Gülnaz Qənbərli:

Gülnaz Qənbərli: "Əksəriyyətinizin qatarı çoxdan gedib"

Nəyə görə kitab oxumaq lazımdır? Mənəvi irsi dəyərlər və digər məlum şeylər barədə danışmaq fikrindən uzağam. İstəmirəm ki, haqqımda "Gün keçdi" filminin qəhrəmanı kimi "Kaş Qaliçn yaradıcılığı və fransız xalçaları barədə danışmazdı», - desinlər. Birbaşa söhbətə keçəcəyəm. Kitab oxumaq çoxdan dəbdədir və kitab oxumayanlar geridəqalmış və maraqsız insanlardırlar.

Doğrudur, kitab bazarında faktiki olaraq, Azərbaycan ədəbiyyatı demək olar ki, yoxdur.Nəşr olunanlar isə ya bərbad tərcümə edilən, ya da  "xalturşik" yazarın görmədiyi, tanımadığı Avropa "üslübunda" cızmaqaralarıdır. Ona görə də  xalqımız adına  bunu, sadəcə, təhqir hesab edirəm.


Ancaq çox da uzaq olmayan qonşu Gürcüstanda köşklərdəki kitabların 90%-i gürcü dilindədir. Bizdə isə bu məsələ bir az qəliz və fərqlidir. Əksinə, başqa dillərdə nəşr və tərcümə edilən kitablar daha çoxluq təşkil edir. Kitabdan mütaliə edən biri kimi bunun üzərində çox baş sındırdım. Mövcud vəziyyəti kökündən dəyişmək üçün neyləmək lazımdır? Etiraf edək ki, sovet dönəmindən fərqli olaraq, hazırda yazıçılıq elə də nüfuzlu peşələr siyahısında deyil. Eşidəndə ki, kimsə yazıçılıqda qələmini sınamaq istəyir, təəccüblə “ başına iş qəhətdir?”,- deyirlər. Yazanların elə özləri də bu haqda danışmağa can atmırlar. Sonra da deyirik, sovet vaxtında yazıçının hörməti-izzəti vardı, onların cəmiyyətdəki mövqeyi və maliyyə vəziyyəti istənilən nazirdən yuxarıydı. Bu sahədə vəziyyət hələ də acınacaqlı olaraq qalır. Yəqin, bunun da öz səbəbləri var. “Kitab oxuyan yoxdur” desək, günah olar. Düzdür, indi heç kim öz evində kitab rəflərinə üstünlük vermir, ancaq gənclər mütaliə edirlər. Amma kimlərin əsərlərini? Deyək, yapon yazıçısı Haruki Murakamini. Soruşacaqsınız, axı niyə məhz, Murakamini? Dəb xatirinə. Desinlər ki, filankəs yapon ədəbiyyatını necə bilir. Bu ifadəni eşitmək xatirinə və bir də əndirəbadi şeylər həvəskarı olduqlarını nümayiş etdirmək naminə...


Mütaliə dairəsini sıxışdıran vasitələr də gün-gündən çoxalır. Onlardan biri də informasiya texnologiyalarının sürətlə inkişaf etməsidir. Hazırda audiodisklər vasitəsilə də roman oxuyanlar az deyil. Mən özüm də bunu sınaqdan keçirmək istədim, amma mütaliə edərkən, kitab vərəqlərini çevirdiyim zaman gözlərimin mənə bəxş etdiyi ləzzəti, qulaqlarımdan almadım. Ona görə də yenidən kitabla birbaşa ünsiyyətə qayıtdım. ABŞ və Böyük Britaniya vətəndaşları mütaliədə birinciliyi hələ də qoruyub-saxlasalar da, onlar belə vasitələrə tuş tutmurlar.


Oxucunu razısalan əsərlər yoxdur. Deməzdim ki, klassika dəbdən düşüb, amma sovet dönəmindən qalma yalnız tarla, kolxoz həyatını əks etdirən romanlara və onların müəlliflərinə oxucu tələbatı qətiyyən yoxdur. Mənim uzaq dağ kəndində yaşayan yaşlı qohumlarım elə indi də məndən oxumağa maraqlı kitab istəyir. Hər gün yatmazdan öncə ən azı yarım saat mütaliə etməsə, gözünə yuxu getməz. Həmişə də gileylənir ki, niyə cavanlarımız yeniliyə can atmırlar?!
Bizim yaxşı yazıçılarımız var. Amma onların əksəriyyətinin qatarı çoxdan gedib.  Baxmayaraq ki,  AYB sədri Anar hələ də o fikirdədir ki, 32 ildir onun yerinə adam tapmırıq. Gənc yazarlarımız isə təəssüf ki, yox dərəcəsindədir. Olanlar da ya özləri üçün yazır, ya da internetdə dərc olunurlar. Bir də ki, gənc yazarın elə imkanı hardandır, öz hesabına nəşr olunsun? Almanaxlarda dərc olunan yazarları dəstəkləməkdən başqa çarə yoxdur.

 Lap bu günlərdə təsadüfən Baklı Ağır Cinayətlər Məhkəməsinin qarşısında eşitdim ki,  ərazidə asayişi qoruyan gənc bir polis dəhşət mütaliə edir... Axtarıb onu  tapdım. Həmən məni müxtəlif yazarların  əsərləriylə test etdi. Çox sevindim. İlk dəfəydi bu qədər kitab sevgisi görürdüm, özü də heç kimin ağlına gəlməyən peşə sahibində.

Odur ki, yazın, cənab və xanım yazarlar...  İnanın ki yazdıqıarınız keyfiyyətli olsa, oxucunuz da, qazancınız da olacaq... Mütaliənizin miqyasını genişləndirin ki, ortaya çıxaracağınız əsərlər daha oxunaqlı olsun. Yazın cənablar, yazın ki, öz dilimizdə mütaliə aclığını aradan qaldıraq...

 




OXŞAR XƏBƏRLƏR