General Bəkir Orucov  müdafiə nazirini ittiham edib

General Bəkir Orucov müdafiə nazirini ittiham edib

Dekabrın 22-də Sumqayıt  Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin  sədrliyi ilə "Beyləqan İşi"ndə ittiham edilən general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun  növbəti məhkəmə prosesi keiçirlib. 

Azadmediatv.com xəbər verir ki, "Beyləqan işi"ndə işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunan sözegedən şəxslərin 9 ay davam edən  məhkəməsi yekunlaşmaq üzrədir. 
Belə ki, prosesdə təqsirləndirilənlər son söz deyib. General-mayor Bəkir Orucov və ittiham edilən digər təqsirləndirilənlər çıxışlarında özlərini təqsirli bilmədiklərini söyləyiblər. 
Həbs edilənədək Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov 2017-ci ildə Beyləqanda bu hadisələr baş verərkən hərbi korpusun Qərargah rəisi vəzifəsini daşıyıb. 
Bəkir Orucov son sözünü deyərkən bildirib ki, 2017-ci ildə Orduda həqiqətən xəyanət olsa da, ancaq bu xainlərin kimliyi düzgün müəyyənləşdirilməyib:
“Xainlik həqiqətən olub. Sadəcə, kimlərin xəyanət etdiyi düzgün müəyyənləşdirilməmişdi. Ancaq inanıram ki, xainlərin kimliyi nə vaxtsa üzə çıxacaq. Məhkəmədə nə zərərnəkənlər nə şahiclər məndən şikayətçi deyil, sadəcə Ülvi Rəşidovun sayıqlamasına və üzümə dayanmasına görə buradayam”.

Bəkir Orucov son sözündə deyib ki, işgəncə nəticəsində vəfat edən Adil Sabirlinin ölümü barədə elə həmin gün dərhal korpus komandiri Mais Bərxudarova məlumat verib. O isə bu hadisələri qoyub, bir gün sonra məzuniyyət götürərək, Türkiyəyə gedib:

“Adil Sabirli mayın 6-dan 7-nə keçən gecə vəfat edib. Mən qərargah rəisi olaraq, korpus komandirinə məlumat vermişəm. M.Bərxudarov mənə bildirdi ki, özüm nazirə məlumat verəcəm. O, mayın 7-də səhər nazirlikdə qəbulda olub. Çıxandan sonra mənə zəng edib dedi ki, “özüm naizrə məruzə etdim, sən heç kimə heç nə demə. Özümə məzuniyyət üçün icazə də aldım”. M.Bərxudarov mayın 8-dən də məzuniyyət götürüb gedib. Nə korpus komandiri, nə nazirlikdən heç kim bu hadisə barədə məndən heç nə soruşmadı. Mənim günahım vardısa, niyə cəzalandırmadılar?”

Təqsirləndirilən general B.Orucov müdafiə naziri Zakir Həsənovu da  ittiham edib. O bildirib ki, Müdafiə Nazirliyi sistemində dəhşətli cinayətlər baş verir, amma Zakir Həsənovun bunlardan xəbəri yoxdur,  heç birinə görə məsuliyyət də daşımır:

“Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalarda korrupsiya üzə çıxır, deyir ki, xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var? Başqalarından fərqli olaraq, biz elə-belə general olmamışıq. Mən əsgərlərimlə səngərlərdə yatmışam”.

Bəkir Orucov xatırladıb ki, 2017-ci ildə dövlətə xəyanət məsələsilə əlaqədar 4 böyük dövlət orqanının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Müdafiə Nazirliyinin birgə bəyanatı olub. Həmin hadisələr zamanı çoxsaylı hərbçilər dövlətə xəyanət ittihamıyla həbs olunsalar da, 2022-ci ildə 19 nəfərə bəraət verilərək, azadlığa buraxıldı:

“Heç kim üzr istəmədi ki, səhv eləmişik. İndi bizi "zəif bənd" kimi atıblar ortaya. Təhqiqatçıları tutublar. Təhqiqatçı kim idi ki, korpus komandirinin göstərişi, icazəsi olmadan o korpusa girsin? Heç nazirliyin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev icazə olmadan gəlib orada kimisə həbs edə bilməzdi. Korpus komandiri Bərxudarov belə zəif idi ki, mən ona tabe ola-ola onu idarə eləmişəm? Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən niyə cəzalandırılmalıyam?”

Generalın sözlərinə görə, ona qarşı ittihamda “yuxarı komandanlıq tərəfindən mütəşəkkil dəstəyə cəlb olunduğu” yazılıb. Lakin yuxarı komandanlığın kimlərdən ibarət olduğu açıqlanmır:

“Açıqlayın, mən də ailəm də bilsin ki, məni mütəşəkkil dəstəyə kim cəlb edib. Mən hələ o zaman deyirdim ki, xainlik məsələsinin araşdırılmasıyla DTX, Hərbi Əks-Kəşfiyyat məşğul olmalıdır. Mənim həbsimdən sonra camaatın gözündən pərdə asmaq üçün məlumat yayıblar ki, “Tərtər hadisələrinə görə general həbs olundu”. Mən Tərtər hadisələrinə görə həbs olunmuşam? Bu qədər oyunbazlıq olmaz.
Bu işə cənab prezident son qoymalıdır. Yuxarı rəhbərlik cəzasını almalıdır, bu hadisələrlə bağlı milli barışıq olmalıdır”.

Qurbanlıq seçildiyini vurğulayan general məhkəmədən ədalətli nəticə gözləmədiyini də vurğulayıb:

"Bilirəm ki, danışmaqla heç nəyi dəyişə bilməyəcəm. Bəllidir ki, mən niyə buradayam. Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları işgəncə vermək üçün kim yığmışdı? Kim buna göstəriş vermişdi. Mais Bərxudarovun göstərişiylə adamları yığan Elşad Əbilov olub. Hardadır indi o? Ulu öndər deyirdi ki, dövlət iki şeydən sarsılar: cinayətkar cəzasız qalanda və günahsız cəza alanda. Bunu nəzərə almağınızı istəyirəm...”

Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı İntiqam Məmmədov da məhkəmədə son sözündə bəraət istəyib. O bildirib ki, korpus komandiri Mais Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu. Onu da bu üzdən Beyləqan hadisələri ərəfəsində ora ezam etmişdilər:

“Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yazıblar ki, guya mən kimlərisə vəzifədən əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi Nəcməddin Sadıxov, korpus komandiri Mais Bərxudarov. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olmaz axı...”

İntiqam Məmmədovun sözlərinə görə, Beyləqanda olduğu müddətdə orada 6 nəfər təhqiqatçı olub. Onlardan 5 nəfəri onun əleyhinə ifadə verdiklərinə görə məsuliyyətdən kənarda saxlanılıb. Bir nəfər – Rahib Məmmədov isə əleyhinə ifadə vermədiyinə görə həbs edilib:

“Rahib Məmmədov orada cəmi 15 dəqiqə olub. Ona görə adamı həbs eləyiblər, nə var ki, mənim üzümə dayanmadı. Amma əsas canfəşanlıq eləyənlər, Xanlar Vəliyevin göstərişlərini yerinə yetirənlərin vəzifəsi yüksəldilib”.

İntiqam Məmmədov deyir ki, o vaxt Baş Qərargah rəisi Nəcməddin Sadıxovla münasibətləri gərgin olub. Onun sözlərinə görə, belə gərginlik üzündən əsassız cəzalandırıldığı hallar da olub:

“Nəcməddin Sadıxovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu”.

Beyləqan korpusunda təhqiqatçı olmuş Rahib Məmmədov da son sözündə bəraət istəyib. O bildirib ki, Beyləqan hadisələri vaxtı hərbçilərdən izahat alınmasında cəmi 15 dəqiqə iştirak edib.

“Mən Yazıçılar Birliyinin üzvüyəm. 1 dərslik, 3 roman, 9 şeir kitabının müəllifiyiəm. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm”, - Rahib Məmmədov bildirib.

Korpusda təlimatçı olmuş Ülvi Rəşidov da son sözündə bəraət istəyib. O bildirib ki, Adil Sabirlinin ölümünə aidiyyəti yoxdur.
Snayper bölüyünün komandiri Ziya Kazımovun məhkəmədə vəziyyəti pisləşib, təcili yardım gəlib. Bu səbəbdən o, son sözünü deyə bilməyib.

Prosesi dekabrın 28-dək  təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı  təqsirləndirilənlərdən general Bəkir Orucov və Ziya Kazımovun hər birinə 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova isə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Sumqayıt-Bakı

 





OXŞAR XƏBƏRLƏR