Qətlə yetrilən Nərmin Quliyevanın anası:

Qətlə yetrilən Nərmin Quliyevanın anası: "Ərizələri adımdan Tovuz rayon Polis Şöbəsinin əməkdaşları yazıblar"

Sentyabrın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın oğurlanaraq amansızcasına qətlə yetirilməsiylə bağlı məhkəmə prosesi davam edib.

Prosesdə  Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları  zamanı  azyaşlının anası Aynurə İsmayılovanın şahid ifadəsi dinlənilərkən məlum olub ki, onun istintaqdakı ifadələrilə məhkəmədə  verdiyi ifadələr arasında kəskin ziddiyyətlər var.

Proses  zamanı A.İsmayılova müdafiə tərəfinin və hakimin verdiyi sualları cavablandırarkən azyaşlı N.Quliyevanın sonuncu dəfə evdən çıxarkən əynindəki paltarlarından tutmuş, hadisəni törətməkdə irriham edilən  İlkin Süleymanovun yaxınlarıyla bağlı  dediyi fikirlərdə hədsiz ziddiyyətlər olduğu müəyyənləşdirilib. 
A.İsmayılova istintaqa  verdiyi ifadəsində iddia edib ki, kənd camaatının ona dediyinə görə, təqsirləndirilən İ.Süleymanov böyük qızını oğurlamaq niyyətində olub, lakin səhvən Nərmini aparıb. Həmçinin ifadəsində onu da qeyd edib ki, Nərminin girovluqda saxlandığı ay yarım ərzində Süleymanovların evindən qaçmaq istəyib, lakin bu zaman İlkinin qohumları onu tutub saxlayıblar.
Məhkəmə dindirməsi zamanı isə A.İsmayılova  bildirib ki, belə ifadə verdiyini xatırlamır. Təzadlı ifadə verməsini isə "yadımda deyil, ola bilər, əsəbi olmuşam, fikrim özümdə olmayıb, demişəm" kimi əsaslandırıb.

A.İsmayılova bildirib ki, Nərmin tapılandan sonra onun meyitini görməyib. İstintaqa ifadəsində isə bildirib ki, evdən onu gedib  övladına baxmağa qoymayıblar, ona görə də görməyib.

Hakim Dadaş İmanov təkidlə  soruşub ki,  uşağının meyitinə baxmasına A.İsmayılovaya imkan verməyən kimlər olub? O yenə də konkret cavab verməyib və deyib ki, "onda özümdə olmamışam, neylədiyimi bilməmişəm..."

Məhkəmənin və müfafiə tərəfinin bununla bağlı verdiyi təkrar suallara isə "Uxarıdan qoymadılar. Dedilər Bakıdan gələcəklər, onadək heç nəyə əl vurmaq olmaz. Mən naara bilərdim" cavabını verərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını nəzərdə tutduğunu söyləyib.
Hakimin daha bir sualı isə azyaşlının kiminləsə sevgi münasibəti olması, yazışması haqda olub. A.İsmayılova "elə şey olmayıb, bizim evdə heç telefon işlədilməyib" desə də, hakim onun nəzərinə çatdırıb ki, cinayət işinin materiallarında bu barədə ifadələr və materiallar var.

A.İsmayılova sualları cavablandırarkən ailələrinin mehriban dolandığını, heç vaxt ər-arvad arasında dava-dalaş  yaşamadıqlarını desə də,  müdafiə tərəfi iddia edib ki,  həyat yoldaşı Şərif Quliyevin dəfəıərlə onun işlədiyi kafeyə gəlib dava-dalaş salması haqda əllərində sübutlar var.  Buna görə hətta A.İsmayılova ərindən Tovuz rayon Polis Şöbəsinə şikayət də edib.

İş materiallarında ananın qızının ölümüylə bağlı da müxtəlif orqanlara ərizələri var. Dindirmədə o, etiraf edib ki, ərizələri onun adından Tovuz rayon Polis Şöbəsinin əməkdaşları yazıblar.

Proses oktyabrın 20-dək təxirə salınıb.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki,  İlkin Süleymanov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Azadmediatv.com

Bakı-Gəncə-Bakı
 




OXŞAR XƏBƏRLƏR