Daxili İşlər Nazirliyi  antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət ünvanlayıb

Daxili İşlər Nazirliyi antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət ünvanlayıb.

Azadmediatv.com-a DİN-in mətbuat xidmətindən verilən məlummata görə,  müraciətdə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın qlobal problem olaraq bütün bəşəriyyəti narahat etdiyi vurğulanıb. Qeyd edilib ki, bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə vəziyyət isə nəticə etibarilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır: “Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq. Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni, hər kəsin ümumi işə real köməyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticə verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında səmərəli nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq”.

Müraciətdə antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılması bu işdə daha bir vacib məsələ kimi qeyd olunub. Bildirilib ki, yeniyetmələr, gənclər arasında aparılan izahat işlərinə, müvafiq tədbirlərə gəlincə, bu iş konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olur, çəkindirici rol oynayır. Bütün hallarda əsas diqqət ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməlidir.

“COVID-19 pandemiyasından əvvəl demək olar ki, respublikanın bütün təhsil müəssisələrində davamlı antinarkotik tədbirləri keçirmişik. Bu işdə gənclər təşkilatları da fəallıq göstərirdilər. Ancaq hazırda xüsusi karantin rejimi ilə əlaqədar kütləvi tədbirlər keçirmək mümkün olmadığından vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulur. Biz bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvənirik, eyni zamanda, mediadan, sosial şəbəkə istifadəçilərindən, blogerlərdən və jurnalistlərdən də gözləntilərimiz çoxdur.

Ümid edirik ki, “Narkotiklərə yox!” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə töhfə verəcək”, - deyə Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR