"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov məhkəmədə ifadə verib

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə,  proses məhkəmə istintaqı ilə davam etdirilib. 
Belə ki,prosesdə “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov,  “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov, və “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva sərbəst ifadə veriblər.

“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov, “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov istintaqa verdikləri ifadəni təsdiqləyiblər.

 

Proses  sentyabrın 7-si  şahid ifadələriylə davam etdiriləcək.


 Qeyd edək ki, ittihamda qeyd olunub ki, “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov, “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov, “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyev ilə əlbir olaraq xəstə yaxınlarından virusa yoluxan şəxslərin müalicəsi üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq şəxsi ehtiyacları üçün sərf ediblər. Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirməklə xəstə yaxınlarından təkrarən rüşvət qismində pul alıblar.
İş üzrə toplanmış materiallara uyğun olaraq, sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərdən Əvəz Hüseynov və Qalib Nəcəfov özlərini qismən təqsirli bildiklərini deyiblər. Pərviz Abbasov, Vüsalə Əliyeva və Samir Mirzəyev isə özlərini təqsirli bilməyiblər.

Xatırladaq ki, prosesdə iş üzrə təqsirləndirilən şəxslər - Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində olma qətimkan tədbiri dəyişdirilib və barələrində həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Vüsalə Əliyevanın barəsindəki polis nəzarətində olma qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR