Məhkəmə İlqar İsmayılovun vəsatətlərini təmin edib

Məhkəmə İlqar İsmayılovun vəsatətlərini təmin edib

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Azadmediatv.com-un xəbərinə görə, proses müdafiə tərəfinin vəsatətinə əsasən, əlavə şahid qismində dəvət edilən “İdeal Kompani”nin sabiq  direktor müavini Elvin Məmmədovun dindirilməsiylə davam etdirilib.
Dindirilən şahid  Elvin Məmmədov  "Şəhər Bağları"nda İlqar İsmayılovun mənzili  280 min AZN-ə deyil, 1 milyon AZN-ə aldığını və alqı-satqı aktında imzası olan 4 nəfərdən biri olduğunu bildirib. O, İ.İsmayılovun “Şəhər bağları”ndakı mənzili 1 milyona alınmasını 100 min manat və 900 min manat olmaqla iki dəfəyə ödənilməsini təsdiq edən “Razılaşma” müqaviləsinə  İ.İsmayılov tərəfindən imza atdığını da məhkəməyə təsdiqləyib. Belə ki, İ.İsmayılova qarşı “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı ittiham irəli sürülüb.
Müdafiə tərəfinin məhkəməyə bununla bağlı təqdim etdiyi “Razılaşma” müqaviləsində isə qeyd edilib ki, həmin mənzil 280 min AZN-ə deyil, 1 milyon AZN-ə alınıb və bu məbləğ 2013-cü ilin aprel ayında qəpiyinədək ödənilib.
İ.İsmayılovun hüquqlarını müdafiə edən İlhamə Həsənova sənədlərin tədqiqiylə bağlı  vəsatətində bildirib ki,  şirkətin kassa-mədaxilinə İ.İsmayılovun 2013-2014-cü illərdə müvafiq olaraq 1,5 milyon, 500 min, 736 min, 320 min və 687 min AZN köçürdüyünü sübut edən gündəlik kassa hesabatları  və qəbzlər var.  İ.Həsənova sözügedən  kassa hesabatlarını məhkəməyə təqdim edib.
Vəkil bildirib ki, həmin məbləğlərlə bağlı mədaxil qəbzləri də məhkəməyə təqdim edilib: “Məhkəmədə dindirilən baş mühasibin köməkçisi Samirə Quliyeva da təsdiqlədi ki, İ.İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. İstintaqda kreditin ödənişi üçün çıxarılan vəsaitlər hesablanıb, amma köçürülən vəsaitlər yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə tələb olunan məbləğdən dəfələrlə çox vəsait mədaxil edib”.
Dövlət ittihamçısı və zərərçəkmişin nümayəndəsi sözügedən sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib. Lakin məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.
Daha sonra İ.İsmayılovun vəkili İ.Həsənova ikinci vəsatət qaldırıb. Vəsatətdə bildirilib ki, İ.İsmayılova məhkəmə iclaslarının protokolları ilə tanış olmaq üçün şərait yaradılsin. Məhkəmə yerindəcə məşvərət edib, vəsatəti təmin edib. Hakim Ə.Məmmədov İ.İsmayılova  protokollarla tanış olmaq üçün şərait yaradılmasına göstəriş verib.

Proses noyabrın 29-da sübutların tədqiqiylə davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham edilir. 
Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

İ.İsmayılov isə özünü təqsirli hesab etmir.


Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR