Üç adama bıçaqla hücum edib, xəsarət yetirən mərhum Səbuhi Əhmədli narkotilk istifadəçisiymiş

Üç adama bıçaqla hücum edib, xəsarət yetirən mərhum Səbuhi Əhmədli narkotilk istifadəçisiymiş

Sentyabrın 1-də də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini  qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.

 

Prosesdə hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilənlərə son söz verib. 

Təqsirləndirilənlərdən Əli Eybətovun vəkili Azər Quliyev çıxışında məhkəmə kollegiyasına müraciət edib: 

 

“Hörmətli məhkəmə kollegiyası!

Müdafiə etdiyim Eybətov Əli Həmid oğlunun və digər təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən açıq-aşkar düzgün tövsif edilməmişdir. Törədilmiş əməlin cinayət məcəlləsinə uyğun düzgün tövsif edilməsi və törədilmiş əmələ görə uyğun cəza təyin edilməsi ədalətli məhkəmə araşdırması hüququmun təmin edilməsini ehtiva edir. Ümid edirik ki, istintaq orqanı tərəfindən əməlin cinayət məcəlləsinə uyğun düzgün qiymətləndirilməməsi məhkəmə tərəfindən aradan qaldırılacaqdır. İşin hallarına əsaslanmayan dövlət ittihamçının cəza təklifi ilə məhkəmə kollegiyası razılaşmamalıdır. Məhkəmənin qərar qəbul edərkən ədalət və humanizm prinsiplərinin zəruriliyini nəzərə almalı, təyin edəcəyi cəzanın işin hallarına, təqsirli şəxsin şəxsiyyətinə uyğun olmasına ciddi əməl etməlidir. Məhkəmə ittiham orqanının, zərərçəkmiş şəxslərin və digər subyektlərin mənafeyini deyil, qanunun mənafeyini ifadə etməlidir. AR CPM-nin 28.2 maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. İndiki halda qanunun mənafeyi, o cümlədən Əli Eybətov və digər təqsirləndirilən şəxslərin barəsində ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi, barələrində ədalətli qərar qəbul edilməsini də ehtiva edir.  İşin halları ilə bağlı aşağıdakıları qeyd edirəm:  

1. Təqsirləndirilən şəxslərin hadisə günü bir-birləri ilə, həm də mərhum zərərçəkmiş şəxslə təsadüfən rastlaşmaları ilə bağlı xüsusat istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin telefonlarına baxış keçirilməsi, telefon yaddaşının yoxlanması, anten məlumatları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri yoxlanılmaqla qəti olaraq təsdiq olunmuşdur. İş materiallarında olan telefon danışıqlarının yazıldığı disklərin yoxlanılmasına dair məlumatdan görünür ki, hadisə baş verənə qədər və əvvəlki günlərdə Əli Eybətov, Fərrux Qasımov, Emin Ələsgərovla zərərçəkmiş şəxs Səbuhi Əhmədli arasında və öz aralarında hər-hansı telefon danışığı olmamışdır. İş üzrə bu hal mübahisəsiz olaraq qəbul edilmişdir. 

2. İstintaq orqanı Əli Eybətovun 09.03.2024-cü il tarixdə Səbuhi Əhmədlini öldürmək məqsədi ilə deyil, qorxutmaq məqsədilə bıçaqla vurması, bir qurup şəxs halında adam öldürməməsi barədə göstərdiyi xüsusatları öz müdafiəsi üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirmiş və hesab etmişdir ki, bu dəlillər istintaq zamanı toplanmış sübutlarla təkzib edilir.    

İstintaq orqanı bu dəlilləri əsasən hadisənin video görüntüsü ilə təkzib etməyə çalışsa da, hadisələrin baş vermə ardıcıllığı, təqsirləndirilən şəxslərin hadisəyə psixi münasibətlərini təhrif etmişdir. Video görüntüdən əlbətdə kimin hansı hərəkətlər etməsi aydın görünür. Lakin Əli Eybətovun, məhz,  Səbuhi Əhmədlini qəsdən həyatdan məhrum etmək məqsədilə arxasınca qaçması yalnız video görüntü ilə sübuta yetirilə bilməz. Bu zaman Əli Eybətovun mərhumu qorxuzmaq məqsədilə ona xəsarət yetirmək istəməsi istisna edilmir. Əli Eybətov mərhuma yalnız 2 xəsarət yetirmişdir. Ekspert rəyinə görə Səbuhi Əhmədlinin hadisə zamanı xəsarət alarkən və ondan sonra da müəyyən müddət aktiv müdafiə olunmaq imkanını nəzərə alsaq, Əli Eybətov öldürmək niyyətini həyata keçirmək üçün davamlı bıçaq zərbələri vurmaq üçün imkanı olmuşdur. Ona maneə olmadığl halda o, Cəbuhi Əhmədlinin fəal müdafiə olunmasına baxmayaraq yetirdiyi xəsarətlə kifayətlənmişdir. Hadisə zamanı Əlinin gödəkçəsinin ön səthində bıçaqla yetirilmiş 2 ədəd kəsilmiş xəsarətlərin olması, həm Əliyə, həm də Fərruxa müxtəlif xəsarətlər yetirməsi mərhumun aktiv müdafiə olunmasını təsdiq edir. Bu xüsusat təqsirləndirilən şəxslərin əməlinin qiymətləndirilməsi üçün nəzərə alınmalı haldır.  

3. Mübahisəsizdir ki, iş üzrə ən obyektiv sübut növü hadisənin video görüntüsüdür. Hadisəni əks etdirın video görüntülərdən görünür ki, Əli Eybətov  Səbuhi Əhmədliyə çatıb onu bıçaqla  vurduqdan sonra, Fərrux da ora çatır və əlindəki taxta yeşiklə bir-neçə dəfə zərbə vurur. Fərrux çatana kimi Əli ölümə səbəb olmuş xəsarətləri artıq yetirmiş olmuşdur. Fərrux çatandan sonra Əli Səbuhiyə bıçaq zərbəsi vurmamışdır. Hətta Fərrux yeşiklə vurduqdan sonra Səbuhi əlindəki bıçaqla aktiv müdafiə olunmuşdur. Həm Əliyə, həm də Fərruxa əlindəki bıçaqla xəsarətlər yetirmişdir. Lakin “Sübutların qiymətləndirilməsi haqqında” qərarda müstəntiq təqsirləndirilən şəxs Fərrux Qasımovun gətirdiyi dəlilləri inkar edib, onun əməlini əlbirçiliklə qəsdən adam öldürmə kimi qiymətləndirərkən işin faktiki hallarına deyil, ehtimallara əsaslanmışdır. Məsələn video görüntüdən Fərruxun da Səbuhi və Əlinin ardınca qaçması müşahidə edilir. Lakin Fərruxa münasibətdə “Səbuhi Əhmədlini aqressiv şəkildə təqib etmiş”, “özü də qisas almaq məqsədilə Səbuhi Əhmədlini qəsdən öldürmək qərarına gəlmiş”, “ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum etmə prosesində bilavasitə iştirak edib, müqavimətini qırmışdır” (axı ölümə səbəb olan xəsarətlər Fərrux yeşiklə vurana qədər artıq yetirilmiş olmuşdur. Fərrux yeşiklə vurandan sonra, Səbuhiyə heç kim ölümə səbəb ola biləcək xəsarət yetirməmişdir) kimi ifadələrdən istifadə edib cinayət qanununa zidd olaraq, Fərruxun əməlini formal olaraq əlbirçiliklə adam öldürmə cinayətinə uyğunlaşdırmışdır. Hansıki, hadisəyə təsadüfən aid olan Fərruxun Səbuhiyə nə yetirdiyi zərbələr həyat üçün təhlükəli olmuş, nə də Səbuhi Əhmədlini qəsdən həyatdan məhrum etməyə yönəlik hərəkətlər - məsələn mərhumu tutub saxlamaq, müqavimətini qırmaq, qaçmamaq üçün maneə yaratmaq, xəsarət yetirənə alət və ya vasitə vermək və s. etməmişdir. Hadisədən sonra Əli bıçaqla Səbuhini vurduğunu Fərruxa demiş, o da Əlini qınamışdır ki, nahaq bıçaqla vurmusan. Onu bıçaqla vurduğunu bilsəydim mən qoymazdım və  yeşiklə də vurmazdım. İş üzrə bu xüsasat ümumi sözlərdən başqa, heç bir konkret dəlillə inkar edilmir. Fərrux Qasımovun əməlinə qiymət verərkən nəzərə almaq lazımdır ki, Fərrux Səbuhiyə hələ gəlib çatana kimi artıq ölümə səbəb olan xəsarətlərin yetirilmişdir. Dalaşan tərəfin əlində soyuq silah olan ov bıçağı olması işin mübahisəsiz halıdır. Bu halda ünvanına ümumi söyüş söyərək qaçan Səbuhinin ardınca qaçan Fərrux Qasımovun hər ehtimalla müdafiə olunmaq məqsədilə əlinə taxta yeşik götürməsi ağlabatandır. Bu xüsusatlar həm ekspert rəyi ilə, həm ifadələrlə, həm də hadisənin video görüntüləri ilə təsdiq edilir. Bunun əksi iddia edilmir.   

4. “Qəsdən alam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.12.2002-ci il tarixli, 3 saylı Qərarında məhkəmələrə izah edilir ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. İndiki halda Fərrux Qasımovun belə bir niyyəti olması təsdiq edilmir, həmçinin onun tərəfindən qanunda nəzərdə tutulmuş və əməlin əlbirçiliklə qəsdən adam öldürmə kimi qiymətləndirilməsinə əsas verən hərəkətlər edilməmişdir. 

5. İş üzrə zərərçəkmiş şəxs mərhum Səbuhi Əhmədli barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 55 saylı, 09.03.2024-cü il tarixli Rəyi artıq istintaq orqanına təqdim edilmişdir. Hansıki, həmin rəydə mərhumun aldıı xəsarətlər, yerləşmə vəziyyəti, aldığı hansı xəsarətin ölümə səbəb olması, xəsarətin hansı alətlə, necə yetirilməsi və sair iş üçün əhəmiyyətli hallar göstərilmişdir. Onu da nəzərə almaq lazımdır ki, ekspert də hadisənin video görüntüsü əsasında mərhumun aldığı xəsarətlərin kimin tərəfindən yetirilməsi qənaətinə gəlmişdir. Həmçinin təqsirləndirilən şəxslər barəsində məhkəmə-tibb ekspertizasının rəyləri də müvfaiq olaraq 10.03.2024; 11.03.2024 və 12.03.2024-cü il tarixlərdə istintaqa təqdim edilmişdir. Sonrakı dövrlərdə müstəntiq tərəfindən Sabunçu RPİ-nə, Penitensiar Xidmətin 1 saylı və 3 saylı İstintaq Təcridxanalarına verdiyi əməliyyat tapşırıqlarına verilmiş yazılı cavablar, telefon və anten məlumatlarının yoxlanması, ekspertizaların  rəyləri iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas yaratmamışdır. Lakin hadisənin video görüntüsü və qeyd etdiyim sübutlar orqanında olsa da, diqqət yetirsək 09.03.2024-cü ildə istintaq orqanı tərəfindən Əli Eybətova CM-nin 120.1 maddəsi ilə, 10.03.2024-cü il tarixdə təqsirləndirilən şəxs Emin Ələsgərova CM-nin 120.2.1 maddəsi ilə, 11.03.2024-cü ildə Əli Eybətova da CM-nin 120.2.1 maddəsi ilə, 11.03.2024-cü ildə Fərrux Qasımov Əli Eybətovun əməkdaşlığı ilə şəxsiyyəti müəyyən edilir və ona da CM-nin 120.2.1 maddəsi ilə ittiham verilir. 

12.03.2024-cü ildə müstəntiq tərəfindən qəbul edilmiş “cinayət əməlinin tövsif edilməsi haqqında” Qərarla Əli Eybətovun, Fərrux Qasımovun və Emin Ələsgərovun əməli CM-nin 120.2.1 maddəsindən ayrı-ayrılıqda müvafiq olaraq CM-nin 120.1, 221.3 və 221.2.1 maddələri ilə tövsif edilir.

Həmin Qərarın əsaslandırma hissəsində qeyd edilir: “...lakin alınmış ifadələr, hadisənin qeydə alındığı video görüntülərlə Əli Eybətov, Fərrux Qasımov və Emin Ələsgərovun qabaqcadan əlbirçiliyi təsdiq edilməmiş, hər birinin iştirakı ayrı-ayrılıqda olub, törətdikləri əməlin fərqli olduğu müəyyən edilmişdir. Beləki, Əli Eybətov şəxsi münasibətləri pozulması zəminində Səbuhi Əhmədliyə xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyən edildiyi üçün onun əməliində CM-nin 120.1 maddəsinin , Fərrux Qasımovun silah qismində istifadə etdiyi içərisində kardon olan taxta yeşiklə Səbuhi Əhmədliyə zərbələr endirib, ictimai yerdə qərəzli hərəkətlər edərək bir qurup şəxs halında xuliqanlıq etdiyi üçün onun əməlində CM-nin 221.3 maddəsinin və Emin Ələsgərovun Səbuhi Əhmədliyə yumruq zərbəsi atmaqla, ictimai yerdə bir qurup şəxs halında xuliqanlıq etdiyi üçün onun əməlində CM-nin 221.2.1 maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. ” 

13.03.2024-cü ildə Əli Eybətovun CM-nin 120.1 maddəsi ilə, Fərrux Qasımov CM-nin 221.3 maddəsi ilə və Emin Ələsgərov CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Hazırkı iş üzrə ibtidai istintaqı aparmış müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10.06.2024-cü il tarixli Qərarın nəticə hissəsinin 7-ci bəndində qərara alınır; “qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Eybətov Əli Həmid oğlunun əməlində AR CM-nin 120.2.1; 120.2.2; 120.2.4; 120.2.9 və 228.4 maddələrinin tərkibi olmadığından AR CPM-nin 39.1.2 maddəsinə əsasən barəsində həmin maddələrlə cinayət təqibi rədd edilsin.” Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. Bu qərarın qüvvədə olmasına baxmayaraq, əməlin tövsüfinə təsir edəcək sübut əldə etmədən, təsir altında və bir gün sonra 11.06.2024-cü il tarixdə təqsirləndirilən şəxslər Əli Eybətova və Fərrux Qasımova AR CM-nin 120.2.1 və 221.3 maddələri ilə yeni ittiham elan edilir.   Emin Ələsgərova verilmiş CM-nin 221.2.1 maddəsi ilə verilmiş ittiham dəyişdirilmir. Hesab edirəm ki, Əli Eybətova ağırlaşdırılmış ittiham vermək məqsədilə Fərrux Qasımovu da sözdə onunla əlbirçiliklə adam öldürməyə görə ittiham vermişdir. Lakin hadisənin mahiyyətindən ümumiyyətlə xəbərsiz olan, içki içməyən, zərərçəkəni tanımayan, həmin gün orada təsadüfən olan, zərərçəkmiş şəxsə yetirdiyi xəsarət dərəcəsi müəyyən edilməyən xəsarət olmasına və Əli Eybətovun yetirdiyi və görmədiyi bıçaq xəsarətlərindən sonra vurmasına baxmayaraq, Fərruz Qasımova da əlbirçiliklə qəsdən adam oldürmə cinayətinə görə ittiham verilməsi istintaq orqanının səhvi yox, zərərçəkmiş tərəfin təsiri altında olması, onları razı salmaq ilə izah edilə bilər. 

Sübutların qiymətləndirilməsi Qərarı prokuror tərəfindən dəyişdirilmədiyi, ləğv edilmədiyi və sübutların yenidən qiymətləndirilməsi haqqında qərar qəbul edilmədən, yəni qüvvədə olduğu halda əlavə ittiham vermək qanunsuzdur və əsas qərarın preyedusiallığı xassəsinə ziddir.    

6. Mərhum Səbuhi Əhmədli barəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 09.03.2024-cü il tarixli rəyindən görünür ki, mərhumun aldığı xəsarətlər; döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nifuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan  1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 ədəd kəsilmiş-deşilmiş yaraları (cəmi 2 ədəd).Burun sümüyünün xətti sınığı, Sağ əlin I və II ci barmaqların kəsilmiş səthi yaraları. Alın və təpə nahiyyələrinin qançırı. Hər iki diz oynağı və baldır nahiyyələrinin syrıqlarından ibarətdir. Lakin cild 1, vərəq 10-11 də meyidin müayinəsində sağ diz oynağında və sol baldırında sıyrıqlar olduğu göstərilir ki, bu da ekspert rəyi ilə ziddiyyət təşkil edir.

Rəyə görə daxilə nifuz edən 2 ədəd kəsilmiş-deşilmiş xəsarətlər və sağ əlin I və II barmaqların kəsilmiş səthi yaralarıbıçaqla yetirilə bilər. Burun sümüyünün sınığı, alın və təpə nahiyyəsinin qançırı, diz oynaqlarının və baldır nahiyyələrinin sıyrıqları isə bərk küt əşyanın təsirindən törənmişdir. 

Döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən  1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yaraları ayrı-ayrılıqda sağlamlığa yetirilmiş Ağır xəsarətlər olmaqla  mərhumun ölümünə birbaşa səbəb olmuşdur. 

Burun sümüyünün xətti sınığı dərəcəsinə görə sağlamlığa Yüngül xəsarət yetirməyə,  aid olmaqla, sağ əlin I və II barmaqların kəsilmiş səthi yaraları, alın və təpə nahiyyələrinin qançırı, hər iki diz oynağı və baldır nahiyyələrinin sıyrıqları dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur.  

Rəyə görə 2 ədəd kəsilmiş-deşilmiş xəsarətlər kəsici-deşici alətlə, burun sümüyünün sınığı yumruqla, alın və təpə nahiyyəsinin, hər iki diz oynağı və baldırların sıqrıqları isə taxta yeşiklə vurulması nəticəsində yarana bilərdi.

Rəyə görə mərhum Səbuhi Əhmədli xəsarətlər aldığı anda və xəsarətlər aldıqdan sonra müəyyən müddət müqavimət göstərmək iqtidarında olmuşdur.

7. İş üzrə Əli Eybətov barəsində verilmiş 11.03.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, onda sol mil bilək oynağı nahiyyəsinin kəsilmiş səthi yarası və sol bud nahiyyəsinin kəsilmiş-deçilmiş yarası aşkar edilmişdir. Xəsarətlər bıçaqla yetirilə bilər. Dərərcəsinə görə Yüngül zərərvurmaya aiddir. 

8. İş üzrə Fərrux Qasımov barəsində verilmiş 12.03.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, onda qarın nahiyyəsinin kəsilmiş səthi yarası aşkar edilmişdir. Xəsarətlər bıçaqla yetirilə bilər. Sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərərcəsi təyin edilmir.

9. Kompleks məhkəmə bioloji və tibbi kriminalistik ekspertizasının 25.04.2024-cü il tarixli rəyindən görünür ki, Əli Eybətova məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində 2 ədəd dəlib keçməyən kəsilmiş zədə var. Bu zədədlər kəsici kənara malik iti alətin təsirindən törənməyə uyğundur, o cümlədən təqdim edilmiş bıçağın kəsici kənarının təsirindən də törənə bilər.

Həmin rəyə görə mərhum Səbuhi Əhmədliyə məxsus olan təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmı, ümumi təyinatlı qatlanmayan, ov bıçağıdır və deşici-kəsici xassəyə malik Soyuq silah hesab edilir.   

10. Cild 1 iş vərəqi 111-də Əli Eybətov 11.03.20240-cü il tarixdə, saat 15:30 da könüllü olaraq istintaqa təslim olur. Bu barədə müvafiq protokol tərtib edilir və könüllü təslim olma rəsmiləşdirilir. Bundan başqa istintaq orqanına Bəhruz kimi məlum olan şəxsin (hətta iş vərəq 70-də Əli və Eminlə yanaşa Bəhruz adlı şəxsin əməllərinin CM-nin 120.2.1 maddəsi ilə tövsif edilməsinə dair qərar da qəbul ediulmişdir) əslində Fərrux Qasımov olması barədə məlumaıl Əli Eybətov istintaqa bildirmiş və bununla istintaq orqanı ilə əməkdaşlıq da etmişdir.

11. “AR-nın bəzi qanunvericilik aktlarına əlavələr və düzəlişlər edilməsi haqqında” 11.06.2004-cü il tarixli, 688-IIQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin AR Konstitusiyasının 130-cu maddədinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” AR KM Plenumunun 25.01.2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edilməsi də aydın görülməlidir.” 

12. AR Konstitusiya Məhkəməsi Plenumunun  “AR CM-nin  244.1 maddəsinin şərh edilməsinə dair” 17.03.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətlə alınmasına, yaxud da cinayət törtməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənara qalmasına, düzgün olmayan cəzanın tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Qeyd edilən Qərarda cinayət tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını ilə bağlı verilmiş göstərişlərə istintaq orqanı tərəfindən əhəmiyyət verilməmiş, qanunun imperativ tələbləri pozulmuşdur. Hesab edirəm ki, yol verilmiş qanun pozuntuları işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən aradan qaldırılacaqdır təqsirləndirilən şəxsin əməli cinayət qanunu ilə düzgün tövsif ediləcəkdir. Onu da qeyd edirəm ki, Əli Eybətov və digət təqsirləndirilən şəxslərin qanuna zidd əməlləri qətiyyən cəmiyyətə qarşı olmamış, münaqişə tərəfinə qarşı olmuşdur ki, bu halda onların əməli xuliqanlıq cinayəti cinayəti kimi qiymətləndirilməməlidir. 

13. AR Ali Məhkəməsi Plenumunun 23.03.2004-cü il trixli 1 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə tərədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzəzrə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.      

14. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli Qərarının 30-cu bəndinə əsasən CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda cinayət əməli təsvir edilərkən, həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlarda əksini tapmalıdır. Məsələn; xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi çıxış edən  “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qayda pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin tövsifində yer almalıdır. İndiki halda mübahisə tərəfinə qarşı yönələn qanuna zidd hərəkətlər cəmiyyətə qarşı yönəlmədiyindən bu hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz.

15. AR Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə AR Ali Məhkəmənin CK-nın 2005-ci il 7 mart tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.02.2005-ci il tarixli Qərarında göstərir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

16. AR KM Plenumunun həmin Qərarına görə, eləcə də AR Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli, I saylı Qərarının 3-cü bəndində də qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəmnində, itiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kumi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl AR CM-nin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. 

17. İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təvsirlərdən və izahlardan irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətlərinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri (hətta qanunsuz olmasa belə) və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət  (o cümlədən, o cümlədən xuliqanlıq cinayəti) kimi qiymətləndirilməməlidir.

18. Həmin qərarın 21-ci bəndində izah edilir ki,  qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.

19. Məhkəmə istintaqı zamanı istintaq zamanı dindirilmiş 7 nəfər və 1 nəfər əlavə şahidin dindirilməsi barədə verdiyim vəsatət məhkəmə kollegiyası tərəfindən  təmin edilməmişdir. İşdən görünür ki, cinayət işi ürə ibtidai istintaq zamanı çoxsaylı şahidlərin ifadələri alınmışdır. Lakin çoxsaylı şahidlərdən yalnız 5 nəfəri məhkəmədə dindiriləcək şahidlərin siyahısına əlavə edilmişdir. İbtidai istintaq zamanı ifadələri iş üşün əhəmiyyət kəsb edən konkret şahidlərin məhkəmədə dindirilmələri təmin edilməmişdir. Həmin şahidlərin müstəntiq tərəfindən ifadələrinin alındığını nəzərə alsaq, istintaq zamanı əməlin tövsifinə, təqsirli şəxslərin vəziyyətini yüngülləşdirməsinə təsir edən halların ifadələrdə yer aldığını müəyyən edilir 

20. İş vərəq 34-37-də şahid Orxan Umbatovun istintaqda verfiyi ifadəsində göstərir ki, Səbuhi Əhmədlini ərazidə tez-tez görürmüş, marketdən tez-tez nisyə mal aldırmış, o, ümumiyyətlə olduqca davakar, tez əsəbiləşən şəxs olmuş, bir dəfə mağazada öz dostu ilə zarafat üstündə dalaşmış, özündən çıxmışdır. Belə hadisələr bir-neçə dəfə olmuşdur.

21. Şahid Maqsud Hüseyinli istintaq zamanı verdiyi 10.03.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, “Spar” marketdə kassir-satıcı işlədiyini, marketdə tək olduğunu, iki nəfər-Səbuhi və yanındakı şəxsdən başqa alıcılar olmadığını, Redbul içkisi alıb marketin qarşısında içdiklərini, Səbuh və yanındakı oğlanın deyib gülərək bir-birləri ilə danışdıqlarını, davranışlarından hər-hansı problemləri olmadığının hiss olunduğunu, Redbulu içəndən sonra yenidən mağazaya daxil olub vinston siqareti və vafli alıb çıxdıqlarını bildirmişdir. İfadəsinin sonrakı hissəsi isə hadisənin videogörüntüsünə uyğunlaşdırılaraq yazılmışdır. Ona görə də məhkəmədə verdiyi ifadəsində fərqli ifadə verərək, hadisələrin baş vermə mexanizmini dəqiqliklə görmədiyini, kiminsə əlində bıçaq görmədiyini demişdir.  

22. İş vəqər 54-58-də şahid İslam Behbudov 10.03.2014-cü ildə istintaqda ifadə verərək taksi fəaliyyəti ilə məşğul olduğunu, Səbuhinin yaxın dostu olduğunu, hadisə günü də onunla birlikdə olduğunu, maşında gedərkən Səbuhinin üzərində bıçaq gördüyünü, soruşduqda düşmənlərinin olduğunu deyib öz taksi işinlə məşğul olmağı deyib. 14.03.2024-cü il tarixli təkrar ifadəsində göstərmişdi ki, ortaq tanışlarından eşitmişdir ki, əvvəl nəşə çəkdiyi üçün polislər tərəfindən saxlanılmışdı. 

23. İş vərəqi 52-55 də şahid Seymur Şıxnəbiyev ifadəsində göstərir ki, Əli İlə Səbuhi arasında 2024-cü ilin fevral ayında bilmədiyi səbəbdən mübahisə olmuşdur və bunu Səbuhinin özündən eşitmişdir.

24. Şahid Hüseyn Məmmədov iş materiallarında olan 10.06.2024-cü il tarixli ifadəsində göstərir ki, 2024-cü ilin fevral ayının sonlarında Əli ilə telefonda danışmış, Əli ona kiminsə güllə atdığını demiş, narahat olub kimin və nə səbəbə görə etdiyini soruşduqda, Əli narahat olmamağı, hər şeyin qaydasında olduğunu, səhhətində problem olmadığını deyib.  

25. İstintaq zamanı ifadələr vermiş Abbasova Nuhanə Azim qızı 04.05.2024-cü il tarixli, Əhmədova Cəmilə Çingiz qızı 03.04.2024-cü il tarixli və Babayeva Ülviyyə Qurban qızı 07.04.2024-cü il tarixli və Qasımov Kamil Famil oğlu 16.04.2024-cü il tarixli ifadələrində Səbuhinin Əlinin ünvanına ağır söyüşlər etməsini və bıçaqla vurmasını eşitdiklərini və camaat arasında Səbuhinin Əliyə atəş açdığını eşitdiklərini göstərmişlər.

26. Şahid Həsənzadə Ceyhun Bəxtiyar oğlu istintaqda verdiyi 28.03.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, mərhum Səbuhi ilə bir sinifdə oxumuşdur. Eşitdiyinə görə Səbuhi spirtli işki, siqaret və narkotik istifadə edirdi. Eşitdiyinə görə Səbuhi xuliqanlıq cinayətinə görə həbs edilmiş, sonra Sabunçu Məhkəməsinin hökmü ilə cəzadan şərti azad edilmişdir. Ümumiyyətlə məktəbin son illərindən Səbuhi davaya meyilli olmuşdur. Səbuhi ilə Əli əvvəllər dost olsalar da sonradan münasibətləri pisləşmişdir. Eşitdiyinə görə Səbuhi Əlinin ünvanına ağır söyüşlər söymüş, bu səbəbdən də bir birlərini görməyə gözləri olmamışdır. Səbuhinin üzərində bıçaq gəzdirməsinin dəfələrlə şahidi olsa da onda pnevmatik tapança görməmişdir.Ümumiyyətlə mərhum Səbuhi özünü camaat arasında vurub-yıxan adam kimi göstərməyə çalışırdı.      

27. 09..03.2024-cü il tarixli məhkəmə-tib ekspertizasının rəyinə görə mərhum Səbuhi Əhmədlidən götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimya tədqiqatından mərhumda çətənə bitkisindən alınan narkotik vasitə hesab edilən kannabionid aşkar edilmişdir. 

28. Zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışının təhqiq olunması ilə bağlı qanunvericiliyin tələbi ilə bağlı məlum olan hallar odur ki, bu sənədin 19-28-ci bəndlərdə göstərilən şahid ifadələrində mərhumun həyat tərzi, cəmiyyətdə özünü aparması, üzərində hər vaxt soyuq silah olan ov bıçağı daşıması, narkotik istifadəçisi olması göstərilir. Əlavə olaraq mərhum Səbuhi Əhmədli əvvəllər CM-nin 221.3 maddəsi ilə məhkum edilib. 2024-cü ilin yanvarında Əli Eybətova bıcaqla xəsrət yetirib, fevralında isə pnevmatik silahla atəş açıb. Boynun arxa hissəsində xaç döyməsi olması da onun həyat ideyasına aydınlıq gətirir. Hazırkı işşdə də Əli Eybətova və Fərrux Qasımova müdafiə olunduğu bıçaqla xəsarətlər yetirməsi ekspert rəyi ilə təsdiq edilir. Həmçinin 13.06.2024-cü il tarixlə mərhum Səbuhi Əhmədli barəsində CM-nin 128 və 228.4 maddəsi ilə cinayət işi ayrıca icraata icraata ayrılaraq Sabunçu RPİ-nə göndərilmişdir.

29. İş üzrə təqsirləndirilən şəxs Əli Eybətov brəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19.03.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Əli Eybətovda narkomaniya xəstəliyi əlamətləri aşkar olunmur, bu xəstəlikdən əzab çəkmir və məcburi müalicəyə ehtiyac yoxdur. 

30. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gəldiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6 maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4 maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.      

31. AR CPM-nin 21.3, 138.2 maddələrinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillər təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hesab edirəm ki, ittiham tərəfi verilmiş ittihamı sübut etmək üçün iş üzrə əsaslı, mötəbər və qanuna müvafiq əldə olunmuş, ittihamı təsdiq edə bilən kifayət qədər sübut təqdim edə bilməmişdir və beləliklə AR CPM-nin 139-cu maddəsinin tələbləri dövlət ittihamçısı tərəfindən yerinə yetirilməmişdir.

32. Həmin Məcəllənin 28.5 maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin CPM-nin 145.3 maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təvsir edilir. Həmin Məcəllənin 21.2 maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 

33. AR CPM-nin 349.5 maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Qeyd edirəm ki, istintaq orqanı hadisənin obyektiv görüntülərinə (video görüntülərə) əsaslanaraq təqsirləndirilən şəxslərin əməllərini düzgün qiymət verməmişdir. İstintaq orqanı Əli Eybətovun əməlini ağır maddələrlə qiymətləndirərkən, baş vermiş hadisənin ağır nəticəsi ilə kifayətlənmiş, lakin əlbirçiliklə adam öldürmə və xuliqanlıq cinayəti ilə bağlı verilmiş ayr-ayrı müstəqil ittihamlar sübuta yetirilməmişdir.

34. Əli Eybətovun əməlində ictimai qaydanın kobud surətdə pozma, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmə, zərərçəkmiş şəxlərə qarşı zor tətbiq etmə, özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərmə və zor tətbiq etməklə xuliqanlıq etmə kimi hallar mövcud deyildir. Onun əməlinin əlbirçiliklə adam öldürmə və xuliqanlıq cinayəti kimi qiymətləndirilməsi açıq-aşkar qərəzlidir və onun törətmədiyi əmələ görə daha ağır ittiham verilməsi ilə nəticələnmişdir. Əli Eybətov və digər təqsirləndirilən şəxslər törətdikləri əmələ görə məsuliyyət daşımalı və bu zaman onların məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır.  

35. Məhkəmə kollegiyasının diqqətinə onu da çatdırıram ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətimi ağırlaşdıran hər-hansı bir hal mövcud deyildir. Əksinə baş vermiş hadisənin zərər çəkmiş şəxslərin qanuna zidd əməlləri nəticəsində baş verməsi, həm əməlin tövsifini şərtləndirən, həm də məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Əli Eybətov ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir. Onun hadisəyə qədədrki, hadisə zamanı və ondan sonrakı dövrdə-istintaqda və məhkəmədəki davranışı nəzərə alınmalıdır. Hadisəyə qədər o, ictimai faydalı işlə məşğul olmuş, qanun və qaydaları heç vaxt pozmamışdır.  Əli Eybətov könüllü gəlib təqsirini boynuna alıb. Fərrux və Eminin himayəsində azyaşlı uşaqları var. Bu ittiham atkında göstərilir. Lakin ittihamçı prokuror çıxışında məsuliyyəti yüngülləşdirən və ağırlaşşdıran halların olmadığını bildirmişdir.

36. AR CM-nin 58.3 maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

37. Məhkəmələr tərəfindən “cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli Qərarında məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunununədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzacinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

38. AR CPM-nin 318.1 maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağı cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququqna malikdir.

39. Cəza təyin edilərkən onun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, zərər çəkmiş şəxin və təqsirləndirilən şəxsin həyat tərzi, baş vermiş hadisənin səbəbləri nəzərə alınmamışdır. İş materiallarında olan AR SN “Pespublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin istintaq orqanına verdiyi aprel 2024 tarixli, 4618 saylı məktubunda göstərilir ki, arxiv məlumatlarına görə Əli Həmid oğlu Eybətov 09.06.2020-11.06.2020-ci il tarixdə Psixiatriya xəstəxanasında gündüz stasionar şöbəsində müayinə edilib. Təkrar 03.12.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayonidarəsinin 27.11.2020-ci il tarixli 103 N:li göndəriş məktubu əsasında həmin xəstəxanada gündüz stasionar şəbədə müayinə olynmuşdur. 08.12.2020-ci il taridə Həkim Psixiatr Komissiyasına təqdim edilmişdir. Komissiya verilmiş mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə diaqnozu ilə razılaşmışdır. Həmin psixi xəstəlik səbəbindən Əli Eybətov hərbi xidmətə yararsız hesab edilmişdir.     

40. Hesab edirəm ki, qəsdən həyatdan məhrum etmə ilə bağlı niyyəti olmadığından və hazırkı qanunazidd hərəkətlər münaqişə tərəfinə qarşı yönəldiyindən, həmçinin aralarında ədavət, şəxsi münasibətlər, qisas hissi olduğundan, Əli Eybətovun əməli AR CM-nin 120.2.1 və 221.3 maddəsindən CM-nin 126.3 maddəsinə tövsif edilməlidir.

Fərrux Qasımovun hərəkətlərində Səbuhi Əhmədlinin ölümü ilə bağlı səbəbli əlaqə olmadığından, yetirdiyi xəsarətlər münaqişə tərəfinə yetirildiyindən, eləcə də ağırlığına görə dərəcəsi müəyyən edilmədiyindən və bu əməl inzibati məsuliyyət yaratdığından ona tam bəraət verilməlidir. 

Emin Ələsgərovun əməli də hazırkı işdə xuliqanlıq cinayətinin tərkibi olmadığından xəsarətin dərəcəsinə görə əməli CM-nin 221.2.1 maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından AR CM-nin 221.3 maddəsini Əli Eybətova verilmiş ümumi ittihamdan çıxarılmasını və AR CM-nin 120.2.1 maddəsini isə CM-nin 126.3 maddəsinə tövsif etməyi və Eybətov Əli Həmid oğlunun barəsində ədalətli qərar qəbul etməyi məhkəmə kollegiyasından xahiş edirəm.”

 Daha sonra digər təqsirləndirilənlər və müdafiəçiləri son sözıə çıxış ediblər.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilənlərə hökm oxuyub.

 

Hökmə əsasən Emin Ələsgərovun 2 il, Fərrux Qasımovun 16 il 6 ay, Əli Eybatova isə 18 il müddətimə azadlıqdan məhrum edilib. .

 

Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Emin Ələsgərov, Fərrux Qasımov və Əli Eybatov barəsində Cinayət Məcəlləsinin 221.2.1- ci, 120.2.1-ci,221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR