Abşeron İH-i rəsmiləri şəhid ailələrinə baş çəkib
İyunun 25-də Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Silahlı Qüvvələr Günü münasibəti ilə şəhid övladları ilə görüşüb.
Azadmediatv.com Abşeron İH-ə istinadən xəbər verir ki, başçı və digər rəsmi nümayəndələr Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadullayeviç və şəhid Xəlilov Ruhin Müzəffər oğlunun evinə gedərək onların ailə üzvləri, eləcə də övladları ilə görüşüb, qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid övladlarını sevindirən başçı Azərbaycanın gələcəyini – gül balaları qorumağın hamımızın borcu olduğunu qeyd edib. Ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunu qeyd edən xanım Gülməmmədova Abşeron rayonunda fidanlarımızın həm təhsil sahəsi üzrə, həm də asüdə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Dövlət tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi istiqamətində bütün tədbirlərin görüldüyünü vurğulayan başçı bildirib ki, şəhidlərimiz ona görə öz canlarından keçiblər ki, bütöv Azərbaycanda gələcəyimiz olan uşaqlarımız təhlükəsiz şəraitdə yaşayıb böyüsünlər.
Şəhid ailələri də Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Azadmediatv.com