Nərmin Quliyevanın azyaşlı bacısı

Nərmin Quliyevanın azyaşlı bacısı "Arif əmim pəncərədən atama dedi ki…"


Noyabrın 17-də  Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında, hakim Dadaş İmanovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi  şahidlərin  dindirilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, prosesdə mərhumun 14 yaşlı bacısı Şəbnəm Quliyeva  və digər azyaşlı bacısı Şəhanə Quliyeva yetkinlik yaşına çatmadığına görə, atasının iştirakı ilə sərbəst ifadə veriblər.  

 Şahid ifadəsinin dinlənilməsindən öncə hakim D.İmanov  İ.Süleymanovun atası İbrahim Süleymanovun Prezident İlham Əliyevə və aidiyyatı üzrə digər 7 yüksək instansiyanın rəhbərinə ünvanladığı müraciətləri və Tovuz rayonunun Dondar Quşçu kənd sakinlərinin özlərinin şəxsi təşəbbüsləriylə imza toplayaraq, prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevaya göndərdikləri məktubları elan edib. 

İ.Süleymanov yazıb ki, oğlu İlkin Süleymanovu günahsız yerə həbs ediblər. Bunda məqsəd isə  onu cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçmələridir.

 İ.Süleymanov məktubunda tam məsuliyyətiylə yazır ki, İlkin Süleymanovu 2020-ci il  yanvarın 6-dan 10-na qədər xüsusi amansızlıqla ölümcül vəziyyətə salan işgəncələr veriblər: "Düz 4 gün İlkinə  qətl hadisəsini üzərinə götürsün deyə, işgəncə veriblər. Onun başına dəmir vedrə keçirib, üstündən ağır zərbələr endiriblər. İlkinin bədəninin müxtəlif orqanlanını "tok"a veriblər, yerə uzadaraq, qarnının üstünə ağır əşyalar atıblar. Əllərini ayaqlarına bağlayıb, başıaşağı asaraq döyüblər. Yanvarın 9-dan 10-na keçən gecə İlkinə deyiblər ki, imza atmasan valideynərini də buraya gətirib onlara daha ağır işgəncələr verəcəyik. Bundan sonra İlkin artıq dözə bilməyərək, onun əleyhinə yazılan "ifadə"sinə imza atdıraraq, cinayəti rəsmiləşdiriblər.  Həmçinin, bu işgəncələri ört-basdır etmək üçün uzun müddət onum müdafiəçiləriylə görüşməsinə imkan verməyiblər.

Daha sonra İ.Süleymanovun atası məktubunda  xüsusi amansızlıqla qətlə yetirilən  N.Quliyevanın valideynlərinin bu cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı göründüklərini qeyd edib:
"Həm Şərif Quliyev, həm də həyat yoldaşı Aynurə İsmayılova  məhkəmə prosesində ziddiyyətli və həqiqətəuyğun olmayan ifadələr verirlər. Buna görə də bizdə  yandırılmış meyitin Nərminə aid olmasına qarşı da şübhələr yaranıb".
İ.Süleymanovun atası  tapılan meyitlə, N.Quliyevanın sənədlərində  əks olunan  qan qrupları arasındakı fərqə də diqqət çəkib.
 Belə ki, İ.Süleymanov iddia edir ki,  azyaşlı N.Quliyevanın tibbi qeydiyyat kitabçasında və  şəxsiyyət vəsiqəsində onun qan qrupu (IV+) olub.  Məhkəmə Tibb-Ekspertiza İdarəsinin verdiyi  rəyə görə isə 2020-ci il yanvarın 6-da  ilk olaraq oğlu tərəfindən aşkarlanan yanan meyitin qan qrupu  (II+)-dur.  İ.Süleymanov A.İsmayılovanın N.Quliyeva haqqında  məhkəmədə  verdiyi ifadəsindəki ziddiyyətlər haqqında da yazıb: "A.İsmayılova qızı haqqında verilən sualları cavablandırarkən ifadəsində bildirib ki, qızının boyu təqribən onun bel nahiyyəsindən aşağı olub. Özü də ortaboylu olan A.İsmayılovanın dediyinə əsasən, mərhumun boyu təqribən  1,20 metr olub. Meyitin fotoşəkilinə əsasən və  kompüter proqramı vasitəsilə ekspertlərin müəyyənləşdirdiyinə görə isə tapılan meyitin boyu 1,42 metrdən çoxdur. Tovuzun polis rəisi  Şirzad Əsgərov haradan bilirdi ki, bir neçə gün sonra Nərmin ölmüş və tanınmaz halda tapılacaq ki, iki-üç gün öncədən bu haqda ailəsinə məluçat verirdii?".

İ.Süleymanovun  atası müraciətində qeyd edib ki,  xüsusi amansıqlıqla qətlə yetirilən N.Quliyevanın meyitinin arxa və ön hissədən cinsiyyət orqanları məxsusi olaraq yandırılıb: "Məhz, buna görə də  Məhkəmə Tibb-Ekspertizası N.Quliyevanın təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Həmçinin,  meyitin yanmasıyla üzərindəki paltarların yanma vəziyyəti də bir-birinə qətiyyən uyğun gəlmir. Əgər meyit kömürləşməyə qədər yanmışdısa, necə olub ki, onun paltarlarının bir hissəsi ümumiyyətlə, yanmayıb? Mütəxəssis təhlilləri göstərir ki, meyit artıq yandırılmış vəziyyətdə oraya atılıb. Evimizin yaxınlığındakı ərazidə də  təkrar yandırılıb. Yanğını görən İlkin də bu haqda qonşulara xəbər verib, daha sonra yanan meyiti söndürüblər.
Oğlum İ.Süleymanovun günahsızlığına dəlalət edən bu qədər sübutlaron olmasına baxmayaraq, məhkəmənin ədalətli qərar verməyəcəyindən ehtiyatlanıram. Ona görə də əsl cinayətkarların tapılması, qanunsuzluğa yol verən səlahiyyət sahiblərinin cəzalandırılması üçün sizdən kömək istəyirəm.

Kənd sakinləri isə müraciətlərində  bildirirlər ki, 2 il öncə yaşadıqları Tovuz rayonunun Dondar Quşçu kəndində  itkin düşən və 47 gün sonra yandırılmış vəziyyətdə  tapılan 10 yaşlı N.Quliyeva ilə bağlı cinayətin üstü ört-basdır edilir. Əvəzində isə heç bir təqsiri olmayan kənd sakini İlkin Süleymanov qurban verilib. 182 nəfərin imzaladığı müraciətdə  kənd sakinləri bildirib ki,  İ.Süleymanovun həqiqətən də 2020-ci il yanvarın 6-da tutulmasının, lakin sənədləşmənin  4 gün sonra - yanvarın 10-da aparıldığının şahiddirlər: "Bu,  İ.Süleymanova  qarşı  edilən çoxsaylı saxtakarlıqlardan yalnız biridir. Biz - kənd camaatı xahiş edirik ki,  bu cinayət işinin nəzarətə götürülməsinə və əsil cinayətkarların tapılıb cəzalandırılmasına kömək edəsiniz. Valideynlərin özlərinin də dediyindən aydın olur ki, onlar tapılan meyitə baxmayıblar, bunda heç maraqlı  da olmayıblar".

Prosesə sədrlik edən hakim D.İmanov  məhkəmədə müraciətləri elan olunan İbrahim Süleymanovun və  Tovuz rayonun Dondar Quşçu kənd sakinlərinin məktublarınım cinayət işinin materiallarına əlavə edilməsi  haqda qərar qəbul edib. 

Daha sonra prosesdə N.Quliyevanın böyük bacısı Şəbnəm müdafiə tərəfinin suallarını cavablandırıb. Bu zaman məlum olub ki, Ş.Quliyevanın ifadələrində yenə təzadlar var. 

Prosesdə şahid qismində mərhum Nərminin kiçik bacısı Şəhanə Quliyeva da sərbəst ifadə verib. 

Öncə dövlət ittihamçısı Müşviq Rəhimovun suallarını cavablandıran şahid bildirib ki, həmin gün Nərmin məktəbdən onlardan təqribən bir saat öncə gəlib: "Biz Şəbnəmlə evə gələndə Nərmin artıq atamla evdəydi. Mən gələn kimi yatdım və bir də oyandım ki, evimizdə polislər var (deməsinə görə, Şəhanə təqribən 11 saat yuxuda olub, həm də acqarına - red:) 

Verilən sualları cavablandırarkən Şəhanə  bir sıra qaranlıq məqamları aydınlaşıb. Belə ki, atası Şərif Quliyev məhkəmədəki ifadəsində Nərmini gödəkcəyə görə qardaşıgilə göndərdiyini, onun gəlib çıxmadığı təqdirdə isə ardınca böyük qızı Şəbnəmi yollayanda qardaşıgildə olmadğını, oradan çıxmasından xeyli zaman keçdiyini  öyrəndiyini deyib.  Hətta belə olan  zaman birxeyli onlardan uzaqda yaşayan nənəsigilə çıxıb getdiyni düşündüyünə görə,  Nərmini axtarmadan axşam saatlarında qonşu kəndə "ciyər axşamı"na getdiyini bildirib.

11-yaşlı Ş.Quliyeva isə deyir ki, onlar heç vaxt ataları Şərifdən  icazəsiz nənələrigilə və ya digər qohumlarıgilə getmədiklərini deyib. Azyaşlı şahid bunu onunla əsaslandırıb ki, atası narahat olduğuna görə, heç vaxt icazəsiz evdən çıxmazmışlar:  "Atama söyləyəndən sonra da  hara getsək,  qaranlıq düşməmiş evimizə qayıdardıq".

Ş.Quliyeva məhkəmənin və müdafiə tərəfinin suallarını qeyri-müəyyən formada cavablandırıb. Bu da hər iki tərəfin diqqətindən yayınmayıb.  Bu zaman mərhumun atası İ.Süleymanovun vəkili Əlibaba Rzayevə hücum edib.
Prosesə sədrlik edən hakim D.İmanov müdafiə tərəfinin üzərinə gedib icazəsiz hündürdən qışqırdığına və mübahisə yaratmağa çalışdığına görə  Şərif Quliyevə xəbərdarlıq edib.

Nərminin meyitinin tapıldığı günlə bağlı verilən sualları cavablandıran Ş.Qurbanova bildirib ki, bu haqda xəbəri onlara  əmisi Arif Quliyev  xəbər verib: "Arif əmim aynadan (pəncərədən-red:) atama dedi ki, Nərmini yandırıblar..".

Ş.Quliyeva ifadəsində  Nərminin itkin düşdüyü  həmin gün dərsə eyni vaxtda və bacılarıyla birlikdə valideynsiz  getdiklərini desə də, Nərminin əynində hansı geyimin olduğunu xatırlamadığını bildirib. Müdafiə tərəfinin Nərminin bir neçə ətəyi və digər geyimlərinin sayı ilə bağlı da suallarna o, qeyri-müəyyən cavab verib

Hakim D.İmanov prosesin sonunda bildirib ki, şahidlərin dindirilməsi çox vaxt apadığına görə, dekabr ayından etibarən proses həftədə iki dəfə keçiriləcək.
 
Proses noyabrın 24-də şahid ifadələrinin dinlənilməsiylə davam edəcək. 

Prosesdən sonra Azadmediatv.com-un " İfadələrinzdə ziddiyyətli cavab vermənizin səbəbləri nədir?" sualına Şərif Quliyev: "Bizi heç kim öyrətmir!" cavabını verib.
Qeyd edək ki, İ.Süleymanovun 4 gün heç bir məhkəmə qərarı və sanksiya olmadan qanunsuz saxlanması barədə müdafiəçiləri prokurorluğa, məhkəməyə şikayət versələr də, iddiaları təmin olunmayıb. Bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə də şikayət göndərilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR