"Pərviz Abbasovun heç nədən xəbəri yox idi, verilən pulları özümə götürmüşəm" - MƏHKƏMƏ

Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə,  proses məhkəmə istintaqı ilə davam etdirilib. 
Belə ki, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin ifadələri dinlənilib. Dövlət ittihamçısının və məhkəmənin suallarını cavablandıran  Ə.Hüseynov bildirib ki,  6 xəstənin yerləşdirilməsində iştirak edib, qazancı isə  cəmi 700 AZN olub. O, səhhətindəki problemlərlə bağlı məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib 
Ə.Hüseynov  ifadəsində bildirib ki, ilkin iistintaq zamanı verdiyi ifadədə rəqəmlər şişirdilib: "İstintaqda öz yazdığım ifadəni təsdiqləyirəm. İfadəmdə 4500 AZN barəsində yazılanlar yalandır: "Pulu xəstələrin qəbuluna görə, Samir Mirzəyevə çatdırırdım. Mən Pərviz Abbasova heç vaxt pul verməmişəm". Hakim Əfqan Hacıyev isə verilən ifadələrə sonda qiymət veriləcəyini qeyd edib. 


Daha sonra hakim Ə.Hacıyev  Ə.Hüseynovun  istintaqa verdiyi ilkin ifadəsini elan edilib

Daha sonra Samir Mirzəyevin ifadəsi dinlənilib. O bildirib ki, ilkin istintaqa təzyiq altında ifadə verib: "Bərdə rayon Prokurorluğuna çağrıldım. Müstəntiq mənə təzyiq göstərir, hədə-qorxu gəlirdi.  “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovu şəxsən tanısam da, məndən heç vaxt xəstə qəbulu və yeləşdirilməsiylə  bağlı pul istəməyib. Xəstələrin yerləşdirilməsiylə bağlı verilən pulları özümə götürmüşəm. Bu haqda P.Abbasova heç nə deməmişəm. Pul məsələsindən onun heç  xəbəri belə yox idi".

Proses avqustun 31-i davam etdiriləcək.


 Qeyd edək ki, ittihamda qeyd olunub ki, “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov, “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov, “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyev ilə əlbir olaraq xəstə yaxınlarından virusa yoluxan şəxslərin müalicəsi üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq şəxsi ehtiyacları üçün sərf ediblər. Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirməklə xəstə yaxınlarından təkrarən rüşvət qismində pul alıblar.
İş üzrə toplanmış materiallara uyğun olaraq, sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərdən Əvəz Hüseynov və Qalib Nəcəfov özlərini qismən təqsirli bildiklərini deyiblər. Pərviz Abbasov, Vüsalə Əliyeva və Samir Mirzəyev isə özlərini təqsirli bilməyiblər.

Xatırladaq ki, prosesdə iş üzrə təqsirləndirilən şəxslər - Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində olma qətimkan tədbiri dəyişdirilib və barələrində həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Vüsalə Əliyevanın barəsindəki polis nəzarətində olma qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR