"Əgər Səbuhi idmançıydısa, niyə görə bıçaqla dalaşırdı?" - MƏHKƏMƏ
Oktyabrın 21–də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.
Proses təqsirləndirilən Emin Ələsgərovun sərbəst ifadəsiylə davam edib. O, sərbəst ifadəsində bildirib ki, ittiham edildiyi hadisədə özünü təqsirli bilmir və mərhum Səbuhi Əhmədliylə heç vaxt yaxından-uzaqdan tanışlığı olmayıb. Onun sözlərinə görə mərhumu ilk və son dəfə hadisə baş verən gün görüb. Məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırarkən E.Ələsgərov bildirib ki, hadisə baş verən gün Əli və Fərruxla “Quşxana” deyilən ərazidə təsadüfən rastlaşıblar. Daha sonra siqaret almağa gedərkən heç vaxt tanımadığı S.Əhmədovla qarşılaşıblar:
“09.03.2024-cü ildə axşam saatlarında Əli Eybətov və Fərrux Qasımovla təsadüfən qarşılaşdıq. Sonra siqaret almaq üçün marketə doğru getdik. Marketin yaxınlığında S.Əhmədov qarşımıza çıxdı. Bizi görəndə ağır söyüş söyüb, bıçaq çıxartdı və qaçmağa başladı. Onun arxasınca da Əli və Fərrux bir-birinin ardınca qaçırdı. Nə baş verdiyi anlamadım deyə, yerimdə qaldım. Mən Əlinin əlində bıçaq görmədim. Onların arxasınca getdim ki, aralayım. Həmin vaxt Səbuhi əlində bıçaq üzərimə doğru qaçırdı. Onu zərərsizləşdirmək üçün çiyninə yumruqla zərbə endirdim. Mənə bıçaq atdı. Əyildim baxam ki, sinəmdə qan var ya yox, həmin vaxt Səbuhiylə Əlinin arasında nə baş verdiyini görmədim. Ətrafda yerə atılmış karton qutunu götürüb onlara tərəf getdim. Bir neçə dəqiqə sonra onlara çatdım. Fərruxla Səbuhini araladım. Biz oradan ayrılıb gedəndə Səbuhi ayaq üstəydi, yaralandığl da hiss olunmurdu. Onun öldüyünü sonra eşitdim. Polisdə olarkən ona bıçaq zərbəsi vurulduğunu dedilər”.
Daha sonra mərhumumun atası Arif Əhmədliyə söz verilsə də, o, məhkəmənin bütün cəhdlərinə baxmayaraq, şahid andını içməkdən və çıxışdan imtina edib.
Zərərçəkmiş qismində ifadə verən Aysel Quliyeva bildirib ki, mərhumun bacısıdır: “Səbuhi 5 yaşından idmanın karate növüylə məşğul olub. O, pis vərdişdən və dava-dalaşdan həmişə gen qaçıb. Onu qətlə yetirənlərə ən ağır cəza verilsin. Emin deyir ki, guya Səbuhinin çiyninə yumruqla zərbə vurub. Bəs onda Səbuhinin burnunu və üzünü kim dağıtmışdı?”.
Məhkəmə zərərçəkmişə bildirib ki, onun ifadəsində ziddiyyətlər var:
“Deyirsiniz ki, Səbuhinin pis vərdişi olmayıb. Ancaq məhkəmə-tibb ekspetizasının rəyində göstərilir ki, mərhumun qanında narkotik maddə aşkarlanıb. Əgər Səbuhi idmançıydısa, niyə görə bıçaqla dalaşırdı? Axı adətən, idmançılar fiziki hazırlıqlarına güvənirlər. Qardaşınız bir dəfə də xuliqanlıq maddəsiylə ittiham olunubmuş”.
Zərərçəkmiş məhkəmədə vəsatətlə çıxış edərək bildirib ki, təqsirləndirilənlərə daha ağır cəza verilsin. Daha sonra Əli Eybətovun vəkili vəsatətlə çıxış edib. Vəsatətdə bildirilib ki, mərhum Səbuhi Əhmədlinin hərbi çağırışdan kənarda qalmasının səbəblrinə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilsin.
Proses noyabrın 25-də davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib.
Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.
Gülnaz Qənbərli
Azadmediatv.com