Sevinc Fətəliyeva erməni deputatı yerinə oturdub

Sevinc Fətəliyeva erməni deputatı yerinə oturdub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə keçirilən komitə iclasında erməni deputat həmişə olduğu kimi, bu dəfə də iclasın gündəliyinə daxil olmayan məsələni müzakirəyə çıxarmağa çalışıb.

Azadmediatv.com xəbər verir ki, erməni deputat Azərbaycanın öz tarixi torpağı olan Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinə başqa don geyindirməyə cəhd  göstərib. Lakin həmin iclasda iştirak edən azərbaycanlı millət vəkili Sevinc Fətəliyeva erməni deputatı yerinə oturdub və Azərbaycanın öz ərazilərində antiterror tədbirləri həyata keçirdiyini bəyan edib: “Yaxşı məşq edilmiş, yaxşı hazırlanmış “tamaşalar”ınız bir vaxtlar Avropa tamaşaçıları arasında uğur qazansa da, indi artıq pis teatrı xatırladır. Ermənistan öz öhdəliklərini yerinə yetirsəydi, bu vəziyyət baş verməzdi”.

Azərbaycanlı deputat qeyd edib ki, üçtərəfli Bəyanatın əsas müddəalarından biri qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxarılmasıdır. Hazırda Azərbaycan ərazisində 10 min qeyri-qanuni erməni silahlısı var. Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin Ordumuza, işğaldan azad edilən ərazilərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymaqda davam edir. Bir gündə iki mülki şəxs və dörd polis əməkdaşı mina partlayışı nəticəsində həlak olub. Bundan başqa, minaatanlarla hücum nəticəsində iki hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanata zidd olaraq hələ də geri çəkilmək istəmədiyindən, mümkün genişmiqyaslı təxribatların qarşısının alınması üçün Azərbaycan antiterror tədbirləri həyata keçirməyə başlayıb.

S. Fətəliyeva vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində beynəlxalq hüququn normalarına zidd olaraq istənilən hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycanın bugünkü tədbirləri qanunsuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib. Azərbaycan mülki erməni sakinlərini hədəfə almır, bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir. Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsidir. Hazırda Azərbaycanın bütün hərbi tədbirləri ölkə daxilində aparılır. Ermənistana qarşı heç bir işğal iddiamız yoxdur. Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirir. Azərbaycan dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhdiddir. Hər bir dövlət kimi, Azərbaycanın da öz ərazisində terrorçuları məhv etmək kimi suveren hüquqi var. Nə qədər ki, Qarabağda qeyri-qanuni erməni silahlı dəstələri var, regionda sülhdən danışmaq mümkün olmayacaq. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması, marionet rejiminin ləğv edilməsidir.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR