Anar Əsədli:

Anar Əsədli: "Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara"

Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara

Dünəndən sosial şəbəkələrdə türkiyəli repartyor Fulya Öztürk haqqındakı film barədə geniş müzakirə açılıb. Demək olar ki, bütün sferalara mənsub şəxslər fikir dartışmasına giriblər. Təqdir edənlər də var, əleyhinə çıxanlar da. İstənilən halda bu kimi müzakirələrin cəmiyyət üçün yararlı olduğunu düşünmürəm.Nəyi dartışırıq: niyə Fulya haqqında film çəkilir, öz hərbi reportyarlarımız haqqında yox?

Bu dartışmaların nəticəsi nə olacaq?

Bu müzakirələrin nəticəsində cəmiyyətə hansı sağlam fikirlər təqdim olunacaq?

Bəlkə məsələyə başqa aspektdən yanaşaq, məsələn, ondan başlayaq ki, illərdir, bu hakimiyyət Azərbaycan jurnalistikasını zəlil gününə qoyub, məhv edib, alıb, satıb, qələmə bütün tərəflərdən sayğısızlıq göstərilib.

Yerli mediaya həmişə aşağı ranqdan bir qurum kimi münasibət göstərilib. Ən acınacaqlısı isə odur ki, media bununla razılaşıb.

"Mən satılmasam, başqası satılacaq, mənim balam yeməsə, başqasının balası yeyəcək", - prinsipi ilə yaşayan Azərbaycan jurnalistinin bu gün Fulya haqqında film çəkiləndə yadına əzilmiş mənliyi düşdü. Öz şəhid həmkarları haqqında, daha doğrusu şəhid reportyorlarımızın arxa planda qalması haqqında düşünməyə başladı. Amma heç düşünmədilər ki, illərdir, aparılan satılma prosesi bununla nəticələnəcəkdi.

Əzizlərim, Fülya haqqında film çəkilməsində, bizim şəhid və ya digər fədakar jurnalistlərimiz haqqında filmin çəkilməməsində Fülyanın heç bir suçu yoxdur. Fülya öz işini fədakarcasına, vicdanla, cəsarətlə gördü. Çünki onun yetişdiyi məmləkətdə bütün hallarda azad media var və dövlət bu azad medianın arxasındadır, hər il neçə-neçə fulyalar yetişir. Öz peşəsini fədakarcasına, profesional şəkildə həyata keçirir.

Bəs bizdə?

Hər kəsin bildiyi doğruları sadalayımmı?

Nə vaxta qədər ki Azərbaycan hakimiyyəti öz prizmasından yanaşaraq, ölkə mediasını satılmışlara-xainlərə böləcək, biz hələ uzun müddət reportyarlarımız haqqında film görməyəcəyik.

Və ya tapşırıqla hansısa şəhid jurnalistimiz barədə fulm çəkilsə, nə dəyişəcək?

Bizə şəhid jurnalist haqda film vacibdir, ya müstəqil, peşəkar, obyektiv media?

Sadaladığım faktorlara görə müzakirə predmetimiz Fulya deyil, Azərbaycan hakimiyyətinin media siyasəti olmalıdır.

P.S. Qələmini və vicdanını satmayan az sayda jurnalistlərimizə isə ehtiramımı bildirirəm.

P.S.S. Heç görün, mən 48 siyasi partiyanın bəyanatına münasibət bildirirəm?) Ayıbımıza kor olub oturmuşuq...