlayiq olduğunu vurğulayıb. Burchell Gwendolyn Trixie isə öz növbəsində Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamların icrası regionlarda da həyata keçirilib. DMX-nin regional miqrasiya idarələrində andiçmə mərasimləri təşkil olunub. Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib.
Azadmediatv.com