Nərmin Quliyevanın cinayət işində əmisi oğlu Ruslan Quliyev faktoru qalmaqala səbəb olub - MƏHKƏMƏ

Nərmin Quliyevanın cinayət işində əmisi oğlu Ruslan Quliyev faktoru qalmaqala səbəb olub - MƏHKƏMƏ

Dekabrın 15-də  Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında, hakim Dadaş İmanovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun  məhkəmə prosesi  şahid  dindirilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, prosesdə mərhumun əmisi Lətif Quliyev  sərbəst ifadə verib.

Belə ki, Tovuz rayonunun Dondar Quşçu kəndində  2019-cu il noyabrın 21-də itkin düşən, 2020-ci il yanvarın 6-da - 47 gün sonra yandırılmış meyiti tapılan azyaşlı Nərmin Quliyevanı sonuncu dəfə sağ-salamat evlərinə gəldiyini görən də,  məhz, L.Quliyevin  ailə üzvləri olub.
Sərbəst  ifadə verən şahid L.Quliyev bildirib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun ana nənəsi Minayə İsmayılovanın ən çox ittiham etdiyi şəxs olub. M.İsmayılova haqlı olaraq bunu nəvəsinin atasının gödəkcəsini götürmək üçün   məhz, sonuncu dəfə yalnız əmisigildə olduğunu, daha sonra isə yoxa çıxmasını əsas gətirib. 
Prosesdə məhkəmənin, dövlət ittihamçısı və müdafiə tərəfinin suallarını cavablandıran L.Quliyev bildirib ki,  qardaşı qızı N.Quliyevanın itkin düşdüyü gün səhər tezdən oyanıb, yemək yeyəndən  sonra küçəyə çıxıb, saat 11 radələrində isə evə qayıdıb. Günorta yeməyindən sonra  saat 13:30 radələrində yatıb. Mərhum N.Quliyeva onlara gələndə də bu səbəbdən onu görməyib: 
"Nərmin bizə hardasa günorta saat 14-15 radələrində gəlib, Ayxan gödəkçəni hamamdan götürüb ona verib. Həmin vaxt mən günorta yeməyini yeyib sonra yatmışam deyə, bir də axşamçağı oyanmışam. Oradan da durub qardaşım Arifgilə dəydim. Onlarla birlikdə də oğlan evinə "ciyər axşamı"na getdik. Həmin gün evdə həyat yoldaşım Leyla, balaca oğlum Ayxan, toya qonaq gələnlərdən bacım Səadət, qardaşımoğlu Qorxmaz və anam Leyvə olub".
L.Quliyev verilən sualları cavablandırarkən bəlli olub ki, onun ilkin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə soylədikləri arasında kəskin  ziddiyyətlər var. 
Müdafiə tərəfinin  Tovuzun keçmiş polis rəisi Şirzad Əsgərovla və böyük oğlu Ruslan Quliyevlə bağlı verdiyi suallara şahid aqressiv formada sualla  cavab verdiyinə görə, hakim Dadaş İmanov ona öz iradlarını bildirib:
"Lətif, müdafiə tərəfinə qarşı niyə aqressiya nümayiş etdirirsiniz? Buna səbəb nədir? O sizə sual verməlidir də... Siz ona sual verə bilməzsiniz!  O sizə sual verməlidir ki,  işin faktiki hallarını araşdırsın, çünki vəkil cinayət işində tərəfdir.  Niyə suala sualla cavab veririsiniz? Sizə xəbərdarlıq edirəm. Suallara normal cavab vermək sizin vəzifənizdir".

Proses zamanı şahidin ifadəsinə dəfələrlə müdaxilə edib, onu yönləndirməyə çalışan Nərminin atası Şərif Quliyevə də hakim D.İmanov sonuncu xəbərdarlığını edib:

"Şərif, qalx ayağa. Mən sizə neçə dəfə xəbərdarlıq etməliyəm ki, özününzü məhkəmə zalında apara bilmirsiniz? Bura məhkəmədir, kolxoz deyil! Sizə xəbərdarlıq edirəm, yerdən danışmayın, özbaşınalıq etməyin! Bir də yerinizdən danışsanız sizi məhkəmə  zalından çıxardacam. Sizə sonuncu xəbərdarlığı edirəm. Hamının əsəbi var. Hər halda ölən sizin övladınızdır...  Müdafiə tərəfi sizə heç bir hörmətsizlik etmir. Hörmətsizlik edən sizsiniz.  Yerdən müdaxilə etməyin. İmkan verin, şahidin sərbəst ifadəsini alsınlar".

Bundan sonra müdafiə tərəfi şahidə sualları verməyə davam edib. Bu zaman bəlli olub ki, şahid ifadəsində özünün qohumu və qonşusu  olan bir neçə şəxsi İlkin Süleymanovun yaxın qonşusu kimi qələmə verib, baxmayaraq ki, əslində, bu belə deyilmiş. 

Şahidin ilkin istintaqla məhkəmədə verdiyi ifadələrin arasında kəskin ziddiyət olmasına görə, prosesə sədrlik edən hakim Dadaş İmanov şahidin istintaqa verdiyi ifadəsini 3 dəfə təkrar elan etmək məcburiyyətində qalıb. Bu zaman məlum olub  ki, L.Quliyev  əvvəllər oğurluğa görə 3 il müddətinə məhkum edilib. Həmçinin,  N.Quliyevanın sonuncu dəfə itkin düşməzdən əvvəl onlara gəldiyində hansı geyimdə olması, kiçik oğlu Ayxanın hamamı açıb gödəkcəni ona verməsi  haqqında da istintaqa  ətraflı ifadə verib. Məhkəmədə isə, bu cür hallarla bağlı verilən sualları qısa və konkret cavablandırıb: "Yatmışdım!"

Müfadiə tərəfinin haqlı olaraq verdiyi "Bir yandan deyirsiniz ki, həmin vaxt yatmışdım, o biri yandan isə istintaqa verdiyiniz ifadədə hər şeyi detallı danışırsınız. Əgər yatmışdınızsa, bütün bunları xırdalıqlarınadək haradan bilirsiniz?"-, sualının cavabında şahid bildirib ki, söylədiklərini özü şəxsən görməyib, sadəcə, evdə olan ailə üzvlərindən eşitdikləri əsasında istintaqa belə deyib.

L.Quliyevdən ilkin istintaqda qardaşı Şərif Quliyevin kimlərəsə borclu olub-olmadığı da soruşulub. O isə öz növbəsində bildirib ki, qardaşının qonşuluqdakı  ərzaq mağazasından başqa heç kimə borcu olmayıb: "Şərifin yaxınlıqdakı kənd mağazasından başqa heç kimə borcu-zadı olmayıb. Onu da  əlinə pul gələn kimi ödəyirdi".

Prosesdə müdafiə tərəfinin araşdırması nəticəsində məlum olub ki, şahid böyük oğlu Ruslan Quliyevlə bağlı həm  ilkin istintaqa, həm də  məhkəməyə hadisə baş verən gün onun həmin vaxt harada olmasıyla bağlı doğruları, ümumiyyətlə,  deməyib.

Prosesdə məhkəmənin və müdafiə tərəfinin R.Quliyevlə bağlı ona verilən sualları şahid  ziddiyyətli ifadələrlə cavablandırıb.

Hakim Dadaş İmanovun R.Quliyevlin həmin gün harada olmasıyla bağlı aydınlaşdırıcı suallarından sonra şahid gah Ruslanın qardaşı Arifgildə, gah küçədə uşaqlarla oynadığını, gah da onunhəmin vaxt ümumiyyətlə, evdə olmadığını bildirsə də, məlum olub ki, hadisə baş verən gün  prosesdə sözügedən oğlu mərhum N.Quliyeva onlara gəldiyi vaxt, əslində, elə öz evlərində olub. Lakin nədənsə heç kim onunla bağlı istintaqa ifadə verərkən bu haqda bir kəlmə də söyləməyiblər. Şahid  məhkəmənin təkidlə niyə bu haqda istintaqa məlumat vermədiyi soruşduqda isə L.Quliyev  "Yadımda qalanları demişəm"-, deməklə kifayətlənib.

Məhkəmə 5 dəqiqəlik fasilə elan edib. Fasilədən sonra dövlət ittihamşısı Müşviq Rəhimov L.Quliyevə birinci ifadəsindəki ziddiyətlərlə bağlı suallar verib.
"Birinci ifadənizdə digər şəxslərin adları var idi. Evinizdə qalan şəxslər barəsində. Amma bu gün məhkəmədə verdiyiniz ifadədə onların adlarını çəkmədiniz. Onlar kim idilər? İfadənizdə göstərmisiniz ki, onlar tezdən getdilər. Niyə tezdən getdilər? İfadənizdə var ki, toya getməmişdən Arifin evinə gedib yarım saat oturmusunuz.  Həmin gün ayın neçəsiydi?"

L.Quliyev bildirib ki, həmin şəxslər qardaşı və qardaşı uşaqları imiş: "Qardaşım oğlu Sirac, onun oğlu Renat, Kamran və qardaşım Vaqif. Toya deməmişəm, oğlan evinə "ciyara" gedəndə  yox, qayıdanda  Arifgildə olmuşuq. Orada mənimlə birlikdə qardaşım Şərif, bacılarım da var idi. Bax belə oturmuşduq. Bir stəkan çay içib, dağılışdıq".

Hakim D.İmanov da şahidə R.Quliyevin evdən nə vaxt çıxmasıyla bağlı suallar verib. Şahid R.Quliyevin evdən səhər tezdən  çıxmasıyla bağlı təzadlı cavablar verib.  D.İmanov bildirib ki, ifadənizi iki dəfə elan etdim, lakin yenə də cavablarınız başqadır:

"İfadənizdə var ki, Ruslan evdən sizdən əvvəl gedib. Demisiniz ki, Ruslan  səhər tezdən durub Arifgilə getmişdi. Biz isə səhər yeməyini yedikdən sonra  Renat və digərləriylə getdik. Onda Ruslan tək getmişdi?"
L.Quliyev oğlu Ruslanın onlardan az əvvəl getdiyini vurğulayarkən, hakim bildirib ki, ifadənizdə səhər yeməyinizi yeyib sonra çıxdığızı demisiniz: "Qarışıq cavablar verirsiniz. Konkret cavablar verin. Deyirsiniz ki Ruslan evinizdən 100 metr aralıda uşaqlarla oynayırdı. İfadənizdə isə başqa cür demisiniz. Bu ziddiyyəti nəylə izah edursiniz? Ruslan hansı gün uşaqlarla oynayıb?".

L.Quliyev cavabında qeyd edib ki, Ruslan noyabrın 21-i səhər saatlarında küçədə evlərindən əks istiqamətdə təqribən 100 metr aralı məsafədə uşaqlarla oynayıb.
Hakim D.İmanov bildirib ki, verdiyiniz ifadələrə görə məsuliyyət daşıyırsınız: "Bununla bağlı sizə iltizama imza da atdırmışam. Hələ üstəlik, yalan ifadə verməmək üçün and da içmisiniz. İfadənizi bir də elan edirəm, diqqətli olun."
D.İmanov şahidin ifadəsini yenidən elan edib:
 "21 noyabr 2019-cu il tarixində mən evdə olmuşam. Evdə məndən başqa anam Leyvə, həyat yoldaşım Leyla, balaca oğlum Ayxan, Gəncədə yaşayan qardaşım Asif Quliyevin oğlu Qorxmaz Quliyev, Bakıda yaşayan qardaşım  Vaqif Quliyevin  oğlanları Kamran və Sirac, həmçinin Siracın oğlu Renat var idi. Həmin gün saat 10 radələrində mən yuxudan durmuşam. Bu vaxt hamı evdəydi. Oğlum Ruslan isə səhər tezdən durub qardaşım Arifgilə getmişdi".  
Hakim D. İmanov şahidə xatırladıb ki, o, məhkəmədə  Ruslan Quliyevlə bağlı tamam başqa ifadə verib: "Amma burada bayaq ifadə verdiniz ki,  küçədə uşaqlarla oynayırdı. İndi bunlar fərqli şeylərdir. Biri var uşaqlarla oynasın, biri də var Arifgilə getsin. İfadənizi elan etdim, eşitdiniz. İfadənizdə var ki, Ruslan səhər tezdən  durub Arifgilə getmişdi. Biz isə səhər yeməyini yedikdən sonra Sirac və digərləriylə getdik. Ruslan tək getmişdi?".
L.Quliyev bildirib ki, bəli, Ruslan Arifgilə tək gedib.

Müdafiə tərəfinin vəkili Əlibala Rzayev də şahidin oğlu Ruslanla bağlı ifadəsindəki ziddiyyətli məqamlara aydınlıq gətirməsini istəyb. Şahid yenə təzadlı cavab verib ki,  noyabrın 21-i səhər naharından sonra oğlu Ruslan evlərindən 100 metr aralı məsafədə uşaqlarla oynayıb: "Mənim Ruslanı evə çağırdığım yadımda qalıb. Ola bilər gedib, amma mən görməmişəm. Yadımda qalanı danışıram. Ruslan evdən məndən qabaq çıxıb  qardaşımgilə keçib. Sonra saat 11-12 radələrində dayım nəvələriylə oynamağa gedib. Saat 13 radələrində çağırdım gəldi. Sonra nahar elədik. Mən yatanadək evdəydi.".

Vəkil Ə.Rzayev şahidə bildirib ki, verdiyi ifadələrin hamısı bir-birini təkzib edir. Hakim D.İmanov şahidin ziddiyəti aradan qaldırması üçün ifadəsini yenidən -  üçüncü dəfə elan edib:
"Həmin hissədən  yenə elan edirəm, bax birdə elan etməyəcəm. Diqqətli olun. Ziddiyyəti izah edəcəksiniz. "21 noyabr 2019-cu il tarixdə  evdə olmuşam. Evdə məndən başqa anam Leyvə, həyat yoldaşım Leyla, balaca oğlum Ayxan, Gəncədə yaşayan qardaşım Asif Quliyevin oğlu Qorxmaz Quliyev, Bakıda yaşayan qardaşım  Vaqif Quliyevin  oğlanları Kamran və Sirac, həmçinin Siracın oğlu Renat var idi. Həmin gün saat 10 radələrində mən yuxudan durmuşam. Bu vaxt hamı evdəydi. Oğlum Ruslan isə səhər tezdən durub qardaşım Arifgilə getmişdi. Biz evdə səhər yeməyini yedikdən sonra  Sirac, Renat və Kamran Bakıya gedəcəkləri üçün qapının ağzına çıxdıq. Mən onlarla sağollaşdım, çıxıb getdilər. Həyat yoldaşım Leyla isə  qardaşım Arifgilin evinə toyla əlaqədar olaraq köməyə getdi. Mən isə küçədə qonşularla söhbət etdim. Saat təqribən 13 radələrində Leyla evə qayıtdı, mən də evə girib günorta yeməyini yeyib, yatdım. Leyla isə yenidən Arifgilə getdi. Evdə mən,  anam Leyvə, oğlum Ayxan və qardaşım oğlu Qorxmaz var idi". Bəs bunu niyə demirsən məhkəməyə? Ruslan harda qaldı?".
 

L.Quliyev bildirib ki, yatandan sonra Ruslanı  görməyib. Hakim D.İmanovun təkrar suallarından sonra şahid tərəddüdlə "Yəqin mən yatandan sonra gedib qardaşımgilə"-, cavabını verib.
 Dadaş İmanov əsəbləşərək : "Siz evdə hamının yerini deyirsiniz. Ruslanın harada olduğunu niyə gizlədirsiniz? Axı yatmağa gedənədək də Ruslan yoxdur! Oyaq olduğun qədər bu adamların adlarını çəkirsiniz. Ruslan harada qaldı? Bəs niyə yazmırdınız ki, Ruslan qardaşınızgildə olub. Ruslan haqqında heç bir məlumat yoxdur axı... Bayaqdan müdafiəçilərin sualına cavab verirsən ki,  Ruslanı saat 12-də çağırdım, gəldi...".

Dövlət ittihamçısı M.Rəhimov məhkəməyə etirazını bildirib ki, bu məsələni bağladıq, getdi axı... D.İmanov isə "məsələni bağlayıb, eləməmişik",- deyə dövlət ittihamçısının etirazını rədd edib: "Necə olur, istintaqda ifadə verirsən, anbaan saatıyla hər şeyi deyirsən. Hətta küçədə kimlərlə söhbətləşdiyini də deyirsən. Məhkəmə sizə bununla bağlı sualları verib, cavablar almaq istəyir. Oğlunuz Ayxan, Sirac, Renat, yoldaşınız, ananız haqqında hər biriylə bağlı məlumatı verirsiniz. Amma Ruslana gəlincə, haqqında heç bir məlumat vermirsiniz. Sizə suallar verilir, hər şeyi deyirsiniz. Bəs Ruslan hardadır? Ruslanın yerini demirsiniz. Bilmirsinizsə, kim bilirsə, ondan soruşaq."

L.Quliyev çarəsiz vəziyyətdə "Ruslanı bayaqda sual verdiniz, cavab verdim. Yoldaşım deyir ki,  Ruslan evdə olub, mən öz evimizdə yatmışam. Bilmirəm, xəbərim yoxdur"-, deyə  bildirib. 
D.İmanov isə "Bəs niyə yazmırdın ki, evdə qalanların arasında Ruslan da var idi?"-, deyə soruşub. Şahid bildirib ki, bunu deməyi "unudub" və  verdiyi izahatda, ümumiyyətlə, Ruslanın adı yoxdur: "Yəqin qardaşımgildə ola bilər də... İstintaqda mənə Ruslanla bağlı heç bir sual verməyiblər."

D.İmanov bildirib ki, biz burada məhkəmədə ciddi məsələni araşdırırıq: " Siz istintaqda sərbəst ifadə vermisiniz. Cəmi bir sual veriblər, o da Şətifin kənddə yaxınlarına və ya qonşulara borclu olub-olmamasıyla bağlı. Evdəkilərlə bağlı özünüz danışıb, adlar çəkmisiniz. Nərmin sizə saat neçədə gəlib? Onda Ruslan harda olub?". L.Quliyev cavabında bildirib ki, o yatandan sonra qardaşı qızı Nərmin onlara gəlib, həmin vaxt kimin evdə olub-olmadığından məlumatsizdır:

"Axşamüstü Ruslan Arifgildəydi. "Ciyara" getmək istəyirdi, qaytardım geri".

Daha sonra N.Quliyevanın itdiyi zaman kəsiyində  hər kəsin orada olub-olmamasıyla bağlı verilən suallara L.Quliyev daban-dabana zidd cavablar verib.
Prosesdə müdafiə tərəfinin vəkilləri də vəsatət verib ki, Ruslan Quliyev məhkəməyə çağırılsın, onun həmin gün harada olduğu aydınlaşdırılsın. Hakim D.İmanov bildirib ki, ittiham tərəfinin təqdim etdiyi vəsatətə şahidlər dindiriləndən sonra baxılacaq.

Prosesi dekabrın 22-də şahid ifadələriylə davam edəcək.

Məhkəmə istintaqında N.Quliyevanı son dəfə görən əmisi oğlu Ayxanın atası L.Quliyevin iştirakıyla dindirilməsi gözlənilir.

Prosesdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran təqsirləndirilənin qardaşı Adil Quliyev  bildirib ki, Lətif Quliyev Nərminin onlara gəldiyi vaxt yatmış olduğunu deməklə özünü bir çox məsələlərdən xəbərsiz göstərmək istəyir: "L.Quliyev oğlu Ruslanla bağlı  verdiyi ziddiyyətli ifadələr də şübhələri artırır. Ölümün səbəbi ilə bağlı iş materiallarında olan ekspert rəyi də qardaşımın günahsızlığını, işgəncə altında imza atdırılmış ifadənin əsassızlığını sübut edir. Ekspert rəyində yazılıb ki, N.Quliyeva meyiti tapılandan təxminən üç gün əvvəl baş nahiyəsindən kəsici-deşici alətlə vurulmaqla öldürülüb. İlkini isə başqa cür öldürməsi haqda ifadəyə imza atmağa məcbur ediblər. Onda nəzərə almayıblar ki, belə bir ekspert rəyi var. Yaxud da iddia olunur ki, guya meyiti tapıldığı yerə araba ilə gətirib atıblar. Kənddə bir neçə arabanı da yığdılar. Amma heç birini ekspertizadan keçirmədilər ki, bu arabalardan hansında əl izi var. Sadəcə, arabaları görüntü xətrinə topladılar".
A. Süleymanov iddia edir ki, bu cinayət işi hansısa məmurun müdaxiləsinə görə obyektiv araşdırılmayıb: "Bu iş üzrə ya bilərəkdən, ya bilməyərəkdən ciddi istintaq aparılmayıb. Düşünürük ki, bu işin arxasında çox ciddi nüfuz erməyə malik məmur dayanır. O, istintaqa təsir etmək gücünə malikdir və bundan da istifadə edib. Ehtiyatlanırıq ki, həmin məmur bu gün işə baxan məhkəməyə də təsir göstərə bilər".
Qeyd edək ki, həm prosesdə iştirak edənlər, həm də İlkinin ailəsi hazırda işə baxan hakimlərin apardığı araşdırmalardan razıdır. Onların sözlərinə görə, məhkəmədə bu cinayətin obyektiv, hərtərəfli araşdırılması üçün şərait yaradılıb. Amma onlar son nəticədə məhkəmənin qərarına təsir göstərilə biləcəyindən narahatdırlar. Ona görə də hər məhkəmə iclasının videoçəkilişlə aparılmasını istəyirlər: "Videogörüntülər obyektiv sübutdur. Məhkəmədə nələrin üzə çıxdığı orada öz əksini tapacaq. Əgər İlkin günahkardırsa, bu da məlum olacaq. Buna görə də prosesin video-çəkilişlə aparılmasını istəyirik".
 

Qeyd edək ki, İ.Süleymanovun 4 gün heç bir məhkəmə qərarı və sanksiya olmadan qanunsuz saxlanması barədə müdafiəçiləri prokurorluğa, məhkəməyə şikayət versələr də, iddiaları təmin olunmayıb. Bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə də şikayət göndərilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 




OXŞAR XƏBƏRLƏR