Danışdırmayın “harmonik rəqslər”in Vaqif Bəhmənlisini...
Emil Rasimoğlu ( şair-publisist)
Bu gözəlim məmləkətdə necə deyərlər, qulaq gündə bir söz eşitməsə, kar olar... Amma və lakin, söz də gərək SÖZ ola, daha sözsüzlük (viranəlik) yox!..
Vaxt itirmədən keçək mətləbə — sözümün canına...
Vaqif Bəhmənlini tanıyırsınız də... Qələmi bir çox vədələrdə ədəbiyyatsızlığı ağ kağızlara bükən Bəhmənlinin Vaqif oğlunu deyirəm. İndi də ilin-günün bu çağında, 21-ci əsrin bu vaxtında, ömrün bu yerində həmin bu, Vaqif Bəhmənli həzrətləri müsahibəsində qayıdıb deyir ki,
“Şair qəzəl yazmırsa, demək onda nəsə çatmır”.
Əvvəla, adama deməzlərmi, ay gözəlim məmləkətin “məğlubiyyət simfoniyası”ndan boy göstərən əliqələmlisi, ƏDƏBİYYAT idraki hadisədir (mətn hadisəsidir), texniki (riyazi), rəqəmlərin fonundakı “harmonik rəqslər” hadisəsi deyil!.. DİGƏR TƏRƏFDƏN DƏ bəzən (yenə deyirəm bəzən!) şair elə nəsə çatmayanda qəzəl yazır.., texnikada, rəqəmlərdə “gizlənir”.
... BİR HALDA Kİ, Vaqif Bəhmənlidən söz düşüb, elə sözümün bu məqamında (fikirlərimin davamı olaraq) istərdim onun qələminə də qısaca ekskursiya edim.
Heç şübhəsiz ki, yaradıcılıqda (mövzu üzərində) BƏDİİ MƏTNİN EMAL PROSESİ deyə bir anlayış var. Ədəbi təfəkkür... İlahi ünsiyyət dalğaları... fövqəl enerji VƏ BU KİMİ sənətin yaranmasında mütləq mənada (vəhdət tərzində) iştirak edən NƏSNƏlər də məhz o anlayışa daxildir.
(TƏSSÜF Kİ, bu gün yazılan, ədəbiyyat adı altında təqdim olunan bir çox nümunələrə münasibət bildirilərkən (əksər hallarda!) həmin BƏDİİ MƏTNİN EMAL PROSESİ kontekstindən münasibət bildirilmir, yanaşılmır. Hansı ki, SƏNƏT üçün də mütləq olan, məhz bu amildir!...)
Mövcud EMAL PROSESİ yoxdursa, birmənalı şəkildə yekunda SƏNƏT yoxdur...
Eyni zamanda, gerçək ədəbiyyatın ehtivası, təsdiqi hesab edilən BƏDİİ MƏTNİN EMAL PROSESİ anlayışı “boz ədəbiyyat”da çox vaxt (xüsusən!) PUBLİSİSTİK RİYAZİ HƏLL detalı ilə əvəzlənir. Çünki “boz ədəbiyyat”ın yaranmasında həmin BƏDİİ MƏTNİN EMAL PROSESİ yox, kütləviləşmiş təfəkkürün diqtəsi ilə yalnız PUBLİSİSTİK RİYAZİ HƏLL prosesi iştirak edir. Bir az da konkret desək, müəllifin kütləvi düşüncə tərzinə, ədəbi gücsüzlüyünə görə BƏDİİ HƏLL faktoru qeyri-ixtiyari olaraq (mövzu üzərində) PUBLİSİSTİK RİYAZİ HƏLL faktoruna çevrilir. O çevirilmə zamanı isə belə demək mümkündüsə, gerçək ədəbiyyat öz estafetini “boz ədəbiyyat”a verir...
... İndisə, bu dediklərimdən yola çıxıb, qayıdım Vaqif Bəhmənliyə, xüsusilə də onun ədəbi fiaskosuna.
Öncə onu deyim ki, bu gözəlim məmləkətin Vaqif Bəhmənlisi illərdi ki “söz çoxluğu”ndan əziyyət çəkən imzalardandı. Bəli, “söz çoxluğu”ndan!..
Demək, olar ki, adam eləcə səhər-axşam yazıb... yazır. Amma və lakin necə yazıb... necə yazır? Necə yaradır? Ümumiyyətlə, yaradırmı(?)... yaradıbmı? Həə.. baxın, ədəbiyyatın, sənətin varlığının təsdiqi də məsələnin, məhz bu yerindən, bu mərhələsindən başlayır.
Vaqif Bəhmənlinin qələmi ədəbi təfəkkürün(ün) gücsüzlüyü, məhdud trayektoriyası ucbatından bir az Məmməd Araz populizmi, kütləviliyi üzərində, bir az boz sentimentalizmə, boz folklora söykənən publisistik didaktika fövqündə, bir az da ibtidai poetikanın darısqal çevrəsində daim “hərəkət” edib... “hərəkət” edir. Məhz bu səbəbdən də Vaqif Bəhmənlinin yazdığı şeirlərdə bütöv, orijinal bir BƏDİİ MƏTNi, KREATİVLİYİN hüdudsuz, ümumbəşəri, bədii həlli ortaya qoyacaq masştabını görmək mümkün deyil. Əksinə, bir çox hallarda yuxarıda qeyd etdiyim PUBLİSİSTİK RİYAZİ HƏLL müstəvisində MƏTNSİZLİK SİNDİROMU, kütlənin “düşüncə mexanizmi” onun yazdıqlarının mahiyyətində, nüvəsində dayanır.
... Ümumiyyətlə, uzun illərdən bəri ədəbi mühitdə mövcud olan Vaqif Bəhmənli kimi (gerçək sənət qarşısında) məğlub imzalar var ki, yazı prosesində qeyri – ixtiyari olaraq ekstaz vəziyyətin natamamlığı, bu istiqamətdə potensial kasadlığı, fövqəl idrakın, dünyagörüşün gücsüzlüyü, belə demək mümkündüsə, “nəfəssizliyi” ucbatından yekunda SPESİFİK BƏDİİ MƏTNi ortaya qoya bilməmək problemini yaşayıb... yaşayır. Hətta “boz ədəbiyyata” yuvarlanır, onu “yaratmağa” can atır, vərdiş edir, öyrəşir, o “boz girdabda” sadəcə söz, fikir qalaqlayır...
...Danışdırmayın Vaqif Bəhmənlini, o, (həm də!) Vaqif Bayatlının qanadlarının qırılmış halıdır!



