İlqar İsmayılov:

İlqar İsmayılov: "İmzamın belə olmadığı saxta sənədlər əsasında ittiham olunuram"


Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Azadmediatv.com-un xəbərinə görə, proses məhkəmə istintaqı sənədlərin sübutlarının elanı  və  tədqiq edilməsiylə davam etdirilib.

Hakim Ə.Məmmədov bildirib ki, İ.ismayılovun ötən prosesdəki  vəsatətinə əsasən, ona  məhkəmə iclaslarının protokolları ilə tanış olmaq üçün şərait yaradılıb: "İlqar İsmayılova 3 gün ərzində istintaq matreialları və məhkəmə protokollarıyla tanış olması üçün şərait yaradılıb. Buna görə də hesab edirəm ki,  sənədlərin sübutlarının tədqiqinə başlaya bilərik".

Ə.Məmmədovun sözlərinə görə,   keçirilən 7 prosesdə məhkəmə instintaqı yekunlaşıb. 
Daha sonra müdafiə tərəfinin  vəsatəti əsasında   İ.İsmayılov və vəkili İlhamə Həsənovanın  göstərtdiyi sübutlar məhkəmə tərəfindən elan olunub. 

 İ.İsmayılovun vəkili İ.Həsənova bildirib ki, nəticə etibarı ilə müəyyən edilib ki,  ittihamın istinad etdiyi sübutların əksəriyyəti, o cümlədən  iş materiallarındakı iki qəbzdən başqa bütün qəbzlər ksero-surət olaraq əlavə edilib:
"İlqar İsmayılova məxaric etməsi  istinad edilən  qəbzlərin heç birində möhür, ştamp və onun imzası yoxdur. Qəbzlər isə ksero-surətdir. Eyni zamanda, həmin məbləğlərin məxaric olunması da alt sənədlərdə öz təsdiqini tapmayıb".

Müdafiə tərəfi hesab edir ki, məhkəmə tədqiqatında müəyyən olunub ki,  ittihamın İ.İsmayılova 2012-ci ildə "Premium Bank"dan  götürdüyü kredit müqaviləsinin ödənilməsi məqsədiylə məbləğlərin məxaric edilməsiylə bağlı  elan olunan ittiham da tamamilə əsassızdır: "Belə ki, qəbzlərdən aydın görünür ki,  həmin müqavilə üzrə kreditlərin ödənilməsi 18.03.2014-cü ildə başa çatıbdır. Lakin ittiham İ.ismayılova 2014-cü ilin  apel, may, iyun, oktyabr, dekabr, eləcə də, 2015-ci ilin yanvar aylarında  tamamilə ödənilərək sıfırlanmış kreditin ödənilməsinə görə məbləğlər məxaric etməsində ittiham irəli sürür".

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov  məhkəməyə protokollarla tanış olmaq üçün şərait yaratdığına görə, təşəkkür edib və  bildirib ki, ona qarşı irəli sürülən ittihamlar süni şəkildə məqsədli yaradılan farsdır: "İmzamın olmadığı saxta sənədlər əsasında ittiham olunuram".

Eyni zamanda ittihamın  məhkəmə tədqiqatında müəyyən edilib ki, İ.İsmayılova "Şəhər Bağları"ndan  ev alması məqsədi ilə  2013-cü ilin iyun ayında 280 min AZN pul məxaric etməsinə dair əsasları da sübuta yetmir. Belə ki, materiallardan görünüb ki,  sözügedən ev 280 000 AZN-ə yox, 1 000 000 AZN-ə alınıb. Müdafiə tərəfi bildirib ki,  İ.İsmayılov 2013-cü il may ayında  həmin evin 1 000 000 AZN xərcini tamamilə ödəyib, bitiribdir: "Belə olan halda 1 000 000 AZN-ə alınan ev üçün iyun ayında pul  məxaric etməsinə dair əsasları da tamamilə məntiqsiz və absurddur".

Tədqiqat zamanı müəyyən olunub ki,  sözügedən 280 min AZN-nin məxariciylə bağlı ortada olan qəbz də rəngli ksero-surətdir, müdafiə tərəfi həmin qəbzin ekspertizaya göndərilməsiylə bağlı vəsatət qaldırıb. Müəyyən olunub ki,  ittihamın istinad etdiyi  guya İ.İsmayılovun imzasının ekspertizayla təsdiq olunduğu qəbzlərin əslində İ.İsmayılova qarşı irəli sürülmüş ittihama heç bir aidiyyatı yoxdur. Həmin qəbzlərdən yalnız birinin İ.İsmayılova qarşı sürülmüş ittihama aidiyyatı var. 

Məhkəmə istintaqında  hakim Ə.Məmmədov "ADORE" MMC-nin istintaqa məktubunu elan edib. Həmin məktubdan görünür ki, 2013-14-cü illərdə  mənfəət bölgüsüylə bağlı təsisçilərin ümumi yığıncağı keçirilib və onların şifahi razılığı ilə  mənfəətin xərclənmə istiqamətləri  müəyyənləşdirilib. 
Müdafiə tərəfi hesab edir ki,   ittiham İ.İsmayılova mənfəətlə bağlı heç bir  ümumi yığıncaq keçirilmədən mənfəətə daxil olan  məbləğin xərclənməsiylə bağlı ittiham irəli sürüb. Bununla da ittihamın əsassızlığı sübuta yetirilib. 

Daha sonra İ.ismayılovun vəkili İlhamə Həsənova məhkəmə qarşısında iki vəsatət qaldırıb. Vəsatətlərdən biri 280 000 AZN-lik qəbzin  mötəbər olub-olmamasına dair  ekspertizanın təyin edilməsiylə,  ikinci  isə İlqar İsmayılov, şahidlər Həbib Qarayev və Samirə Quliyevanın  gəlirin, məhz Zərifə Həmzəyevanın  "ADORE" COMPANY-də  nümayəndəsi olmuş Fuad Əliyevə   verilməsinə dair ifadələrini təsdiqləmək üçün onun şahid qismində məhkəmədə dindirilməsiylə bağlı olub.
Müdafiə tərəfi hesab edir ki,  doğurdan da  ümumi gəlirin  təsisçilər atasında bölünməsi Z.Həmzəyevaya  çatan payın F.Əliyev vasitəsiylə ona çatdırılmasını təsdiq etmək üçün onun şahid qismində məhkəmədə dindirilməsi vacibdir.

Qeyd edək ki,  vəsatətlər növbəti məhkəmə prosesində yenidən qaldırılacaq.

Proses dekabrın 6-da davam edəcək. 

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham edilir. 
İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.
Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.
 

Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR