Nərmin Quliyevanın əmisi:

Nərmin Quliyevanın əmisi: "Nərminin anası Şirzad Əsgərovla  dalaşanda mən orada yoxuydum" - MƏHKƏMƏ

Oktyabrın 20-də Gəncə Şəhər Ağlr Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 2019-cu il noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanması və 2020-ci il yanvarın 6-sı axşam saatlarında  yanmış vəziyyətdə meyitinin tapılmasıyla bağlı ittiham edilən İlkin Süleymanovun məhkəmə prosesi şahid ifadələrinin dinlənilməsiylə  davam edib. 
 Prosesdə N.Quliyevanın 85 yaşlı nənəsi Leybə Quliyevanın sərbəst ifadəsi dinlənilib. Hakimin və müdafiə tərəfinin suallarını cavablandırarkən məlum olub ki,  L.Quliyeva azyaşlı nəvəsinin ölümündə ittiham edilən İlkin Süleymanovu, ümumiyyətlə, tanımır. Lakin buna baxmayaraq, hesab edir ki, nəvəsini, məhz həmkəndlisi İ.Süleymanov qətlə yetirib və buna görə də ailənin düşmənidir.
Hakim D.İmanov şahidin məhkəmə qərarı olmadan L.Quliyevanın  qatilin İ.Süleymanovun olmasını və onu düşmən elan etməsinə münasibət bildirərkən təəssüflə: "Bu qədərdir məhkəmə araşdırması gedir, heç biz tapa bilmirik ki, sizin düşməniniz kimdir, siz bunu hansı fakt və sübuta əsaslanıb bunu deyirsiniz?"-, sualına  L.Quliyeva bildirib ki, bu haqda onlara polis deyib: "Polis hökümət adamıdır, yalan deməz ki..."-, deyə cavab verib.
Qeyd edək ki, bundan öncəki proseslərdə mərhumun anası Aynurə İsmayılovanın məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən, Nərmin Quliyevanın yanmış meyit tapılarkən qızının başına gələnlərə görə Tovuz rayon Polis Şöbəsinin hazırda təqaüddə olduğu söylənilən sabiq rəisi Şirzad Əsgərovu ittiham etdiyi də deyilirdi.  Hətta yas mərasimində iştirak edənlərin dediyinə görə,  onların arasında qalmaqal da yaşanıb.

Daha sonra prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən əmisi Arif Quliyev şahid qismində dindirilib. Atasi Şərif Quliyevin verdiyi ifadəyə görə, Nərmin məktəbdən gəldikdən sonra  evdən çıxaraq onun dəri  gödəkcəsini qardaşına aparmaq üçün əmisigilə gedib. Onlardan çıxandan sonra isə itkin düşüb. 

Prosesdə  hakimin və müdafiə tərəfinin suallarını cavablandırarkən A.Quliyev deyib ki, qardaşı qızı Nərmin günorta saat 15:30 radələrində onlara gəlib, təqribən bir dəqiqə dayanıb və gedib: "Ona zənbil vermək istədim ki, evlərinə aparsın, amma ağır olduğuna görə dedim ki, qızım böyük bacını da çağır, köməkləşib apararsınız. Qapıdan çıxanda da arxasınca baxdım. Təxminən bir saat sonra Nərminin özündən iki yaş böyük bacısı gəldi. Nərminin bizdə olub-olmadığını soruşdu, dedi ki, bacısı  evə dönməyib".
Hakim və müdafiə tərəfi dəfələrlə Nərmindən sonra onun evinə gəlib, deməsinə görə ərzaqla dolu zənbili aparan qardaşının böyük qızının adını soruşsa da, A.Quliyev çaşqın vəziyyətdə dəqiqələrlə adı yadına salmağa çalışsa da, tapa bilməyib. Nərminin atası yerindən "Böyük qızımın adı Şəbnəmdir" deyib. 
Nərminin əmisi A.Quliyev sualları cavablandırarkən bildirib ki, elə həmin gün  axşam saat 18:00 radələrində Nərminin atası Şərif Quliyev onlara gəlib, qonşu kənddə toy öncəsi keçirilən "ciyər axşamı"na gediblər. Axşam saat 20:00 radələrində isə qayıdıblar.  Lakin həmin müddət ərzində  Nərmin haqda heç bir söhbət etməyiblər. 

Müdafiə tərəfi bu dəfə də  N.Quliyevanın itkin düşdüyü gün əynindəki mübahisəli geyimlərlə bağlı suallar veriblər. Həmin gün uşağı bir dəqiqə ərzində gördüyünü deyən Arif Quliyev qardaşı qızının əynində olanların hamısını məhkəmədə təsvir edib: "Nərminin əynində göy cins şalvar, çəhrayı sviter, eyni rəngdə gödəkçə, papaq və ağ rəngdə idman ayaqqabısı varıydı". 
Daha sonra qardaşı Şərifin "ciyər axşamı"nda  əynində olanlarla bağlı sualları cavablandıra bilməyən A.Quliyev: "Onun əynində olanlara diqqət yetirmədim, ona görə xatırlamıram"-, deyib. 

Qeyd edək ki, ötən proseslərdə mərhumun atası Ş.Quliyev Nərminin  əynində qara kalqotka və ya qara retuz, qırmlzl gödəkçə, qırmızı papaq və xaki rəngli ket olduğunu,  anası Aynurə İsmayılova isə bildirib ki, qızı evdən çıxarkən əynində məktəb paltarları - ağ köynək, qara ətək, ağ kalqotka olub.

A.Quliyev bildirib ki, Nərminin axtarışları zamanı polis əməkdaşları əhliləşdirilmiş itlərdən də istifadə edib. olunub. İtlər A.Quliyevin ailəsinin, onlarla bir həyətdə yaşayan anasının və yan həyətdə yaşayan qonşunun evinə girib, axtarış aparıb.
Vəkillər A.Quliyevdən yas mərasimi zamanı Nərminin anası Aynurə ilə Tovuzun  sabiq polis rəisi Şirzad Əsgərov arasında nə baş verdiyini soruşanda şahid sualı sonadək dinləmədən "Nərmin anası Şirzad Əsgərovla  dalaşanda mən orada yoxuydum" cavabını verib. Sonradan isə fikrini dəyişərək onların dalaşmadığını bildirib.

Quliyevin istintaqa ifadəsi ilə məhkəmə araşdırması zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə növbəti məhkəmə iclasında onun dindirilməsinin davam etdirilməsi, istintaqdakı ifadəsinin tədqiq olunmasına qərar verilib.


Proses oktyabrın 27-də şahid ifadələriylə davam etdiriləcək.

Prosesdən sonra brifinqdə mətbuatın suallarını cavablandıran  N.Quliyevanın  oğurlanıb, xüsusi amansızlıqla qətlə yetirilməsində ittiham edilən Tovuz rayonunun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun qardaşı Adil Süleymanov  bildirib ki, Aynurə İsmayılovanın sabiq polis rəisi Şirzad Əsgərovun yaxasından yapışıb onu günahlandırmasının xeyli şahidləri var: "Bunu  həmin vaxt bütün kənd camaatı da görüb. Maraqlıdır ki, bunu demək üçün Aynurə İsmayılovanın nə əsası vardı? Necə olur, əmisi cəmi bir dəqiqə gördüyü Nərminin geyimini tam xatırlayır, lakin axşam daha uzun müddət ərzində  gördüyü qardaşının nə geyindiyini xatırlamır? Anası deyir ki, uşağın əynində yubka vardı, əmisi deyir ki, cins şalvar. Bu işi düzüb-qoşanlar anlayırlar ki, ziddiyyətlər ortaya çıxır, ona görə çalışırlar ki, boşluqları aradan qaldırsınlar. Tapılan meyitin əynində cins şalvar olub...".

A.Süleymanov  qeyd edib ki, cinayət işinin materialları ilə tanışlıq zamanı müdafiə tərəfində dəfn olunan meyitin Nərmin Quliyeva  olmasına dair şübhələr yaranıb. O, şübhələrə əsas verən məqamları da açıqlayıb: "Nərmin Quliyeva ilə bağlı tibb müəssisələrindən alınmış sənədlərdə, onun şəxsiyyət vəsiqəsində qan qrupu IV göstərilib. Lakin ekspertiza dəfn olunan meyitin qan qrupunun II olması barədə rəy verib. İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert  bunu mütləqyazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. İşdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü Nərmin Quliyevanın - 10 yaşlı uşağa uyğun deyil, xeyli uzundur. Foto-şəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub".

Qan qrupları arasındakı ziddiyyət, meyitin boyunun ölçüsü barədə dediklərini vəkil Əlibaba Rzayev də təsdiqləyib. Müdafiəçi bildirib ki, məhkəmədə sənədlərin tədqiqi mərhələsində bu məsələləri qaldırıb ziddiyyətlərə aydınlıq gətirməyə çalışacaqlar.


Qeyd edək ki,  İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Prosesdə bildirib ki, dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Xatırladaq ki, Baş Prokurorluq  İ.Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib. İ.Süleymanovun ailə üzvləri də onun günahsız olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 Gülnaz Qənbərli, Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 




OXŞAR XƏBƏRLƏR