Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Sabiq baş prokuror və səfir, hazırda həbsdə olan Eldar Həsənovun qızı Səbinə Hüseynova Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevaya atasıyla bağlı  müraciət ünvanlayıb.

Azadmediatv.com müraciəti olduğu kimi paylaşır.

"Çox hörmətli, Mehriban xanım!

Bu müraciəti, məhz, Sizə ünvanlamağım səbəbsiz deyil. Siz xalqımızın mənəvi dəyərlərinin hamısının adını, ənənələrimizə sadiqliyiniz, hədsiz humanistliyiniz, böyük qəlbiniz sayəsində qazanmısınız və bizim Sizə olan sevgimizin səbəblərindən biri də budur. Ailə dəyərlərinə sayğınızla, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərinizlə Siz hər birimiz üçün böyük nümunəsiniz. Sizin bu dəyərlər üzərindən ayrı-ayrı şəxslərə deyil, bütövlükdə xalqımıza göstərdiyiniz münasibət, əslində, xalqımızı böyük bir ailə kimi qiymətləndirməyinizin sübutu, müraciətlərinizi “Sizin Mehriban” olaraq imzalamağınız isə, sözün bütöv mənasında "Bizim Mehriban", "Xalqın Mehribanı" olduğunuzun təsdiqidir.

Ona görə də Sizə Bizim Mehriban Xanım kimi müraciət edirəm!

Atam – keçmiş səfir Eldar Həsənovun hazırda istintaqı yekunlaşmaq üzrədir. Atam özünü qətiyyən təqsirkar saymır. O, daim dövlətimizə, xalqımıza və əlbəttə ki, cənab Prezident İlham Əliyevə sədaqətlə bağlı olub. Atam xarakter etibarilə sadiq, əqidəli şəxsdir və bizi də Vətənə sevgi ilə tərbiyə edib.

Hörmətli Mehriban Xanım!

Məni ən çox narahat edən atamın səhhətidir. Onun sağlıq durumu getdikcə ağırlaşır. Mən atamı itirməkdən cox qorxuram. Atam səfir olduğu vaxt bir neçə dəfə ağır əməliyyat keçirib və ciddi həkim nəzarəti altında idi. Təəssüf ki, istintaq müddətində barəsində həbs-qətimkan tədbirinin seçilməsi onun həkim nəzarətindən və qayğıdan kənarda qalmasına səbəb oldu, hazırda atam çox ağır vəziyyətdədir. Ayaqları tutulub, sərbəst gəzə bilmir, ağrıları dözülməzdir və həyatı üçün ciddi təhlükə yaranıb. DTX təcridxanasında və hospitalında indiyədək 170 dəfədən artıq yıxılıb. Atam iyul ayinda çox ciddi əməliyyat keçirdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli "paroksizmal pozisyon vertiqo" diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik. Vəkillərin bu yöndəki məlumatlarını hər dəfə böyük sarsıntı ilə qarşılayıram.

Atamın vəkillərinin bildirdiyinə görə, 8 avqustda o, növbəti dəfə huşunu itirərək yıxılıb və xəsarətlər alıb. Ötən gün vəkilinin iştirakı ilə müstəntiqlə görüşə əlil arabasında gətirilib və DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər.

Bu xəbərlərin içərisində mənim və ailə üzvlərimin nələr çəkdiyini əminəm ki, anlayırsınız. Çünki Siz də bir övladsınız və atanıza olan sevginizlə də hamımıza örnəksiniz! Razı olmayın ki, biz atamızı vaxtsız itirək və bu dəhşətli ağrı ilə ömrümüzün sonuna qədər yaşamalı olaq! Axı mənim atam qorxulu cinayətkar deyil. Bir alim, ziyalı, diplomat və hüquqşünasdır. Onun evində, övladlarının əhatəsində olması heç bir təhdid yaratmır. Sizdən dönə-dönə xahiş edirəm ki, atamın barəsində həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəzlənməsi, ev dustaqlığına buraxılması və müalicəsinin ailə üzvlərinin qayğısı və nəzarəti altında davam etdirilməsi üçün bizə yardım edəsiniz.

Əziz Mehriban xanım!

Siz bu ölkədə çox ailələri sevindirmisiniz, çox insanların müalicəsini üstünüzə götürərək, onları həyata qaytarmısınız. Sizdən xahiş edirəm, mənim atamı da mənə qaytarın, onun istintaq müddətində ev dustaqlığına buraxılması və müalicə almasına yardım edin, atamı və bizim ailəmizi xilas edin!

Sizə dərin sevgilərlə, Səbinə Hüseynova,

Hüquq üzrə fəlsəfə doktoru"

 

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR