"Qaraheybət”də qəzaya uğrayan yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb -RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb.

Azadmediatv.com-un xəbərinə görə, DSX-nin Mətbuat Mərkəzi  Xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərovla kapitan Ramin Ədilovun müalicəsinin davam etdirilməsiylə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki,  hazırda hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Azadmediatv.com