Bir çox dövlət qurumu İT sahəsinin cavabdehliyini bu sahəyə uyğun olmayan səriştəsiz insanlara həvalə edib - EKSPERT RƏYİ

Bir çox dövlət qurumu İT sahəsinin cavabdehliyini bu sahəyə uyğun olmayan səriştəsiz insanlara həvalə edib - EKSPERT RƏYİ

Dünyada prioritet sahə olan İKT sahəsi Azərbaycanda, xüsusən də dövlət qrumlarında xaotik bir hal alıb. Bir çox dövlət qurumu İT sahəsinin cavabdehliyini bu sahəyə uyğun olmayan səriştəsiz insanlara həvalə edib. İnformasiya texnologiyalarından xəbərsiz olan, İKT üzrə düzgün qərar qəbul edə bilməyən, görülən işlər üzrə cavabdehlik öhdəliyini ala bilməyən bu şəxslər qurumlarda İT infrasturukturunu bərbad hala salmaqda davam edir.

Daim tərəqqidə olan İT sahəsi digər ölkələrdə sürətlə dövlət qurumlarında tədbiq edildiyi halda ölkəmizdə bu sahədə gedən işlər pərakəndədir və bir çox layihələr reklam və təqdimatdan ötəyə keçə bilmir. Səriştəsiz İT departament, şöbə və sektor rəhbərləri görülən işləri bloklayır. Hər bir qurum “Ağıllı şəhər və kənd” konseptinin elementidir, bu qurumların İT cavabdehliyini daşıyan şəxslər mütləq İnformasiya texnologiyaları üzrə təcrübəli şəxslər olmalıdır. Əks halda qurumlar İT infrastrukturu üçün xərclənən pulların cavabını verə bilməyəcək və öz xidmətlərini elektron xidmətə keçirə bilməyəcəklər.

Elektron Hökumət “pdf” endirmək və ya yükləmək demək deyil. Nə də boy- boy teqdimatlar hazırlayıb tədbirlər keçirtmək deyil. Bu sahədə görülən işlər qənaətbəxş deyil. İKT sahəsində fəaliyyət göstərən şirkətlər bir çox halda dövlət qurumları tərəfindən xüsusən də bəzi qurumlar tərəfindən bloklanıb. Öz konsorsiumlarını və sövdələşdikləri şirkətləri tenderlərə cəlb etməklə bu sahəni ancaq tənəzzülə uğradacaqlar. İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin Assosiasiyası hələ də yoxdur. Bir neçə böyük şirkət bu sahəni bloklamak üçün müxtəlif birliklər yaradıb, məqsədləri inkişaf etməkdə olan şirkətləri və startapları əngəlləyib gələcəkdə özlərinə rəqib olacaq şirkətləri bugundən sıradan çıxarmaqdır.

Əgər biz inkişaf etməkdə olan İKT sahəsindəki şirkətlər dünya rəqabətçiliyinə qoşulmaq istəyiriksə, bu problemlər öz həllini tapmalıdır. Ən əsas da qurumlardakı İKT sahəsinə cavabdeh şəxslərin bilik və təcrübəsini gözdən keçirməliyik. Yalandan boy-boy təqdimat hazırlayan qurumların fəaliyyətini və keçirdiyi tenderlərin nəticələrini gözdən keçirməliyik. Müstəqil İKT ekspertlər şurası yaradılmalıdır və görülən işlərə nəzarət mexanizimi bu şuraya da tapşırılmalıdır. Qurumların İKT üzrə hesabatlarını Assosiasiya və tərkibindəki həmin müstəqil expertlər şurasının təhlil və təsdiq etməsini təklif edirəm. Əks halda qurumların daxilindəki səriştəsiz insanların hazırladığı həqiqəti əks etdirməyən hesabatlar ilə özümüzü aldadacağıq və görülən real işlərə də kölgə düşəcək.

İKT üzrə müstəqil ekspert: Elvin ABBASOV

 




OXŞAR XƏBƏRLƏR