Kəmalə Ağazadə sığınacaqda yaşayan  uşaqların açıq şəkillərini və görüntülərini sosial platformalarda paylaşır

Kəmalə Ağazadə sığınacaqda yaşayan uşaqların açıq şəkillərini və görüntülərini sosial platformalarda paylaşır

Sığınacaqlardakı uşaqların üzünü göstərmək nə dərəcə doğrudur? Bu uşaqlar ailələrində işgəncə görmüş, travma almış insanlardır axı… Uşağın üzünün sosial mediada göstərilməsi onun identifikasiyasına, şəxsi həyatının ifşasına, gələcək psixoloji durumuna mənfi təsirə səbəb olur. Bu hal Konstitusiyanın 32-ci maddəsinin pozulmasıdır. Uşağın kriminal hadisə, zorakılıq, yoxsulluq və ya ailə problemi fonunda üzünün açıq göstərilməsi onun cəmiyyətdə damğalanmasına (stigmatizasiya), alçaldılmasına, psixoloji travmaya məruz qalmasına səbəb olur. Bu isə uşağın ləyaqətinin alçaldılması hesab edilir. Qanuna əsasən uşaq fiziki, mənəvi və psixoloji təhlükələrdən qorunmalıdır. Uşağın maraqları hər zaman üstün tutulmalıdır. Sosial Mediada uşağın üzünün göstərilməsi onun təhlükəsizliyini risk altına salır, gələcək inkişafına mənfi təsir göstərir, sosial təzyiqə məruz qoyur. Bu, uşağın ən üstün mənafeyi prinsipinə də ziddir.

 

Dünyada zorakılıqla, üzləşən, sığınacaqlara ehtiyacı olan xeyli sayda qadın və uşaq var. Onlar müxtəlif səbəblərdən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalır və ölkələrində fəaliyyət göstərən sığınacaqlara yerləşdirilirlər. Elə Azərbaycan Respublikasında da belədir. Zorakılığın qurbanlarına dəstək göstərilməsi üçün respublikada bir neçə qadın və uşaq sığınacağı fəaliyyət göstərir. qadınların və uşaqların bu kimi hallarda yerləşdirildikləri sığınacaqlar fəaliyyətlərində qanunun tələbinə uyğun fəaliyyət göstərməlidir. Bəs əslində necədir? Bu fəaliyyət sığınacaqda müvəqqəti məskunlaşan qadın və uşaqların məxfiliyi qorunurmu?

 Azadmediatv.com xəbər verir ki, sosial platformalarda sığınacaqdakı fəaliyyətini ictimailəşdirən "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində isə məişət zorakılığının qurbanı və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının aparılması, çətin şəraitdə yaşama səbəbindən zorakılığın bütün növlərinə məruz qalan, kimsəsiz, baxımsız uşaqlara sosial, tibbi, psixoloji, hüquqi yardımın göstərilməsi, peşə bacarıqlarının artırılması, onların sığınacaqla, təhsillə, paltarla qida ilə və asudə vaxtının təşkili ilə bağlı zəruri xidmət paketi ilə təmin edilmələrinin həyata keçirildiyi deyilsə də, sözügedən ictimai birliyin sədri Kəmalə Ağazadə həmin sakinlərin üzlərini göstərməklə müxtəlif reklam xarakterli paylaşımlar edir.  Bu paylaşımlar 10  ildən çoxdur ki, davam edir, əsasən mətbəxdə yemək hazırlayarkən uşaq əməyinin istismarı da diqqət çəkir

K.Ağazadə isə məsələyə münasibət bildirərkən qeyd edib ki, qanunları yaxşı bilir: “Mən qanunları sizdən az bilmirəm. Onlar mənim himayəmdə olan uşaqlardır. Əgər hansınınsa həyat hekayəsini yazmış olsaydım, haqlı irad bildirmiş olardınız. Belə də davam edin...”

Qeyd edim ki, əksər hallarda sığınacağa yerləşdirilən şəxslər polis tərəfindən gətirilir. Onların müraciətləri sənədlərinin qaydasında olmaması, hansısa təhlükəyə məruz qalmaları və s. digər meyarlar əsasında qiymətləndirilir. Bəzən sığınacağa şəxsin özü tərəfindən də müraciət daxil olur, müraciət edənin vəziyyəti qiymətləndirilir, real təhlükə olduğu halda şəxsi sığınacağa qəbul edirlər.  Belə sığınacaqlara zorakılığa məruz qalmış, həssas qrupa aid uşaqlar yerləşdirilir: Sığınacaqlara nadir hallarda valideynlər tərəfindən uşaqlar yerləşdirilir. Əksər hallarda uşaqlar sığınacağa icra hakimiyyətlərinin, Sosial Xidmətlər Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilir. Uşaqlar sığınacağa adıçəkilən qurumlar tərəfindən müvafiq təlimat və fərdi iş planı, eyni zamanda, anket forması əsasında qəbul edilir. Yəni sığınacaq rəhbərliyinə övladlıq olaraq verilmir.

 

Sığınacaqlarda yaşayan uşaqlar, sosial xidmətlər vasitəsilə təhlükəsiz mühitlə təmin edilir, təhsil və reabilitasiya proqramlarına cəlb olunaraq cəmiyyətə inteqrasiya olunurlar.

Sığınacaqlarda yaşayan uşaqlarla bağlı əsas məqamlar bunlardır:

 

Reinteqrasiya və Sosial Dəstək: Sığınacaqlar uşaqlar üçün təhlükəsizlik və inkişaf mühiti formalaşdırır, sosial xidmətlərə cəlb edilməklə onların reabilitasiyasına kömək edir.

Təhsil Hüququ: Sığınacaqda yaşayan uşaqların təhsilə cəlb olunması prioritetdir, lakin bəzən sənədləşmə problemləri bu prosesi çətinləşdirir.

18 Yaşdan Sonrakı Həyat: Sığınacaqlarda böyüyən uşaqlar üçün ən böyük sınaq 18 yaşdan sonra sığınacağı tərk etdikdən sonra müstəqil yaşamaq və cəmiyyətə uyğunlaşmaqdır.

Dövlət Himayəsi: Sığınacaqda yerləşdirilən uşaqların bir çoxu müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınaraq dövlət himayəsinə götürülür.

Problemlər: Sənədlərin olmaması, təhsilin gecikməsi və sosial bacarıqların çatışmazlığı əsas çətinliklər sırasındadır. 

 

Sığınacaqlarda yaşayan uşaqlar üçün xüsusi qayğı və diqqət, onların həyatını və gələcəyini müsbətə doğru dəyişməlidir.  

Sığınacaqlarda uşaqların hüquqları onların təhlükəsizliyini, fiziki və psixoloji sağlamlığını, təhsilini və inkişafını təmin edən qanunvericiliklə (məsələn, Uşaq hüquqları haqqında AR Qanunu) qorunmalıdır. Sığınacaqda uşağın şəxsiyyətinin anonimliyi qorunmalı, mənafelərini müdafiə edən şəxsin iştirakı təmin edilməlidir.  

 

Məhz, bu faktorları təkmilləşdirmək məqsədi ilə Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb. 

Sözügedən yeni qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı il yanvarın 26-da keçirilən iclasında müzakirəyə də çıxrılıb. 

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

“Çətin həyat şəraitində olan uşaqlar – həyat fəaliyyəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş halların mövcudluğu nəticəsində pozulan və bu halları təkbaşına və ya ailəsinin köməyi ilə aradan qaldıra bilməyən uşaqlar;    

1.1.2. erkən evlilik – uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;

1.1.3. uşağın qanuni nümayəndələri – valideynlər, valideynləri əvəz edən şəxslər, onlar olmadıqda qəyyumluq və himayəçilik orqanının nümayəndəsi;

1.1.4. uşağın sosial reabilitasiyası – uşağın normal yaşayış mühitinin, sosial əlaqələrinin bərpası və ona qayğı göstərilməsi üzrə həyata keçirilən kompleks tədbirlər;

1.1.5. uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləri;

1.1.6. uşaq – 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs; 

1.1.7. uşaqlar barəsində icraat – uşaqlar barəsində mülki işlər, cinayət işləri, inzibati xətalara və inzibati mübahisələrə dair işlər üzrə icraat, inzibati icraat;

1.1.8. uşaqlara qarşı cismani cəza – valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşaqlara qarşı törədilən fiziki və (və ya) psixoloji zorakılıq;

1.1.9. uşaqlara qarşı zorakılığın formaları – fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq, cismani cəza, etinasız rəftar, təhlükədə qoyma, istismar, davamlı təzyiq və aqressiv davranış; 

1.1.10. uşaqlara qarşı zorakılıq – uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməl (hərəkət və ya hərəkətsizlik); 

1.1.11. valideynləri əvəz edən şəxslər – övladlığa götürənlər, qəyyumlar (himayəçilər).

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”

 

"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadənin məişət zorakılığının qurbanı və ya potensial qurban olan baxımsız uşaqların görüntülərini açıq paylaşımlarıyla bağlı Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu münasibət bildirib. O, bildirib ki, çətin həyat şəraitində olan uşaqlara dair şəxsi məlumatların (foto və video daxil olmaqla) sosial mediada paylaşılması yüksək həssaslıq və məsuliyyət tələb edir: “Bu uşaqların bir çoxu travma yaşadığı üçün belə paylaşımlar onların psixoloji vəziyyətinə mənfi təsir göstərə, stiqmatizasiya və sosial təcrid riskini artıra bilər. “Uşaq hüquqları haqqında” Qanuna əsasən, uşağın şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin qorunması hüququ var. Eyni zamanda “Fərdi məlumatlar haqqında” Qanuna görə foto və video görüntülər də fərdi məlumat sayılır və onların yayılması yalnız razılıq əsasında mümkündür. Valideyn himayəsindən məhrum uşaqlarla bağlı bu razılıq qəyyumluq və himayə orqanları tərəfindən verilməlidir. Bu səbəbdən sosial müəssisələrdə olan uşaqların görüntülərinin paylaşılması müvafiq qurumların icazəsi olmadan yolverilməzdir. Nəticə olaraq, belə paylaşımlarda əsas prinsip uşağın maraqlarının qorunmasıdır. Hüquqi normalarla yanaşı etik qaydalara da riayət edilməli, uşağın təhlükəsizliyi və gələcəyi hər zaman üstün tutulmalıdır”.

 Xatırladaq ki, Kəmalə Ağazadə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədridir. O, uzun illərdir uşaq hüquqlarının müdafiəsi, sığınacaq fəaliyyəti və çətin vəziyyətdə olan uşaqların reabilitasiyası ilə məşğul olan  uşaq hüquqları müdafiəçisi kimi tanınır. 

 Gülnaz Qənbərli

Azadmediatv.com