Eldar Həsənov 7 ilədək azadlıqdan məhrum oluna bilər

Eldar Həsənov 7 ilədək azadlıqdan məhrum oluna bilər

 Sabiq Baş prokuror və Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun barəsindəki cinayət işinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqı tamamlanıb.

 Azadmediatv.com Baş Prokurorluğun  yaydığı məlumata deyilir ki, istintaq Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə yol verdiyi mənimsəmə əməllərini sübuta yetirib. Belə ki, E.Həsənovun “qabaqcadan əlbir olan bir qrup şəxs halında”   17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir. “Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”, -  deyə Baş Prokurorluq məlumat yayıb..

Eldar Həsənov 2021-ci il iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülərək, orada əməliyyat olunub və bir müddət sonra yenidən geri qaytarılıb.

 Qeyd edək ki,  avqustun 9-da Eldar Həsənovun vəkillərinin yaydığı açıqlamalarda  onun durumunun kritik olduğu bildirilirdi. İyulun 30-da sabiq səfirin sağlıq durumunun ağırlığı səbəb göstərilməklə vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban Əliyevaya müraciət də ediblər:

“Eldar Həsənovun vəkilləri olaraq, onun səhhətindəki çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə sizə müraciət edirik. Xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər. Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması barədə məlumatlar bəlkə də sizə çatmır”.

Bundan bir gün sonra isə E.Həsənovun qızı Səbinə Hüseynova Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevaya atasıyla bağlı  panik içində müraciət ünvanlayıb.

 

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olub. 66 yaşlı Eldar Həsənov ötən il avqustun 13-də saxlanıb. Onun  Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edildiyi bildirilir.

Avqustun 24-dən isə E.Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Əgər sözügedən ittihamlar təsdiq olunarsa, E.Həsənov 7 ilədək azadlıqdan məhrum oluna bilər.

Eldar Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR