26 ölkədən 102 diaspor nümayəndəsi  Şuşaya səfər edib

26 ölkədən 102 diaspor nümayəndəsi Şuşaya səfər edib

Avqustun 17-də Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüblər.

Azadmediatv.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, bu gün Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edilib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan bir günlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa Məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, iyulun 27-də diaspor nümayəndələrinin  Komitənin təşkilatçılığı ilə Şuşa şəhərinə ilk səfəri dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanıb və təqdir olunub.

Azərbaycan diaspor nümayəndələrinin Qarabağa 2-ci səfərində 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.

Azadmediatv.com