Hacı Vəliyevin şikayətinə baxılıb
Xətai Rayon Məhkəməsində Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevin məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə Hacı Vəliyevin həbs müddəti daha 20 gün uzadılıb. H.Vəliyevin müdafiəçisi Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə onlar məhkəmənin qərarından apellyasiya şikayəti veriblər.
“Hacının sağlamlıq problemləri var. Bakı İstintaq Təcridxanasında müalicəsi mümkün deyil. Orada elə bir həkim yoxdur, müalicəsi də qeyri-mümkündür. Ona görə etiraz elədim, dedim ki, artıq müvəkkilimi azad etmək lazımdır. Başqa alternativ imkan tədbirləri də seçilə bilər. Həbs zərurəti yoxdur. Məhkəmə razılaşmadı, dövlət ittihamçısının dediyinə uyğun qərar qəbul elədi. Bu gün mən apellyasiya şikayəti verdim. Yəqin ki, bu yaxınlarda təyin olunar”.
Qeyd edək ki, Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
O, özünə qarşı irəli sürülən ittihamları qəbul etmir.
Xatırladaq ki, H.Vəlitev Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən martın 31-də gecə saatlarında saxlanılıb.
Azadmediatv.com



