"Nihadin "Soxdu, qaçın" dediyini eşitdim" - Əli Abbasovun məhkəməsində QALMAQAL

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı  idmançı Bəxtiyar  Nəsibovu  qətlə yetirməkdə ittiham edilən 19 yaşlı Əli Abbasovun məhkəmə prosesi davam etdirilib. 

Azadmediatv.com-un  xəbərinə görə, proses şahid ifadələriylə davam edib.

Prosesdə şahid qismində ifadə verən Babazadə Cəlal Həbib oğlu  məhkəmənin, dövlət ittihamçısı və zərərçəkənin suallarını cavablandırarkən bildirib ki, qətl hadisəsinin baş verdiyi gün  zalda səs-küy eşidib, nə baş verduyini ətrafdakılardan soruşanda deyiblər ki, Əliynən Bəxtiyar mübahisə ediblər: "Cəmi 3-4  saniyəlik mübahisə olmuşdu. Soruşdum, dedilər baxışmaq üstündədir.  Mən onlardan 7-8 metr uzaqdaydım. Hardasa 5 dəqiqə sonra gördüm ki, Əli ilə Bəxtiyat yenidən üz-üzə gəliblər. Uzaqdan güzgüdən gördüm ki, Əlinin papağı başından düşdü. Onları aralamaq üçün Əlini arxadan qucaqlayıb geri çəkmək istədim, bu vaxt Nihadin "Soxdu, qaçın" dediyini eşitdim. Qollarım boşaldı, Əlini buraxdım, qardaşım da oradaydı, onu axtardım. Bəxtiyar da qapıya döğru gedib, yıxıldı. Bəxtiyarın qardaşı Vüsala dedim ki,  köynəyi bas yaranın üstünə. Eşirdim ki, Əli deyir ki, gəlin, Bəxtiyarı maşına qoyaq, aparaq. Həmin vaxt orada məşq edənlərdən Əli adlı başqa şəxs Təcili Tibbi Yardım Xidmətinə zəng etdi. Çox həyəcanlıydım, pəncərəni açıb bayıra çıxaraq uzaqlaşdıq. Müəllim deyirdi ki, hər şey yaxşı olacaq. Sonra da eşitdik ki, Bəxtiyar dünyasını dəyişib".

Daha sonra zərərçəkənin vəkili Elmar Süleymanovun suallarını cavablandırarkən məlum olub ki, şahidin ilkin istintaqa verdiyi ifadələrlə məhkəmədə söylədikləri arasında kəskin ziddiyyətlər var.  E.Süleymanov məhkəməyə bildirib ki,  şahid Babazadə Cəlal məhkəməfə yalan ifadə verdiyinə görə, məsuliyyətə cəlb olunsun.
 Hakim A.Paşayev  zərərçəkmişin vəkili E.Süleymanova şahidə verilən suallarla bağlı aldığı cavabları qeyd  etməsinə iradını bildirəndə tərəflər arasında mübahisə yaşanıb: "Möhtərəm hakim, siz mənə suallarımı verməyə imkan vermirsiniz, bəs o zaman biz necə məhkəmə araşdırması aparaq? Bununla bağlı ötən proses sizə vəsətət təqdim etdim ki,  hazırki iş üzrə keçiriləcək bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını təmin edəsiniz. Siz hələ də bu vəsatətə baxmamısınız".

Hakim A.Paşayev bildirib ki, məhkəmə vəsatəti təmin etməyib, həm də bu  prosesdən kənar və zərərçəkənlərin iştirakı olmadan həyata keçirilib.
Hakimin bu cür cavabı  mərhum Bəxtiyar  Bayramovun anasının narazılığına səbəb olub: "Siz prosesi birtərəfli aparırrsınız. Nəyə görə sualların verilməsinin qarşısını alırsınız? Əlinin anası müstəntiq işləyib, ona görə? Əlinin bibisinin bizdə səsli mesajı var ki, uşağl anası bədbəxt edib. Ana da gənc oğluna deyərmi ki, "Kim sənə nə etdi, vur öldür. Arxanda mən varam". Görürsünüz də müstəntiq ananın verdiyi tərbiyəni və nəticəsini."
Hakim A.Paşayev bildirib ki, sizi ana olduğunuza görə başa düşürəm. Ədalətli proses keçirilməsi üçün tərəflərə şərait yaradılır.
Daha sonra hakim A.Paşayevin  "ilkin istintaq zamanı sizə hər hansı təzyiq göstərilibmi"sualına şahid "xeyir" cavabı verib.
 Bu zaman şahidə öncə ifadəsinin altındakı imzası təqdim edilib, C.Babazadə imzasını təsdiqləyib. Daha sonra hakim şahidin ifadəsini elan edərək bildirib ki, verdiyiniz ifadələr bir-birinə qətiyyən uyğun deyil.

 Zərərçəkmişin anası  Nəzakət Bayramova bildirib ki, şahid Ə. Abbasovun ailəsi tərəfindən satın alınıb.  Daha sonra ikinci şahid Namiq Həbib oğlu Babayev sərbəst ifadə verib. Məhkəmənin, dövlət ittihamşısı, zərərçəkənin və müdafiə tərəfinin suallarını cavablandırarkən  bəlli olub ki, N.Babayev  qardaşı C.Babazadə ilə eyni ifadəni təkrarlayıb, yalnız bit fərqlə. O bildirib ki,  qardaşı Cəlaldan fərqli olaraq, B. Nəsibovu qətlə yetirən Ə.Abbasovu əvvəldən məhəllə uşağı kimi tanıyıb. Hadisəyə gəlincə,  baş verənləri uzaqdan və güzgüdən izləyib: "Qısa mübahisə oldu. Sonra sakitçilik yarandı. Həmin müddətdə də Bəxtiyar nə Əlini döydü, nə yerə yıxdı, nə də söyüş söydü. Bir neçə dəqiqə sonra yenidən hay-küy eşitdik. Nihad "Soxdu, qaçın"-, deyəndə geyinmə otağının pəncərəsindən qaçdıq. Başqa heç nə görmədim".

Şahidin  ifadəsini elan edən hakim A.Paşayev bildirib ki, ifadəniz üst-üstə düşmür: "İstintaq vaxtı verdiyiniz ifadəni də oxiyub imza atmısınız. Ziddiyyətli ifadə verməyiniz nəylə bağlıdır? Özünüz də deyirsiniz ki, ifadə verərkən təzyiqə məruz qalmamısınız. Bunu necə izah edərsiniz" sualına şahid cavab verməyib.

Hakim A.Paşayev bildirib ki, məhkəmə bütün bunları sonda  qiymələndirəcək.  Zərərçəkmişin vəkili E.Süleymanov hazırki iş üzrə keçiriləcək bütün məhkəmə iclaslarının fasiləsiz audiuoyazısının aparılmasıyla bağlı  yenidən vəsatət qaldırıb: "Möhtərəm hakim, ümid ediəm ki, bu dəfə vəsatətimizə bizim iştirakımızla baxadcaqsınız".

Proses  yanvarın 7-də davam edəcək. 

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında  mübahisə yaşanıb.Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını qısa müddətə tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında  bzş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan  bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Gülnaz Qənbərli
Azadmediatv.com
 




OXŞAR XƏBƏRLƏR