Lerikdə bələdiyyə sədri cinayət törədib
Lerik rayonu, Noda kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı müraciətə əsasən rayon prokurorluğunda araşdırma aparılıb.
Azadmediatv.com Lerik rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Noda bələdiyyəsinin sədri Səlim Səfərov dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq, şəxsi ehtiyacına xərcləyib, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat yerləşdirib və vəzifə saxtakarlığı edib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Azadmediatv.com