Nərmin Quliyevanın əmisi:

Nərmin Quliyevanın əmisi: "Kamal Qılıcov camaatı başına yığıb dedi ki, qatil İlkindir.  O, dövlət adamıdır, inanmayaydıq?"- MƏHKƏMƏ


Oktyabrın 27-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadəsiylə davam etdirilib.

Azadmediatv.com xəbər verir ki,  prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev sərbəst ifadə verib.

Şahid cinayət işi üzrə müxtəlif epizodlar üzrə məhkəmənin, dövlət ittihamçısı və müdafiə tərəfinin suallarını cavablandırıb.

A.Quliyevin  sərbəst ifadəsi dinlənilirkən onun məhkəmədə verdiyi ifadə ilə əvvəlki ifadələri arasında ziddiyyətlər olduğu bəlli olub. Hakim Dadaş İmanov şahidin ifadəsini bəyan edib.
A.Quliyevin sözlərinə görə, qardaşı qızı Nərmin 2019-cu il noyabrın 21-də içində gödəkçə olan qara-qırmızı rəngli sellofan torba ilə günorta saatlarında onlara gəlib və təxminən bir dəqiqə dayanıb, sonra gedib. Nərmindən təqribən saatyarım sonra bacısının burada olub-olmadığını dəqiqləşdirmək üçün onun böyük bacısı Şəbnəm də A.Quliyevgilə gəlib və bildirib ki, bacısı Nərmin hələ də evə qayıtmayıb.   Lakin Şəbnəm Nərminin əmisigildə olmadığını öyrəndikdən sonra evlərinə qayıdıb.
Şahid epizodla  bağlı müdafiə tərəfinin verdiyi sualları cavablandırarkən bəlli olib ki,  uşağın harada olduğu bilinməməsinə baxmayaraq, azyaşlı Nərminin atası Şərif Quliyev həmin gün axşam saat 17:30 radələrində qardaşıgilə gəlib, oradan da qonşu kənddə "ciyər axşamı"na gediblər. 
İttiham aktında  İ.Süleymanovun N.Quliyevanı itkin düşdüyü 47 gün ərzində  evlərində nəzarət altında saxladığı iddia olunsa da, A.Quliyev isə onu həmin müddətdə bir neçə dəfə  müxtəlif günlərtdə və vaxtlatda kəndin içində görüb.

İ.Süleymanov bildirib ki, rəsmi sənədlərdə təqsirləndirilən şübhəli şəxs qismində hüquq-mühafizə orqanları tərəfindən 2020-ci il yanvarın 10-da saxlandığı yazılsa da, əslində,  N.Quliyevanın meyiti tapıldığı gün -  yanvarın 6-da saxlanıb. Lakin  dörd gün ərzində ona verilən dəhşətli işgəncələrə məruz dözməyib, yanvarın 10-da uşağı oğurlayıb öldürməsi barədə onun əvəzindən yazılıb, hazırlanmış məlim ifadəyə imza atıb.

A.Quliyev də  müdafiə tərəfinin suallarını cavablandırarkən faktı təsdiqləyib: "İlkini elə həmin gün - yanvarın 6-da polis şöbəsinə aparmışdılar. Turulduğunu  həmin gündən bilirdik. Nərminin üç mərasimində mağarda Kamal Qılıcov ( 2020-ci il iyunun 12-də Kamal Qılıcov Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. Hazırda o, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisidir-red.) camaatı başına yığıb dedi ki, qatil İlkindir.  O, dövlət adamıdır, inanmayaydıq?".
A.Quliyev bildirib ki, yanvarın 6-da axşam saatlarında qardaşı qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını dayısından eşidib, hadisə yerinə gedib: "Mən gedəndə hadisə yerində kənd camaatı və çoxlu polis var idi. Meyitə yaxın getməyə qoymadılar, qaranlıqıydı, təxminən 5 m məsafədən gördüm, yaxınlığlnda da içinə adətən, neft və ya benzil doldurulan  5 litrlik kanistr var idi,. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. 3 saat sonra atasına xəbər verdim, təxminən 11-ə işləmiş olardı, o da gəldi...".

Dindirmə zamanı məlum olub ki, uşağın atası da gələndə, ümumiyyətlə,  meyitə baxmayıb. Heç anası Aynurə İsmayılova da nə həmin gün hadisə yerinə gəlib, nə də sonradan tapılan meyiti görməyib.

Nərmin itkin düşdüyü vaxt ərzində kənddə evlərdə axtarışlar aparılıb. Dondar Quşçuya gətirilən əhliləşdirilmiş itlər Nərminin əmisi A.Quliyevin, onunla eyni həyətdə yaşayan nənəsinin və digər qonşunun evlərində axtarışda olub. Həmçinin o özü və digər qohumlar da, polislərlə birgə  başqa evlərə də baxış keçiriblər.

A.Quliyev ilkin istintaqa ifadəsində deyib ki, İ.Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov həmin  vaxt axtarış aparanları onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışıb. Məhkəmə araşdırması zamanı verdiyi ifadəsində  isə bu məsələ ilə bağlı fərqli məlumat verib: "Nə Murad, nə də başqası həmin vaxt axtarış apatanlara evlərinə baxış keçirməyə qadağa qoymamışdı. İstəsəydik, gedib baxa bilərdik. Sadəcə, Murad özü polis olduğuna görə, baxmamışıq...".

Məhkəmə araşdırmaları zamanı A.Quliyevlə qardaşı Şərifin üzləşməsi zamanı onlar bir-birini inkar ediblər.


Proses noyabrın 3-ü şahid ifadələrinin dinlənilməsiylə davam etdiriləcək.

 Prosesdən sonra təqsirləndirilən İ.Süleymanovun vəkili Əlibaba Rzayev Azadmediatv.com-un suallarını cavablandırarkən bildirib ki, məhkəmə araşdırması hüquqlarını müdafiə etdiyi şəxsin yanvarın 10-da deyil, 6-da saxlandığını ortaya qoyub. Ə.Rzayev bildirib ki,  bu fakt cinayət işindəki yalanlardan daha birinin üstünün açılması deməkdir: "İstintaq orqanı İlkin Süleymanovun 4 gün ərzində Tovuz rayon Polis Şöbəsində qanunsuz olaraq saxlanılması faktını ört-basdır etməyə çalışır. Bunun əksini isə təkcə İlkin Süleymanov və müdafiə tərəfi demir,  həm də zərərçəkən tərəf də ifadələrində təsdiqləyir ki, İlkin yanvarın 10-da yox,  6-dan saxlanıb. Biz Kamal Qılıcovun hansı statusla bu prosesdə iştirak etməsini, İ.Süleymanova rəsmi ittiham elan olunmadan onun haqqında açıqlama verməsiylə bağlı da araşdırma aparacağıq".

Qeyd edək ki, İ.Süleymanovun 4 gün heç bir məhkəmə qərarı və sanksiya olmadan qanunsuz saxlanması barədə müdafiəçiləri prokurorluğa, məhkəməyə şikayət versələr də, iddiaları təmin olunmayıb. Bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə də şikayət göndərilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 




OXŞAR XƏBƏRLƏR