İlkin  Süleymanovun məhkəmə prosesindən sonra tərəflər arasında qarşıdurma yaşanıb - ÖZƏL

İlkin Süleymanovun məhkəmə prosesindən sonra tərəflər arasında qarşıdurma yaşanıb - ÖZƏL

İyunun 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi  şahid ifadəsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə naməlum şəraitdə qətlə yetirilən azyaşlı N. Quliyevanın atasının ifadəsinin dinlənilməsiylə davam etdirilib. 
Belə ki, şahid, məthumun atası  Şərif Quliyev ifadəsində hadisənin baş verməsi təfərrüatları, eləcə də N.Quliyevanın itkin düşmə detalları, həmçinin onun nəşinin tapıldığı günü baş verənlərlə bağlı ifadə verib. 
 Lakin ifadəsinin elə ilk epizodlarında hakim Dadaş İmanovun və İlkin Süleymanovun vəkillərinin dəqiqləşdirici suallarına cavab verərkən onun istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında dərin ziddiyyət olduğu elan edilib.
Prosesin sonunda hakim D. İmanov məhkəmə heyətinin məzuniyyətə getdiyini elan edib.  Ş.Quliyevin növbəti prosesdə də dindiriləcəyini  bildirib.
 Proses başa çatdıqdan sonra N.Quliyevanın ailə üzvləri və yaxınları İlkin Süleymanovun ailəsinə qarşı şiddət göstərərək, onların ünvanına təhqirdolu ifadələr işlədiblər. İ.Süleymanovun məsum olduğunu təkidlə iddia edən yüzlərlə kənd sakinləri məhkəmə binasının qarşısında İlkin Süleymanova dəstəklərini göstərib, N.Quliyevanın ailəsinə öz etirazlarını nümayiş etdiriblər. Onlar çıxışlarında qeyd ediblər ki,  kənd əhalisi hesab edir ki, işgəncə ilə qətlə yetirilən N.Quliyevanın əsil qatili azadlıqdadır. Kənd sakinləri bildirib ki, əgər məhkəmə ptosesi bu cür ədalətlə sonadək davam edərsə, araşdırmalar nəticəsində  iki məsum şəxsin - həm mərhum Nərminin qatili tapıacaq, həm də günahsız həbs edilən İlkin Süleymanov azadlığına qovuşacaq.

Qarşıdurma polisin müdaxiləsiylə sakitləşdirilib.
Proses avqustun 11-də  saat 15:00-da davam etdiriləcək.

Qeyd edək ki,  2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da həmin kəndin ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Xatırladaq ki, İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
 İlkin Süleymanov və kənd əhalisi ona qarşı irəli sürülən ittihamları qətiyyən qəbul etmir və  günahsız olduğunu iddia edirlər.

https://www.youtube.com/watch?v=f5cxPwwUhjQ&t=456s


Gülnaz Qənbərli, Bakı-Gəncə-Bakı
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR