General iyulun 16-da məhkəmə qarşısına çıxarılacaq

General iyulun 16-da məhkəmə qarşısına çıxarılacaq

General Rövşən Əkbərovun barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.  Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub. Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb. R.Əkbərovun işinə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq. göndərilib.

Qeyd edək ki, R.Əkbərov 44 günlük Vətən Müharibəsi dövründə vəzifəsindən uzaqlaşdırılıb.  2021-ci ilin martında istintaqa dəvət olunub, Ukraynada 20 il əvvəl törətdiyi qətl işinə görə barəsində həbs-qətimkan tədbiri seçilib.

İddia edilir ki,  R.Əkbərov 2001-ci ildə biznesmen Elçin Əliyevin ürəyinə hərbi bıçaqla zərbə endirməklə onu öldürüb, daha bir şəxsi vəhşicəsinə döyüb xəsarət yetirib. Qətldə əsas fiqur olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlayıb. Halbuki həmin günlərdə Ukrayna Prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunub. Elçin Əliyevin valdeynləri də Rövşən Əkbərovu qətldə suçlayıbdılar. R.Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa  cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırıb. Buna baxmayaraq, o həbs olunub, cinayət işi üzrə dosye məhkəmədədir.

Qeyd edək ki, R.Əkbərova qarşı hərbi cinayətlər, vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülməyib. O, xuliqanlıq niyyəti ilə qətl törətməkdə təqsirli bilinir.  Elçin Əliyevin qətl işi üzrə Ukrayna prokurorluğunda ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. R.Əkbərova AR Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. CM-in 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmayıblarsa, AR CM-i əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

.

Xatırladaq ki,  Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR