Ələsgər Məmmədlinin şikayəti rədd edilib

Ələsgər Məmmədlinin şikayəti rədd edilib

Aprelin 3-də Bakı Apellyasiya Məhkəmsində“Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxılmasıyla bağlı verdiyi vəsatəti təmin etməyən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkilinin verdiyi  apelyasiya şikayətinə baxılıb.

Azadmediatv.com xəbər verir ki, məhkəmədə Ə.Məmmədlinin vəkil Aqil Layıc apellyasiya şikayətində göstərilən arqumentləri sadalayıb. O, deyib ki, müvəkkili heç bir cinayət törətməyib və həbsdə saxlanılmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Belə ki, onun səhhətində ciddi problemlər var və həbsdə saxlanması həyatına təhlükədir. Həmçinin, Ələsgər Məmmədli məhz, xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə saxlanılıb. Ələsgər Məmmədli məhkəmədən şikayətinin təmin olunmasını istəyib:

“Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır Mən təcili müayinə və müalicə olunmalıyam”.

O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulmalar yaradır.
Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub.

Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var.

Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib.

Qeyd edək ki, martın 6-da “Toplum” internet televiziyasının ofisində polis axtarışı edib və qapısı möhürlənib. 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7-si haqqında həbs-qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Xatırladaq ki, onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. 

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR