“Meclis.info işi” üzrə məhkəmədə ittiham aktı elan olunub

“Meclis.info işi” üzrə məhkəmədə ittiham aktı elan olunub

İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə "Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 

 iProsesdə dövlət ittihamçısı Cövdət Mehralıyev ittiham aktını elan edib.

İttiham aktında iddia olunur ki, Əliyev və digər təqsirləndirilənlər “Meclis.info” saytını idarə etmək üçün xarici donor təşkilatlardan qrantlar alıb və gömrükdə bəyan etmədən ölkəyə gətiriblər. 

Həmçinin, onların bu əməli “Abzas Media işi” üzrə həbs olunan jurnalistlərlə birgə törətdiyi iddia olunur. 

Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi Dairəsi tanınıb. 

Əliyev və digərləri özlərini təqsirli bilməyiblər.

Proses iyunun 17-də davam edəcək. 

Qeyd edək ki, qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.  Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

“Meclis.info” işində digər təqsirləndirilən şəxs ictimai fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.Xatırladaq ki, “Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Gülnaz Qənbərli

Azadmediatv.az

 





OXŞAR XƏBƏRLƏR