Nərmin Quliyevanın bacısı:

Nərmin Quliyevanın bacısı: "Yandırılmış meyit tapılanda  Arif əmim dedi ki, bu uşaq Nərmin deyil"

Noyabrın 3-də  Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında, hakim Dadaş İmanovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi  şahid ifadəsinin  dindirilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, prosesdə mərhumun 14 yaşlı bacısı Şəbnəm Quliyeva yetkinlik yaşına çatmadığına görə, atasının iştirakı ilə sərbəst ifadə verib.  Hakim D.İmanovun və dövlət ittihamçısı Müşviq Rəhimovun suallarını cavablandırarkən, Ş.Quliyeva  məhkəmədə təqsirləndirilən İ.Süleymanovu  tanıdığını deyib. Dövlət ittihamçısı M.Rəhimovun  suallarını cavablandıran şahid bacısı Nərminin bədənində hər hansı  yara olmadığnı və ya xəstəlikdən əziyyət çəkmədiyini bildirib.

İlkin Süleymanovun vəkili isə Nərminin bacısının istintaq zamanı verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyətlər olduğunu qeyd edib. Vəkil həmçinin bildirib ki, Nərminin bacısı ilə anasının ifadələri də üst-üstə düşmür. Nəhkəmə araşdırması zamanı o da məlum olub ki,  N.Quliyeva yoxa çıxdığı gün kənddə  sarı rəngli naməlum taksi  onun qarşısını kəsib və maşına minməsini təklif edib: "İki kişi idilər. Biri arıq, o biri isə doluydu. Onları heç vaxt kənddə görməmişdim, tanımırdım.  Ona görə də maşına minmədim.  elə həmin vaxt oradan keçən qonşularımız məni maşınla götürüb, evimizə apardılar".

Ş. Quliyeva sualları cavablandırarkən bildirib ki, söylədikləriylə bağlı istintaq zamanı da araşdırılıb. Tovuz rayon Polis Şöbəsində 5 nəfər  taksiçi və onların avtomobilləri tanınma prosesində  ona təqdim edilsə də, lakin onlar həmin şəxlər olmayıblar: "Nərmin dərsdən bizdən tez gəlmişdi. Atam deyəndə ki, əmimgilə getmək lazımdır, mən dedim ki, bacı, sən get, mənim dərslərim var. O da gödəkcəni götürüb getdi. Həmin vaxt atamla birgə mərçi şorbası bişirirdik.  Ona görə də, atam Nərminin evdən çıxdığını görmədi (Nərminin atası Şərif Quliyev isə məhkəmədəki ifadəsində bildirmişdi ki, Nərmini özü yola salmışdı və həyət qaplsından çıxanda  qızı küçədə gedərkən gözdən itənədək onun arxasınca uzun-uzadı baxıb. -red: G.Q.) 
Nərminin əmimgilə getməyindən xeyli keçsə də, evə gəlib çıxmamışdı. Atam da məni onun arxasınca göndərdi. Əmimgildə dedilər ki, bacım bir saat olar çıxıb. Mən geri qayıdanda  bizimlə paralel siniflərdə oxuyan Şəmsiyyə və Sevinc adlı məktəb yoldaşlarımızı gördüm. Şəmsiyyə və Sevinc  nənəmgil tərəfdə hazırlıqdan gəlirdilər. Onlar Nərminin əmimgildən çıxıb hansı istiqamətdə getdiyini görüblər". 
Cinayət işindəki ifadələrdən isə məlum olur ki, Şəmsiyyə və Sevinc adlı həmin şagirdlər mərhum N.Quliyevanı əmisigildən çıxanda təqsirləndirilən İlkin Süleymanovgilin evinə tərəf yox, əks istiqamətdə getdiyini görüblər.

Ş.Quliyeva ifadəsində  bildirib ki, bacısının ölümündə təqsirləndirilən İlkin Süleymanovu yaxşı tanıyır: "İlkin atamın sinif yoldaşı olub. Bir-iki dəfə bizə kitab da vermişdi. Onlar tərəvəz satırdılar, olurdu ki, gedib göyərti, tərəvəz alırdıq. Anasıyla münasibətimiz yaxşıydı. İlkinlə isə ancaq salamlaşardıq".
Şahid bacısının meyitinin tapıldığı günlə də bağlı verilən sualları cavablandırıb: "Həmin gün kənddə yandırılmış meyit tapılanda  Arif əmim bizə gəldi,  evdə olan hamıya dedi ki, yandırılan meyit Nərmin deyil, tapılan bizim uşaq deyil. Bunu təsəlli üçün dediyini isə düşünmədik.  Hazırda isə düşünürəm ki,  yəqin onda əmim bizi qorxutmamaq üçün belə deyib.".

Ş.Quliyevanın sözlərinə görə, itkin düşdüyü gün axşam Nərmin də atasıyla qonşu kənddəki toy axşamına getməliydi. Amma günorta saatlarında əmisigilə gedən Nərmindən xəbər çıxmadığına görə atası onsuz getməli olub.

Нет описания.

Müdafiə tərəfinin "Əgər Nərmin ortada yoxuydusa,  bəs nə əcəb atanız belə bir vəziyyətdə bacınızı axtarmadı, "ciyər axşamına" getdi?" sualına isə Ş.Quliyeva bildirib ki, Nərmin nənəmgilə tez-tez getdiyindən fikirləşdik ki, bəlkə əmimgildən sonra  nənəmgilə keçib.".

Məhkəmə araşdırması zamanı məlum olunub ki, Ş.Quliyevanın  istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında xeyli ziddiyyət olub.  Hakim Dadaş İmanov şahidin istintaqa verdiyi ifadəsini elan edilib. Şahid verdiyi ifadədə  deyib ki, bacısı sonuncu dəfə əmisigilə gedəndə məktəbdən yeni gəlmişdi deyə, əynində də həmin paltarıar varıydı. Məhkəmədə isə bildirib ki, yadında deyil, yalnız onun yaşıl idman ayaqqabısını və çəhrayı gödəkcədə getdiyini xatırlayır. Qara yubka isə evdədir. Qeyd edim ki, eyni epizodla bağlı sualları cavblandırarkən N.Quliyevanın anası məhkəmədə Nərminin məktəb paltarlarının evdə olmadığını demişdi.

Əmisi A.Quliyev  isə məhkəmədə bildirmişdi ki, hadisə günü qardaşı qızı təxminən bir dəqiqə onlarda dayansa da, onun üstündəki bütün geyimləri yadındadır. Onun sözlərinə görə, Nərminin əynində cins şalvar, ayağında ağ idman ayaqqabısı vardı...

Ş.Quliyeva deyib ki,  bacısı həmin gün gödəkçəni aparanda məktəbli formasında olub. Qara ətək və ağ köynəkdə...
 
Proses  noyabrın 17-də şahid ifadələrinin dinlənilməsiylə davam edəcək.


Prosesdən sonra Azadmediatv.com-un suallarını cavablandıran İ.Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, cinayət işinin materiallarında qardaşının günahsızlığını ortaya qoyan ciddi faktlar var və müdafiə tərəfi onları növbəti məhkəmə dindirmələrdə ortaya qoyacaq: "Cinayət işində Nərminin əmisigildən çıxıb bizə tərəf yox, kəndin mərkəzi istiqamətində getdiyini təsdiqləyən 4 fakt var. Hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş xüsusi it gətirmişdilər. İt Nərminin iziylə əmisigilə, onlarla qonşu olan nənəsigilə girib, sonra Nərmingilin yaşadığı ev istiqamətində gedib. Əgər Nərmin bizim evdə olsaydı, o it bizim evə də girərdi. Amma girməyib, keçib gedib".
İ.Süleymanovun hüquqlarını məhkəmədə müdafiə edən vəkil Əlibaba Rzayev isə hesab edir ki, hüquq-mühafizə orqanları kənddəki naməlum sarı taksi və içindəki şəxslərlə bağlı daha ciddi araşdırma aparmalıydı: "Uşağın dediyi rəngdə və formada istər Tovuzda, istər ətraf rayonlarda onlarla belə avtomobil var. Cəmi beşini tanınmaya təqdim ediblər. Halbuki, bu məsələyə daha ciddi yanaşılmalıydı. Deyə bilmərəm ki, bunu bilərəkdən ediblər, ya səhlənkarlıqdan. Ancaq görünən odur ki, bu məsələyə səthi yanaşıblar".

Qeyd edək ki, İ.Süleymanovun 4 gün heç bir məhkəmə qərarı və sanksiya olmadan qanunsuz saxlanması barədə müdafiəçiləri prokurorluğa, məhkəməyə şikayət versələr də, iddiaları təmin olunmayıb. Bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə də şikayət göndərilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR