AXH Şəki rayon təşkilatının sədri, Qarabağ Qazisi İlyaz Həsənov pozulmuş hüquqları bərpa edilmədiyinə görə, aclıq aksiyasına başlayıb
Azərbaycan Milliyətçi Hərakat (Bozqurd) Partiyasının və Azərbaycan Xalq Hərakatının (AXH) Şəki rayon təşkilatının sədri, I Qarabağ Müharibəsi veteranı və qazisi İlyaz Həsənov pozulmuş hüquqları bərpa edilmədiyinə görə avqustun 14-dən etibarən, müddətsiz aclıq aksiyasına başlayıb.
Azadmediatv.com-un xəbərinə görə, İ.Həsənov 4 ildir ki, bütün instansiyalarda təsdiqini tapmış sənədlərə malik olsa da, ƏƏSMN-dən haqqı olan əlillik dərəcəsini ala bilmir.
"Hüquqularımı pozduqlarına baxmayaraq, hələ üstəlik, haqqımda Şəki rayon Prokurorluğuna cinayət işinin başlanması üçün şikayət də etdilər. Guya sənədlərim saxtalaşdırılıb. Şəki rayon Prokurorluğunda verilmiş təqdimata əsasən, haqqımda araşdırma aparıldı. Lakin istintaq araşdırması zamanı haqqında edilən şikayətin əsassız olduğu sübuta yetildiyindən, cinayət işinin başlanması rədd edildi. Lakin buna baxmayaraq, hələ də əllilik hüququm bərpa edilməyib. Buna görə də son hədd kimi bütün instansiyalara yazılı xəbər verməklə, aclıq aksiyasına başladım",- deyə o, bildirib.
Qeyd edək ki, İlyaz Həsənov 1988 -ci ildən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, demokratiya və inkişafı uğrunda ardıcıl mücadilə aparan insanlarımızdan biridir.
Xatırladaq ki, o, 4 ildir əllilliyini sübuta yetirən və bütün instansiyalarda təsdiqini tapmış sənədləri olsa da ƏƏSMN-dən əlillik dərəcəsini ala bilmir.
Azadmediatv.com