“Toplum TV işi”ndə təqsirləndirilən Ruslan İzzətli: “Bəli, mən cinayətkaram!
İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxışlar ediblər.
Əvvəlcə təqsirləndirilənlərdən "Toplum TV"-nin əməkdaşı Fərid İsmayılov vəsatət verərək yan hakim Elnur Nuriyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib.
Hakim vəsatəti təmin etməyib.
Prosesdə "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli çıxış edərək 2024-cü ilin martın 8-də həbs olunduğundan indiyədək Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib.
O bildirib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət etsə də, bu sənəd ona verilməyib.
Məmmədli məhkəmədən onun bu probleminin Vergilər Nazirliyinin diqqətinə çatdırılmasını istəyib. Ə. Məmmədlinin vəsatəti təmin olunub.
Media eksperti daha sonra əleyhinə olan ittihamlardan söz açıb:
“Bakı Dövlət Universitetinin hüquq fakültəsində təmənnasız dərs demişəm, maaşımı fakültəyə bağışlamışam. İndi mənə deyirlər ki, sən tamah məqsədilə cinayət törətmisən. Bizi mütəşəkkil dəstə adlandırırlar iddia edirlər ki, 2014-cü ildən fəaliyyət göstəririk. Bizimlə birlikdə həbs olunan İlkin Əmrahov həmin vaxt 12 yaşında olub. O, 12 yaşında necə mütəşəkkil dəstə üzvü olub? Burada şüşə arxasında oturan gənclərin heç birinin günahı yoxdur. Onların yeganə günahı odur ki, biz ziyalılara qulaq asıblar, haqqın arxasınca qaçıblar. Onlara baxıb özümü günahkar hiss edirəm ki, onlara yol göstərmişəm. Əgər Azərbaycan Konstitusiyası bunu cinayət hesab edirsə, mən cinayətkaram”.
İttiham olunduğu qanunsuz işəgötürmə maddəsinə toxunan Ə. Məmmədli deyib ki, 9 təqsirləndirilən və 49 şahidin ifadə verdiyi işdə bir nəfər belə onun kimisə işə dəvət etdiyi haqda söz işlətməyib.
O həm də 10 gün əvvəl müayinə olunduğunu, lakin hələ də müayinə olunduğu haqda sənədi ala bilmədiyini məhkəməyə bildirib.
Çıxış edən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli ittiham aktında haqqında yazılanlarla razılaşmadığını deyib.
“Bəli, mən cinayətkaram. İnsan haqlarını qorunmasına, qadınlara qarşı işgəncə faktlarına qarşı olduğuma, azad mətbuatın əzilməsinə qarşı olduğuma görə özümü cinayətkar hesab edirəm. Bizim yeganə günahımız 30 ildən çox avtoritar sistemin qurulmasına etiraz etməyimiz, qanunun şah olmasını tələb etməyimiz, parlament hökuməti, şəffaf və hesabatlı dövlət istəməyimiz, insan ləyaqətini hər şeydən üstün tutmağımız, idarə edilən yox, idarə edən cəmiyyət istəməyimizdir”.
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal isə çıxışında təkcə özlərinə qarşı deyil, həm də “Abzas Media” və “Meydan TV” işlərindəki ittihamları rədd etdiyini bildirib:
“Xaricdəki blogerlər Azərbaycan hakimiyyətini hədəfə alan yayımlar etməyə başlayanda və söyüş müxalifəti adını qazananda, Ələsgər Məmmədli özü buna qarşı çıxdı və dedi ki, bizim yolumuz bunun əksi olmalıdı, biz hər şeyi etik normalar çərçivəsində etməliyik. Amma hakimiyyət göstərir ki, o elə xaricdəki blogerlərin etdiyinə layiqdi”.
Toplum TV-nin video-redaktoru Müşfiq Cabbar istintaqın ortaya heç bir sübut çıxara bilmədiyini xatırladıb.
“Əvvəl deyirdilər istintaq aparılır, indi istintaq başa çatıb, amma hələ də ortada bir şey yoxdu. Hər dəfə istintaq müddətini uzadanda da əsaslandıra bilməyiblər ki, niyə uzadırlar”.
İDİ-nin əməkdaşı Ramil Babayev bu təşkilatdakı işinin qanunsuz olmadığını, heç bir ittihamla razılaşmadığını deyib. O bildirib ki, “əsl günahkarların kim olduğunu sön sözündə” açıqlayacaq.
İDİ-nin digər əməkdaşı İlkin Əmrahov isə ittiham aktında yazılanların ümumiyyətlə, ona aydın olmadığını bildirib.
Fərid İsmayılov da ittihamları rədd edib, yeganə təqsirinin polis nəzarəti qətimkan dövründə çəkməyə başladığı reportajlarını tamamlaya bilməməsi olduğunu deyib.
Prosesdə zərərçəkən qismində çıxış edən Vergilər Nazirliyi 79 min manatın təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsini istəyib. Vəkillər Rəsul Cəfərov və Fəxrəddin Mehdiyev, habelə təqsirləndirilən Ramil Babayev buna etiraz edib.
Babayev bildirib ki, təqsirləndirilənlərin Toplum TV və ya İDİ-də fərqli müddət aralıqlarında işləməsinə baxmayaraq onların hamısından eyni məbləğdə vəsaitin istənilməsi işin sifarişli olduğunu göstərir.
Növbəti məhkəmə iclası iyulun 7-i saat 10:00-a təyin olunub.
Qeyd edək ki, “Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Gülnaz Qənbərli
Azadmediatv.com