Gülnaz Qənbərli:

Gülnaz Qənbərli: "Debat ya müsahibə"


 Son günlər internet kanallarında aparıcının müsahibi tək olsa da, nədənsə verilişinin adını  tutaq ki, filankəs  "Canlı DEBATda" kimi təqdim edirlər. Verilişə baxanda isə bunun debat yox, adi təkmüsahibli  veriliş olduğunu görürsən.  Biganə qala bilmədim...
Bəs, əslində, "Debat" nə deməkdir. Biraz maariflənək. Öyrənmək heç zaman gec deyil.  Dünyada baş verən siyasi proseslərdə  keçirilən uğurlu debatlar gözlənilmədən bir ölkənin taleyini və tarixini dəyişib. Məsələn, ABŞ-da  1960-ci il sentyabrın 26-da Riçard Niksonla Con Kennedi arasında keçirilən seçkiqabağı tele-debat kimi. Bu debatı mavi ekranlardan 66 milyon tamaşaçı izləmişdi.  Elə ilk tele-debatdan sonra Kennedinin seçicilər arasında reytinqi kosmik sürətlə yüksəlib.  Eləcə də, Donald Tramp və Co Baydenin seçki öncəsi keçirilən, bütün dünyanın maraqla izlədiyi son debatı...

Keçək, debata...


"Debat" özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlament və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətdir. Debat əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur.  Eləcə də  qarşı tərəfin hisslərini, düşüncələrini və fikirlərini dəyişdirməyi və ya yeniləməyi və digər insana təsir etməyi hədəfləyən bir nitq formasıdır ki, müəyyən qaydalar çərçivəsində bir-birinizi təkzib edərək, əks düşüncələrin məqsədinə əsaslanır. Bu səbəbdən mübahisə də müdafiə olunan bir mübahisə və bir düşüncə mövcuddur. 
Debatın xüsusiyyətləri və qaydalarına gəlincə, deməliyəm ki, burada məqsəd həqiqətə çatmaqdır. Bunun üçün düşüncəni düşüncə ilə təkzib etmək vacibdir. Bu səbəblə müzakirədə vahid  nəticəyə çatmaq hədəflənir. 

Debatda mövzu müzakirə zamanı əvvəlcədən müəyyənləşdirilməlidir. Müzakirə olunan mövzu ilə bağlı müdafiə olunan fikir elmi məlumatlara əsaslanmalı və konkret  sübut və faktlar olunmalıdır. Bunun üçün mənbələr araşdırılmalı, lazım olduqda qeydlər aparılmalıdır.
Debatda bir  aparıcı və ya moderator olur ki, o, tərəflərə yetəri qədər söz haqqı verməlidir. 

Debatda üçüncü tərəfin, yəni  aparıcı və ya moderatorun vəzifəsi odur ki, tərəflərin mövqeyini dinləyib, öz seçimini etsin. Həmin seçim  yalnız ona əsaslanmalıdır ki, "tərəf məni inandırdı”-təsdiqinə əsaslansın.  Debatın əsas xüsusiyyətlərindən biri də odur ki, danışanın sözü kəsilməməli, tərəflər bir-birini səbr və hörmətlə dinlənməlidir. Debat zamanı mövzudan kənara çıxılmamalıdır. Debat zamanı tərəflər qərəzli və emosional olmamalıdır. Verilən vaxta əməl olunmalı və yüksək dəyərləndirilməlidir. Debatı mübahisə ilə qarışdırmaq olmaz.  Bu ikisi arasındakı fərq odur ki, debat zamanı müəyyən qaydalara əməl olunmalıdır.
Debatın siyasi arena, eləcə də parlament və digər bu kimi dəvət olunanlar üçün müsbət faydaları da var. Məsələn, debat, həmçinin yaxşı təcrübə toplama və öyrənmə metodur. Bu şəkildə öyrənilən məlumatlar zehində daha yaxşı qalır. Bundan əlavə debat insana özünəgüvən hissi, eyni zamanda planlı iş, düşüncə, araşdırma vərdişləri və  gözəl nitq qabiliyyəti verir. 

Çıxışlar şifahi ifadənin əsas prinsiplərinə əsaslanmalı, qısa, yığcam lakonik və başa düşülən bir dil ilə edilməli, uzun cümlələrdən qaçılmalıdır. Debat həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentdə, həm də elmi və yaradıcılıq məqsədi ilə keçirilir. 
Debatın  aşağıdakı növləri var: 

Parlament debatı - bu debatının reqlamenti ingilis parlamentindəki qaydalar üzrə qurulub, burada tərəflər hökumət və opponent olur. Parlament debatları hazırda bir çox ölkələrdə oynanılır və Birləşmiş Krallıq, Hindistan, Yunanıstan kimi ölkələrdə əsas oynanılan debat növüdür. Bu növ özü də alt növlərə ayrılır. Britaniya Parlament debatı. Bu debat formasında dörd komanda olur, ikisi hökumət (biri açılışda, biri bağlanışda iştirak edir) və eyni qayda ilə iki opponent komandası. Bağlanışda çıxış edən tərəflər ya öz mövqelərinin gücləndirilməsi üçün yeni arqumentlər verir, ya da açılış komandaları tərəfindən verilən arqumentləri gücləndirirlər. Yarış raundunda komandalar birinci yerdən dördüncü yerə kimi sıralanırlar, birinci yeri tutan komanda 3 xal, ikinci yer 2 xal, üçüncü yer 1 xal, dördüncü yer isə 0 xal qazanır. Adətən, birinci və ikinci yeri tutan komandalar eyni mövqedən olurlar. Bu debat növü beynəlxalq çempionatlarda müraciət edilən növdür.

Kanada Parlament debatı -Bu yarış növündə bir hökumət komandası və bir opponent komandası olur. Komandaların hər birində iki nəfər iştirak edir. Hökumət komandada bunlardan biri Baş nazir, digəri isə hökumət üzvü adlanır, opponent komandada isə müvafiq olaraq opponent lideri və opponent üzvü anlayışları mövcuddur. Belə debatlarda hökuməti təmsil edən komanda oyuna əvvəlcədən hazırlıqlı gəlsə də, opponent komandanın hansı gedişi edəcəyi oyun zamanı müəyyənləşir.

Oksford debatı - bu debat növündə də təsdiq və inkar olmaqla iki komanda iştirak edir. Qalib isə auditoriya arasında səsvermə yolu ilə seçilir. Oyundan qabaq auditoriya arasında mövzunun lehinə, əleyhinə və ya bitərəf olma haqqında sorğu keçirilir. Sonradan hər bir panelist ( spikerlər belə adlanır) öz mövqeyinə dair yeddi dəqiqəlik çıxış edir , bunun ardıyca isə moderator vasitəsilə auditoriya panelistlərə öz suallarını ünvanlayır. Sonda isə hər bir panelist iki dəqiqəlik son çıxışı edir və auditoriya arasında yekun səsvermə keçirilir.
Meys debatı - bu növ İngiltərədə məktəblilər arasında məşhurdur. Oyunda iki komanda və hər komandada iki oyunçu olur. Təsdiq tərəf hər hansı bir təkliflə çıxış edir (Məsələn, bu palata hesab edir ki, məhbuslara səsvermə hüququ verilməlidir), inkar tərəf isə bunun əleyhinə çıxmalıdır. Müəyyən edilmiş ardıcıllıqla (Təsdiq 1, İnkar 1, Təsdiq 2, İnkar 2) spikerlər hər biri yeddi dəqiqəlik çıxış edir. Hər çıxışın beşinci dəqiqəsindən sonra opponent komanda üzvləri spikerə sual vermək hüququna malikdirlər, təbii ki spikerin də buna razılığı olmalıdır. Belə suallar adətən komandanın zəif nöqtəsindən vurmaq, ya da spikerin dediyi hər hansı fakta qarşı çıxmaq üçün verilir. Yuxarıda xatırladılan dörd çıxış bitdikdən sonra auditoriya komandalara öz suallarını ünvanlayır. Sualların ardıyca hər komandadan bir spiker (bu adətən 1-ci spiker olur) 4 dəqiqəlik çıxış edir. Bu yekun çıxışda auditoriyanın verdiyi suallara cavablar, eləcə də mövqeyin yekun əsaslandırılması öz əksini tapır. Debatın bu formatında analitik bacarıqlar, xüsusi tərz, arqumentlərin güclülüyü əsas götürülür.

Ces debatı - bu format İrlandiyada orta məktəb səviyyəsində keçirilir. Yarışda 5 spiker iştirak edir. Onların dördü iki-iki komanda şəklində, biri isə hər iki tərəfdə yarışır. Çıxışlar 4 dəqiqə, 30 saniyə çəkir, son 30 saniyə ərzində opponentin sual istəkləri qəbul olunmur.
İctimai debat - Beynəlxalq İctimai Debat Assosiasiyası 1997-ci il, fevralın 15-də Texasda St.Mary Universitetində yaradılıb, hazırda ABŞ-ın Arkanzas, Luiziana, Kanzas, Alabama, Texas, Missisipi, Vaşinqton, Oreqon, Florida və Oklahoma ştatlarında məşhurdur. Bu assosiasiya universitetlər arasında ən sürətlə yayılan debat cəmiyyətidir. Bu formatda faktlardan çox ictimai təqdimat bacarıqları əsas rol oynayır və hər spiker hakimi öz mövqeyinə inandırmağa çalışır, hər turnirin sonunda ən yaxşı spikerlər mükafatlandırılır. Belə debatlar həm komanda şəklində, həm də individual şəkildə olur. Mövzu siyahısı oyundan 30 dəqiqə qabaq spikerlərə təqdim olunur, birgə danışıqlar nəticəsində mövzulardan biri seçilir. Tərəflər təsdiq və inkar olmaqla ikiyə bölünür, oyun spikerlərin açılış nitqləri ilə başlayır, çarpaz suallarla müşayiət olunur və yekun nitqlə bitir. Debatın bu formatı universitet səviyyəsində keçirilir.

Avstralasiya debatı - Debatın bu növündə də iki komanda iştirak edir. Mövzuların tipi regiondan regiona fərqlənir, aktual və hamını maraqlandıran mövzulara üstünlük verilir. Hər komanda 3 spikerdən ibarət olur və hər spikerin komandada öz mövqeyi olur. Məsələn, 3-cü spiker Komandanın Kapitanı adlanır və opponentin arqumentlərini bir-bir təkzib etmək səlahiyyəti var. Sonda isə 1-ci spikerlər yenidən çıxış edirlər, lakin yeni fakt təqdim edə bilməzlər. Bu format, adətən, məktəb səviyyəsində keçirilir.

Asiya debatı - Birləşmiş Asiya Debat Çempionatı Asiyada ən böyük debat turniridir və burada Orta Şərqdən tutmuş Yaponiyaya kimi bütün ölkələrdən komandalar iştirak edir. Əsas iştirakçılar Cənub-Şərqi Asiya ölkələrindən olduğu üçün turnirlər də əsasən bu ölkələrdə keçirilir. Asiya debatı Avstralasiya debatı ilə oxşarlıq təşkil edir. Yeganə fərq ondadır ki, spikerlərin çıxış müddəti 7 dəqiqədir, eləcə də 1-ci və 7-ci dəqiqələrdə spikerə sual vermək qadağandır. Oyun “Baş Nazir”in çıxışı ilə başlayır və Opponent liderinin çıxışı ilə müşayiət olunur. Sonuncu çıxışda isə əvvəlcə opponent üzvü, daha sonra isə hökumət üzvü çıxış edir. Hökumət üzvünün çıxışı 4 dəqiqə davam edir və bu çıxış zamanı ona sual verilmir.

Siyasət debatları - ABŞ-da keçirilir və həm də çarpaz suallar debatları da adlandırılır, belə ki, hər çıxışdan sonra 3 dəqiqəlik çarpaz suallar raundu olur. Təsdiq komanda layihə hazırlayır, inkar isə sübut etməyə çalışır ki, layihə yararsızdır və yaxşı təşkil olunmayıb, ya da çox baha başa gəldiyi üçün həyata keçirilə bilməz.
Hazırlıqsız çıxışlı debatlar -Burada hər biri iki nəfərdən ibarət, iki komanda iştirak edir və oyuna əvvəlcədən hazırlıq olmur. Çıxışlar ardıcıl olaraq təsdiq 1, inkar 1, təsdiq 2, inkar 2 şəklində sıralanır. Bu çıxışların hər biri 6 dəqiqəlikdir və hər çıxışdan sonra çarpaz suallar raundu baş tutur. Daha sonra yenidən birinci spikerlər, ardınca isə ikinci spikerlər 4 dəqiqəlik təkzib çıxışı edirlər. Təkzib zamanı yeni arqumentlər verilmir.

Linkoln-Duqlas debatı - Bu debat formatı ABŞ ali məktəblərində keçirilir. Yarışda bir nəfər bir nəfərə qarşı yarışır və müzakirə əsasən real ümumdünya problemlərinə fəlsəfi nəzəriyyələrin cəlb olunması üzərinə fokuslanır.Tərəflərdən biri qətnaməni hazırlayır, digəri isə bu qətnaməyə "hücum edir". Bu format siyasət debatlarına alternativ olaraq yaradılsa da, onun bir çox taktikalarını mənimsəyib. Lakin burada yazılı fakt təqdim olunması Siyasət Debatlarına nisbətən az tələb olunur. Siyasət və Linkoln-Duqlas debat turnirləri, adətən, eyni universitetlərdə ardıcıl keçirilir.
 

Simulyasiya debatları - Belə debat yarışları ali məktəblərdə keçirilir və bunlara Konqres Debatı, BMT Modeli, Avropa Gənclər Parlamenti və s. tipli tədbirlər daxildir.

Bədahətən debat -Digər formatlara nisbətən, bu debat formatı daha sərbəstdir və möhkəm reqlament üzərində qurulmayıb. Mövzu iştirakçılara oyundan 15-20 dəqiqə əvvəl təqdim edilir. Daha sonra oyun göstərilmiş ardıcıllıqla aparılır: Hər spiker 5 dəqiqəlik çıxış edir; 10 dəqiqəlik müzakirə raundu ; çarpaz suallar raundu; beş dəqiqəlik fasilə, hər komanda üçün 4 dəqiqəlik təkzib çıxışı.

Paris Debatı - Bu, nisbətən yeni fransız formatıdır. Oyunda hər biri 5 nəfərdən ibarət iki komanda iştirak edir və verilmiş mövzu üzrə müzakirə aparırlar. Formatda əsas üstünlük verilən faktorlar arqumentlərin güclülüyü, güclü ritorika bacarığı, spikerin özünün xarizması və yumor hissi və ən əsası, komanda işinin yaxşı təşkilidir. Hər spiker 6 dəqiqə çıxış edir, çıxışın ilk və son dəqiqəsi istisna olmaqla, çıxış zamanı opponent komanda spikerə sual və ya şərh verə bilər.

Təhsildə debat - Bu gün müəllimlər də dərs zamanı mövzunun daha yaxşı öyrənilməsi üçün də dərs müddətində debatdan istifadə edilir. Dərs zamanı debat 15-20 dəqiqəlik olur. Debatı müəllim interaktiv dərsin ikinci mərhələsində – tədqiqatın aparılmasında tətbiq edir. Debat üsulunun tətbiqi zamanı şagirdlərdə bir sıra bacarıq və keyfiyyətlər formalaşır. Bunlar mövzunun araşdırılması, əsas anlayışları seçib ayırma, sübut və dəlilərlə işləmək, “çarpaz sualların” hazırlanması, natiqlik məharəti, hakimlik və qərarların qəbul edilməsi, öz fikrinin təsdiq edilməsi, diqqətlə dinləmə, əleyhinə arqument gətirmə və s.

Onlayn debatlar -İ nternetdə xüsusi təşkil olunmuş müzakirə saytları mövcuddur ki, bunlara onlayn forumları misal göstərmək olar. İndiyədək iki onlayn debat çempionatı baş tutub ki, bunları "Debatewise" və "Beynəlxalq Debat Təhsil Assosiasiyası" təşkil edir.

P.S. Debatın yaranma tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş verib.  Debat cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranıb. Lakin bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat yoxdur. Debat mövzuları dövlət siyasətindən tutmuş sevgi və evlilik məsələlərinə qədər geniş sahəni əhatə edir.