Müdafiə Xətti” Təşkilatının icraçı direktoru Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib
İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.
Prosesdə R.Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən sağlıq durumuyla bağlı aparılan müayinə sənədinin təqdim edilməsini xahiş edib.
Vəsatət təmin edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək mübahisə edib. Bu zaman mübahisə əsnasında Rüfət Səfərov onu yaralayıb.
Rüfət Səfərov isə ittihamı qəbul etməyib. O, bildirib ki, Novxanıdakı torpağın bir qismi xeyli əvvəl zərərçəkənə satılıb. Zərərçəkən da sonra yerdə qalan 6 sotu da istəyib, lakin Səfərovun ailəsi qalan torpağı satmaqda imtina edib. O, çıxışında bildirib ki, Natiq İmanquliyevi ilk dəfə dekabrın 3-də, saxlanıldığı gün görüb.
Proses sentyabrın 8-dək təxirə salınıb.
Qeyd edək ki, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.
Xatırladaq ki, o, AR Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Gülnaz Qənbərli
Azadnediatv.com