AzTV-də nə baş verib? Hesablama Palatasıyla qalmaqal
Hesablama Palatası AzTV-də keçirilən audit nəticələrini açıqlayıb. Audit nəticəsində AzTV QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib.
AzTV isə bu iddialarla razılaşmır: "Artıq bir neçə ildir ki, QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik"
Qafqazinfo



