Sənə qurban olum, Laçın...

Sənə qurban olum, Laçın...

Dünən  Laçındaydım. Müharibə başlayanadək hər il bütün yayı keçirdiyim Qırxqız yaylağı necə var, eləydi. Yurd yerimizdə, sadəcə, dördbucağı xatırladan çadırdan süzülüb axması üçün alaçığın ətrafında  qazılan, yerli camaatın "qanov" adlandırdığı şırnaq yerinin izi bekara görünürdü.  Qırxqızdan yuxarı dağın döşündə qantəpərlər yellənirdi,  zirənin iyi aləmi bürümüşdü, lap 30 il əvvəl  sonuncu dəfə gördüyüm kimi.  Təsəvvür eləyirsiniz, bu ərazidə hər şey olduğu kimi qalıb. Yəqin yaylaq olduğuna görə... El yoluna çıxdım, anamın dayısı Alməmməd babanın oğulları Pirməmməd və Qələndər dayının yurd yerinin üstündə bir at otlayırdı. Sahibi-filan da yox idi.  Birdən ağlıma gəldi ki, Qələndər dayı öləndən sonra arvadl Afərimi onu mindiyi üçün qayalara  çırpıb öldürən, sahibinə sadiq atdır yəqin bu. Sonra da düşündüm ki, indiyə o at qalmaz, çoxdan ölər. Yəqin onun nəslindəndir.  Yanılmamışdım, həmin atın oxşarıydi. Həyatımda ilk dəfə uca səslə ağı deyib, ağladım. Sonra əyilib Qırxqız  bulağından üzümə su vurdum. Buz kimiydi... Ata yaxınlaşıb, yalınca mindim. Üzü Əhmədbəyliyə tərəf çapdım. Bu günü  Laçın işğal olunandan elə an olmamışdı ki, arzulamayım, şükür qovuşdurana....  Atdan düşüb yamacda otqarışıq, nəm iyi verən torpağın üzərinə uzandım. Lap uşaqllıqdakı kimi. O vaxt uşaqlarla qulağımıızı yerə dayayar, maşın səsi gəlib-gəlməməsini dinləyərdik. Çünki həmin ərazilərdə maşın səsi yalnız atam bizi arada yoluxmağa gələndən-gələnə eşidilərdi. Həqiqətən maşın səsi eşidib, başımı qaldırdım. Atam deyildi, təbiii...  Bizi Laçına gətirən zirehli maşının sürücüsüydi. Pəncərədən başını çıxarıb: "Hamı sizi axtarır, dəstədən necə ayrılmısınız? Axı hamınızı xəbərdar etmişdik ki, dəstədən ayrılmayın". Yazıq-yazıq üzünə baxıb, dillənmədim. Heç sürücünin yanındakı komandir də xətrimə dəymədi. Anamın məzarına qatmaq üçün torpaq götürmək istədim, komandir qoymadı ki, siz turist deyilsiniz ee, istədiyiniz zaman buralara gələcəksiniz. Dedim ki, yox, bunu bilirəm, anam üçün götürmək istəyirəm. Əlini yelləyib, "işində ol,  amma bir az cəld"-, dedi. Bir ovuc torpaq götürə bildim ancaq. Ovcumu da bərk-bərk sıxdlm ki, tökülməsin.... 
Laçına gəldiyimiz səfər yoldaşlarımın yanına qayıtdım. Hikmət müəllim məni xeyli danladı.  Əflatun Amaşov isə  mənə qəhmər çıxdı. Sağ olsun... Gecəyarı Bakıya qayıtdıq. Ovcumda bir ovuc torpaqla... Avtobusdan düşəndə səfəri təşkil etdiyinə görə, təşkilatçılara təşəkkür etdim. Çox xöşbəxtiydim, ağlasam da, uşaqlığımın izini axtardığım Laçınımı gördüyüm üçün... Məni bu arzuma qovuşdurduqları üçün. Təəssüf ki, Deyzoşumu özümlə götürməyə icazə yox idi, deyə evdə qoymuşdum.
Torpaqlarımız alınanadək, həmişə deyirdim ki, Allah mənə ömür versin, heç olmasa, bircə dəfə Laçını yenidən görüm. Lap yatmağa yerim olmasın, torpağın üstündə yataram. Təki yenidən ayağım o torpaqlara dəysin, oranın havasını udum, suyunu içim. Təki yenidən yaylağa gedən köçü izləyim.  El yolundan əvəlik, qırxbuğum toplayan qadınlara qoşulub, onların şirin söhbətlərini dinləyim...
 Şükür qovuşdurana...
Yoldan gəldiyimdən bərk yorğun idim,  yuyunub yatdım... Amma ovcumdakı torpağı heç nəyə boşaltmadan. Eləcə yatdım...
Səhər oyananda ovcumu eləcə bərk sıxılmış, yumruq halında da aşkarladım. Dırnaqlarım ovcuma batmışdı... Torpaq filan da yox idi...
Bir neçə saniyə "torpaq necə oldu?"-, deyə düşündüm.
Anladım ki, Laçına dünənki səfərdən götürdüyüm torpağı reallığa keçirə bilməmişəm...
Amma hər şey  sanki gerçək idi... Bəzən yuxular insanı arzusuna qovuşdururmuş, mənim kimi...
Sənə qurban olum, Laçın.... Tezliklə yenə gələcəm... İnşəallah...