Prosesdə üzləşdirmə zamanı  Nərmin Quliyevanın  atası həyat yoldaşı Aynurə İsmayılovanın dediklərini təkzib edib

Prosesdə üzləşdirmə zamanı Nərmin Quliyevanın atası həyat yoldaşı Aynurə İsmayılovanın dediklərini təkzib edib


Sentyabrın 8-də Gəncə Ağır Cinayətlər Məhkəməsində, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində  xüsusi amansızlıqla qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, 1 saat 40 dəqiqə sürən proses Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın şahid ifadəsiylə davam etdirilib.

A.İsmayılova ifadəsində bildirib ki, guya İlkin  Süleymanov Nərmin Quliyevanı qısqanclıq zəminində qətlə yetirib. Lakin məhkəmə araşdırması zamanı A.İsmayılova səsləndirdiyi ittihamları sübutlarla əsaslandıra bilməyib. Prosesin ilk dəqiqələrində müdafiə tərəfinin və hakimin suallarını qısaca "bilmirəm, "xatırlamıram", "unutmuşam" kimi yığcam cavablarla yola versə də, müdafiə tərəfinin təkidli sualları qarşısında əsəblərini cilovlaya bilməyib, zidiyytli cavablar verib. Bu da həm hakim Dadaş İmanovun gözündən qaçmayıb.

Hakim prosesdə verilən ziddiyətli şahid ifadələrinə sonda məhkəmənin qiymət verəcəyini bildirib.

Şahid ifadəsində bildirib ki, yanvarın 6-sı 2020-ci il də,  Nərmin Quliyevanın  meyiti yanmış vəziyyətdə tapıldığı gün səhər saatlarında Tovuz rayon Polis Şöbəsinə gediblər. Onun sözlərinə görə,  orada polis rəisi Şirzad Əsgərovla da görüşüblər. Onlar evə qayıdandan sonra isə  polis rəisi yenidən kəndə gəlib. A.İsmayılovanın sözlərinə görə, polis rəisi Ş.Əsgətov ondan uşağın əynində hansı paltarların olduğunu soruşaraq deyib ki, N.Quliyevanın meyiti tapılarsa, onu paltarlarından tanıya bilərlərmi? Çahidin ifadələri müdafiə tərəfinin çoxdaylı suallar verməsinə səbəb olub. İ.süleymanovun vəkili Əlibaba Rzayevin şahidə verdiyi suallar bir sıra qaranlıq məqamlara aydınlıq gətirib:

“Siz polis şöbəsində olmuşdunuz, polis rəisinin də lazım olan suallarına cavab vermişdiniz. Yarım saat sonra Ş.Əsgərovun sizə gəlməsinə nə ehtiyac vardı? Ay yarım idi uşaq itmişdi, o vaxtadək də sizdən geyimini soruşmamışdılar ki, yanvarın 6-da soruşurdular? Üstəlik, o, sizdən uşağı geyimindən tanıya biləcəyinizi soruşanda siz şübhələnmədinizmi ki, görəsən Ş,Əsgərov bunu niyə soruşur? Demədinizmi ki, ay rəis, mənim uşağım hansı vəziyyətdədir ki, mən onu geyimindən tanıyım? Onda hələ uşağın öldüyü, meyitin yandırıldığı da məlum deyildi. O hardan bilirdi ki, uşaq tanınmaz vəziyyətdə tapılacaq...”, –

A. İsmayılova isə bu suallara konkret cavab verə bilməyib. O bildirib ki, Nərmin itkin düşəndən polis rəisi daim bu məsələ ilə maraqlanırb, uşaqla bağlı suallar verib: “Şirzad müəllim onsuz da həmişə maraqlanırdı ki, uşaq axtarılırmı, əynində nə olub?  Mənim bildiyim də yadımdan çıxıb. Üstündən 2 il keçib.”

 Nərmin Quliyevanın hüquqi varisi məhkəmədə İlkin Süleymanovun cinayəti tək törətmədiyini iddia edib:

 "Hadisə vaxtı İlkin Süleymanov tək olmayıb. Qohumları Tariyel, Murad, İlhamə və Kəmalə adlı şəxslər də onunla birgə olub. Cinayətdə onların da əli var."
Hakim Dadaş İmanov hüquqi varisi verdiyi ifadələrdə və səsləndirdiyi ittihamlarda  diqqətli və məsuliyyətli olmağı tövsiyyə edib. Daha sonra dövlət ittihamçısı Müşviq Rəhimova bildirib ki, A. İsmayılovanın səslındirdiyi fikirlərə münasibət bildirsin. 

M.Rəhimov bildirib ki, irəli sürülən ittihamla bağlı cinayət işi bu prosesdən ayrılıb və hazırda araşdırma aparılır.
 Daha sonra hüquqi varis Aynur İsmayılovanın ifadəsindəki ziddiyyətli məqamlarla bağlı  həyat yoldaşı Şərif Quliyevlə üzləşdirmə aparılıb. Üzləşdirmə zamanı Ş.Quliyev A.İsmayılovanın dediklərini təkzib edib.

Hakim və müdafiə tərəfi prosesdə adı daha çox hallanan Şirzad Əsgərovun mərhum N.Quliyevanın axtarışda olduğu müddətdə ailəsinə "Qızınızı görsəniz tanıyarsınızmı?" sualını tez-tez verməsiylə bağlı apardığı məhkəmə istintaqı zamanı bəlli olub ki,   Ş.Əsgərov ailəyə dəfələrlə bu sualı hansı məqsədlə verməsi haqda verilən suallara heç bir açıqlama verməyib.

Prosesdə müdafiə tərəfinin N.Quliyevanın ekskumasiya edilməsiylə bağlı qaldırdığı vəsətati A.İsmayılova qəti şəkildə rədd edib: "Doğrudur, mən Nərmin tapıldıqdan sonra ona baxmamışam. Lakin atası və əmisi morqda yuyat zamanı baxıblar və  tanıyıblar. Onlara inanıram."

N.Quliyevanın atası Şərif Quliyev isə aidiyyatı üzrə verilən sualları cavablandırarkən bildirib ki, o qızının meyidi tapılandan bir gun sonra yanvarın 7-si səhər saatlarında onu uzaqdan görüb. Morqda isə yuyatda işttirak etməyib.

Proses zamanı müdafiə tərəfi və məhkəmənin verdiyi "Bəs sizə demədilər ki, İlkin Süleymanov qızınızı niyə öldürüb"  sualını cavablandıra bilməyən A.İsmayılova bildirib ki, rayon prokuroru Nadir Mirzəyev deyib ki, bütün bunlar haqqında ona məhkəmədə məlumat veriləcək: "Yuxarıdakılar mənə dedi ki, Nərmini İlkin öldürüb. Amma niyəsinə cavab vermədilər. Eləcə dedilər ki, bizim suallarımızı cavablandırmalısan. Sizin suallara isə cavabı məhkəmədə verəcəklər".

Təqsirləndirilən İlkin Süleymanovun sualını cavablandıran hüquqi varis A.İsmayılova kiminsə onu həyətlərində görmədiyini bildirib.

Hakim Dadaş İmanov  şahidə sual verib ki,  hüquq-mühafizə orqanlarının rəsmiləri onlara bu cinayəti İlkin Süleymanovun törətdiyini deyəndə, onun uşağını hansı səbəbdən öldürdüyünü soruşubmu? A.İsmayılova da, həyat yoldaşı Ş.Quliyev də bildiriblər ki, Nərminin hansı səbəbdən öldürülməsiyə maraqlanmayıblar. Yalnız iş məhkəməyə göndəriləndə ittiham aktını oxuyublar.

Növbəti proses sentyabrın 29-u hüquqi varis A. İsmayılovanın şahid ifadələriylə davam etdiriləcək.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki,  İlkin Süleymanov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Azadmediatv.com

Bakı-Gəncə-Bakı
 




OXŞAR XƏBƏRLƏR