SPACE TV-nin əməkdaşı Azadə Balayeva prezidentə müraciət ünvalayıb

SPACE TV-nin əməkdaşı Azadə Balayeva prezidentə müraciət ünvalayıb

 

"Ölkə başçısına sözümüzü deyə biləcəyimiz tək platforma sosial şəbəkələrdir. Biz də buradan səslənməyə qərar verdik. Ümid edirəm ki, cənab Prezident səsimizi eşidər".

Azadmediatv.com-un xəbərinə görə, SPACE TV-nin Xəbərlər Xidmətinin şef-redaktoru Azadə  Balayeva  KİV nümayəndələri üçün inşa edilən binada jurnalistlərə veriləcək mənzillərdən səs-soraq çıxmadığı üçün sosial şəbəkədəki hesabından Prezident İlham Əliyevə narahatlığını ifadə edən müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

MÜRACİƏT

Hörmətli cənab Prezident,

Müraciətimizə Sizin 2017-ci il iyulun 22-də jurnalistlər üçün inşa olunan ikinci binanın açılışındakı nitqinizdən qısa bir parça ilə başlamaq istəyirik:

“Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.

Sizin vəd etdiyiniz kimi bina həqiqətən də 3 ilə tikilib hazır oldu. Amma təəssüf ki, görüşə bilmədik. Həm bütün dünyanın baş bəlasına çevrilən pandemiya, həm də işğalçı Ermənistanın Tovuz təxribatları, xalqımızın igid övladlarının şəhid xəbərləri hər birimizə evləri unutdurdu. İlin sonlarına yaxın isə Siz Ali Baş Komandan kimi 44 gülük zəfər yürüşü ilə hər bir azərbaycanlıya elə bir ev, elə bir mənzil hədiyyə etdiniz ki, dünyanın bütün mükafatları onun qarşısında kölgədə qalır. Qarabağ boyda Evimizi bizə qaytardınız. Bunun üçün ömrümüzün sonuna qədər Sizə minnətdar olacağıq.

Hörmətli cənab Prezident,

Çox şükür, artıq ölkəmizdə əmin-amanlıq bərqərar olur, sürətli peyvəndləmə nəticəsində normal həyata dönürük. Biz də ümid edirik ki, jurnalistlər üçün inşa olunan binada artıq 8 ildir ümidlə gözlədiyimiz mənzillə təmin olunarıq. 17 gün sonra jurnalistlərin peşə bayramı – Mətbuat Günü qeyd olunacaq. Jurnalistlər üçün inşa olunan digər iki bina məhz Mətbuat Günü Sizin iştirakınızla sahiblərinə təqdim olunmuşdu. Ona qədər isə müxtəlif prosedurlar icra edilmiş, jurnalistlərdən müraciətlər qəbul olunmuşdu. Amma peşə bayramımıza iki həftədən bir qədər artıq vaxt qalsa da hələ də bu məsələ ilə bağlı bir qərar yoxdur. Sizdən bu məsələyə müdaxilə etməyinizi, jurnalistlərin böyük ümidlə gözlədikləri mənzillərin ehtiyacı olan insanlara paylanmasına göstəriş verməyinizi xahiş edirik. Ümid edirik ki, o insanların içərisində biz də olacağıq.

Hörmətli cənab Prezident,

Azərbaycan jurnalistləri Sizin diqqət və qayğınızı hər zaman hiss ediblər. Ümid edirik ki, bu dəfə də müraciətimizi cavabsız qoymayacaqsınız. Öncədən dərin təşəkkürümüzü bildiririk!

Hörmətlə:

Tarverdiyev (Basqallı) Elvin Vahid oğlu – Space TV – nin aparıcısı

Balayeva Azadə Nərman qızı – Space TV Xəbərlər Xidmətinin şef-redaktoru"

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR