Eldar Həsənov hospitala köçürülüb

Eldar Həsənov hospitala köçürülüb

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənov stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına yerləşdirilib. 

Azadmediatv.com-un  xəbərinə görə, bu haqda  E. Həsənovun vəkili Cavad Cavadov sosial şəbəkədəki səhifəsində bildirib. Müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğunu qeyd edən vəkil E. Həsənovun əməliyyat oluna biləcəyini söyləyib: "Hüquqlarını müdafiə etdiyim Eldar müəllim Həsənov bu gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Qospitalına köçürüldü.

Məlumat vermişdik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 07 may 2021-ci il tarixli (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq verilmiş) Qərarına əsasən, Eldar Həsənov stasionar qaydada DTX-nin Tibb Qospitalına yerləşdirilməklə komleks qaydada müayinə, müalicə, cərrahiyyə əməliyyat keçirilməli idi.

Həmin qərar onun icrasına məsul olan şəxslər tərəfindən yerinə yetirilməmişdir. Müraciətimiz əsasında Avropa İnsan Hüquqları Məhkəməsi 23 iyun 2021-ci il tarixdə əvvəlki qərarını daha da sərt formada təkrarladı və təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi. Lakin təcili olaraq stasionar qaydada xəstəxanaya yerləşdirilməsi və zəruri müalicə, cərrahiyyə əməliyyatların aparılmasını nəzərdə tutan sonuncu qərarın da icrası buna məsul olan cavabdeh şəxslər tərəfindən bu günə qədər ləngidildi və yalnız bu gün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşmışdır. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir. Eldar Həsənov bildirir ki, Avropa Məhkəməsinin qərarının icrasının ləngidilməsi, icra edilməməsi və yekunda onun səhhətinin ağırlaşmasına şərait yaradılması, buna məsul olan cavabdeh şəxsin ona qarşı illərdir davam edən düşməçiliyinin, qisasçılığın nəticəsidir.

Eldar Həsənovun DTX-nin İstintaq Təcridxanasının personalına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün etdikləri bütün addımlarına görə təşəkkürünü bildirməsini xahiş etdi. Müdafiə tərəfi olaraq ümid edirik ki, onun səhhətinin ağır formada olması nəzərə alınaraq, yaxın vaxtlarda həbs-qətimkan tədbiri dəyişdiriləcəkdir".

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Xatırladaq ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR