Məhəbbət Orucov:

Məhəbbət Orucov: "“Media kapitanları"nın  səsi bölgələrimizdəki  kef məclislərindən gəlməyə başladı"

KİVDF yaranandan bəri ölkədə medianın qara günləri başlayıb. Əslində, qurumun başlıca məqsədi   mətbuatının inkişaf etdirilməsi  üçün yaradılmış Kütləvi İnformasiya Vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək olub.  Amma fürsətçilər ölkə başçısının  bu xoş niyyətindən öz məqsədləri üçün istifadə etməyə başladılar. Özü də heç nədən çəkinmədən, qorxmadan. Çox az bir müddətdə vəziyyət dəyişdi. Redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin müdafiəsinin gücləndirilməsi arxa plana keçdi. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi üzündən qəzetlərin tirajı sürətlə aşağı düşməyə başladı. 
Hansı ki, KİVDF yaranmamışdan əvvəl ölkədə 8-20 min arası tirajla qəzetlər çap edilib. Yaranmış durumu aradan qaldırmaq əvəzinə   isə Əli Həsənov başına yığdığı redaktorlarla öz çirkin niyyətlərini ört-basdır etmək məqsədilə əllərində olan qəzetləri qalxan edərək, cəmiyyəti aldatmağa başladılar. Guya dövri-mətbuatda islahatlar gedir, jurnalistlərin həyat səviyyəsi durmadan yüksəlməkdədir, ələ baxımlılıq aradan qaldırılır.   Bəs, əslində nə baş verirdi? Əli Həsənov qəzetlərə  ayrılan maliyyənin başqa yerə getməməsi üçün önəmli addımlar atmağa başladı. İlk növbədə özünün nəşriyyatını yaratdı. Tapşırıq verdi ki, KİFDF-dən maliyyələşən bütün qəzetlər, hətta rayon icra hakimiyyətlərinin qəzetləri belə, onun 50 milyon manata başa gələn nəşriyyatında çap olunmalıdır. Başqa cür ola da bilməzdi. Məsələ burasındadır ki, Əli Həsənov vaxt itirmədən istər televiziya sahəsini, istərsə də dövri-mətbuata nəzarəti  Moskvada təhsilli insanlara (dostlarına) həvalə etdi. Görünür tapşırıq belə olub. Görülən  “tədbirlər” nəticəsində çox keçmədi Əli Həsənovun maliyələşdirdiyi redaktorlar Bakıda bahalı maşınlarda şütüməyə başladılar. Hətta maşınlarının reklam olunmasından belə çəkinmədilər. Şəhərin mərkəzində tikilmiş təzə  evlərdə yaşamağa başladılar. Heç qəzetçiliyimizin banisi Həsən bəy Zərdabi belə bol-bostan içərisində yaşamamışdı. Mətbuatımızın yaradıçıları Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi zamanında  qaldıqları mənzillərin kirayəsini verməyə  pul  tapmadığı halda, bizim  “media kapitanları"nın  səsi xaric ölkələrdən və bölgələrimizdəki  kef məclislərindən gəlməyə başladı.  Belə surətlə varlanmağın arxasında olsa-olsa başqalarının haqqı dayanırdı ki, onu da bizim redaktorlar mənimsədilər. Bəla burasıdır kİ, qəzetlərimiz ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparmaq əvəzinə, iri məmurların tribunasına çevrildi. Tərifin biri 1 qəpik. Mətbuat Şurasında rüşvətxor məmurları qorumaq üçün hətta bir qurum da yaradıldı. Adlarını da qoydular ki, reketçiliyə qarşı mübarizə şöbəsi.
  Vüqar Səfərlinin tez-tez bölgələr də yerli icra hakimiyyətləri ilə birgə keçirdiyi “tədbirləri” də  maraqlı hadisələrdən hesab etmək olar. Qaranlıq məqamlarla dolu bu tədbirlərdə “YÜK” təbi ki, icra başçılarının boynuna düşürdü. Yeri gəlmişkən, mən Fondda işləyəndə  bir məqam da  diqqətimi çəkmişdi. Necə olur ki,  fondun rəhbərliyi və müşahidə şurasının üzvləri bu və digər şəkildə  Mətbuat Şurasında məsul vəzifələrdə təmsil olunurlar? Yəqin bu da Əli Həsənovun  gedişlərindən biri olub. Yəni dəstənin  sirri heç yerə  çıxmasın. 
Aydın məsələdir ki,  Fonda vəsait Maliyyə Nazirliyi tərəfindən ayrılıb və bu haqda istintaqın əlində müfəssəl  məlumat var. Əlavə edim ki, ayrılan vəsaitin doğru-düzgün xərclənməsi ilə bağlı məsələlər  Müşahidə Şurasının iclasında gündəliyə salınır və müəyyən qərar qəbul olunur. Hətta bununla bağlı protokol da tərtib olunur. Protokolu isə Müşahidə Şurasının sədri və katibi imzalayır, bununla da əyri işi qanunlaşdırırlar. Guya  ayrılan vəsait təyinatı üzrə xərclənəcək. Jurnalistlərə tikilən mənzil məsələsi də belə olub. Onu deyim ki, bu binanın hər mərtəbəsi üçün təxminən 300 və 350 min manat xərclənməli olduğu halda rəqəmlər olduqca şişirdilib və nəhayət 156 mənzilli bina 22 milyon manata başa gəlib. İkinci bina da belə olub. Məsələyə detallı nəzər salsaq, deyə bilərəm ki, mənzillər tikildiyi illərdə tikinti materiallarının qiyməti indikindən xeyli ucuz olub. Dollar isə manata rəğmən 78 qəpik təşkil edib.  Bu isə o deməkdir ki, həmin binanın birini  o vaxtkı  qiymətlə təxminən 10 milyon manata başa gətirmək olardı. Təəssüf ki, bunlar baş verməyib. Əvəzində çox bilənlər söz buraxıblar ki, binadakı mənzillər orta hesabla 80-90 min manata başa gəlib.  Hansı ki, binanın ərazisi bir qəpiksiz Fonda verilib. FHN hər kv metrə görə 50 manat pul almayıb. Vergilər də onun kimi. Bir sözlə, binanın tikintisində əlavə xərc çıxmayıb. Bəs bu qədər vəsait hara gedib? Binadakı mənzilin bölüşdürülməsi də neçə deyərlər göz qabağındadır.   
Yəqin ki, məhkəmədə bu məsələ də aydınlaşdırılacaq ki, 6-7 nəfərdən ibarət olan qəzet redaksiyasına  neçə olub ki, ildə 120 min manat  pul verilib? Hələ 35 min manat verilən bir dəfəlik maddi yardımları demirəm....